Ekspertin fikrincə, bu siyasət Vatikan kilsəsinin başçılığı ilə həyata keçirilir
Hazırda onların əsas məqsədi odur ki, Azərbaycan tərəfi münaqişədə günahkar duruma düşsün
Dağlıq Qarabağ münaqişəsi ətrafında gərgin vəziyyət davam etməkdədir. Danışıqlar prosesinin dalana dirənməsini və hərbi əməliyyatlar üçün əlverişli olan yaz mövsümünün başlamasını nəzərə alsaq, müharibə təhlükəsinin hər gün artdığını söyləmək olar.
Xarici analitiklər və "beyin mərkəzləri” də bununla bağlı xəbərdarlıq edirlər. Beynəlxalq Böhran Qrupunun proqram rəhbəri Maqdalena Qrono analitik məqaləsində yazıb ki, aprel savaşından sonra Dağlıq Qarabağda kəskin qarşıdurma təhlükəsi qalmaqdadır. Bundan sonrakı hərbi əməliyyatlar isə regiondakı humanitar situasiya üçün daha dəhşətli nəticələrə səbəb ola bilər”.
Ekspert Azərbaycanın silahlanmaya 3 milyard dollar xərclədiyini xatırladaraq yazıb ki, Bakı Rusiya, Türkiyə, İsrail və Pakistandan silah alır. Bu məbləğ Ermənistanın ümumi büdcəsinə bərabərdir. İrəvan isə Rusiyanın təqdim elədiyi qiymət və kreditlərdən istifadə etməklə rəqibə çatmağa çalışır”. Onun qənaətincə, hazırda Qarabağ nizamlanmasına ümid tamamilə yox olub: "Davamlı dialoq üçün platforma mövcud deyil. Tərəflər arasında etimadsızlıq yeni zorakılıq hallarına gətirməkdədir. Bu da öz növbəsində ciddi lokal və regional risklər vəd edir”.
Ekspert bildirib ki, işğalçı Ermənistan beynəlxalq havadarlarına arxayın olaraq, məsələdə konstruktiv mövqe tutmağa tələsmir. Hətta ara-sıra "savaş” ritorikası sərgiləyir: "Azərbaycan rəhbərliyi deyir ki, əksəriyyəti xristian olan böyük dövlətlər açıq nümayiş etdirməsələr də, gizlində Ermənistana qarşı xristian təəssübkeşliyi sərgiləyirlər. Minsk Qrupunun üç xristian həmsədr ölkəsi - Rusiya, ABŞ və Fransa Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistanı hələ də işğalçı adlandırmayıb. Əksinə, ona az qala "zərərçəkmiş” kimi yardım ediblər”.
Məqalədə qeyd olunan məsələlərlə bağlı "Şərq”ə danışan siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev deyib ki, Sarkisyan rejimi seçkilər ərəfəsində də, saxtakarlıqla qalib gəldiyi seçkidən sonra da danışığa getməyəcəyini bəyan edib:
"Hələ Sarkisyanın prezidentlik müddəti başa çatmayıb. Onun baş nazirliyi üçün isə 2018-ci ili gözləmək lazımdır. Həmin müddətə qədər İrəvan hökuməti çalışacaq ki, indiki status-kvonu qoruyub saxlasın. Ermənilər münaqişəni dini müstəviyə çəkməyə lap çoxdan başlayıblar. Beynəlxalq Böhran Qrupu da bir qədər qızışdırıcı mövqedə durur. Hazırda onların əsas məqsədi odur ki, Azərbaycan tərəfi münaqişədə günahkar duruma düşsün. Həmin qrupda təmsil olunanların hamısı xrsitiandır, orada müsəlman yoxdur ki, bizim tərəfimizi tutsun”. Ekspertin fikrincə, bu siyasət Vatikan kilsəsinin başçılığı ilə həyata keçirilir: "Xristian dünyası çox narahatdır, çünki 2025-ci ildə dünya əhalisinin 35 faizi müsəlman olacaq. Əslində kənarda qalan faiz xristianları göstərmir. Onlar arasında xeyli ateist və digər dinlərə məxsus insanlar var. Məsələn, Almaniyanın, Fransanın 32 faiz əhalisi ateistdir. Belə götürəndə müsəlmanlar xristianları 50 faiz üstələyir. Qərbin qorxusu dünya əhalisinn sürətlə müsəlman olmasıdır”.
Politoloq bildirib ki, Qarabağ məsələsi SSRİ-nin dağılmasında rol oynasa da, xristian-islam müharibəsində o qədər mühüm qarşıdurma sayılmır:
"1948-ci ildən bugünə kimi davam edən İsrail-Fələstin savaşı belə xristian-müsəlman müharibəsi statusu almayıb. Beynəlxalq təşkilatın proqnozundan görünür ki, gələcək Qərb dövlətlərini narahat edir. Amma inanmıram ki, indiki durumda Azərbaycan ciddi qarşıdurmaya getsin. Biz gözləməliyik ki, erməni tərəfi ilk olaraq təxribata əl atsın. Ondan sonra düşmən layiqli cavabını alacaq. Aparılan danışıqların isə heç bir mənası yoxdur. Əgər Rusiya işə qarışaraq işğal olunmuş 5 və ya 7 rayonun qaytarılmasına nail olmazsa, masa arxasına oturmağın mənası yoxdur”.
İsmayıl