“Bəzi banklar birləşdiriləcək”

“Bankların birləşdirilməsinə iki il əvvəl ehtiyac yaranmışdı”


Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycan banklarında konsolidasiya prosesinin baş verəcəyini bəyan edib.

Baş bankirin sözlərinə görə, zəif bankların birləşməsi əhalidə rahatlıq yaradacaq. E.Rüstəmov həmçinin zəif bankların birləşməsinin beynəlxalq banklar üçün də əlverişli olacağını düşünür. "Bu, bankların kredit cəlb etməsinə köməklik göstərəcək. Mərkəzi Banka bununla bağlı müraciət daxil olub. Söhbət 5-7 bankın konsolidasiyasından gedir”.

Bankların birləşdirilməsi prosesinin bugünə qədər süni şəkildə qarşısının alındığını vurğulayan REAL Hərəkatının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, iki il əvvəl bu proses getməli və indiki ağır maliyyə durumundan daha rahat keçməli idi: "Mənə elə gəlir ki, söhbət gələcəkdə 5-7 yox, daha çox bankların konsolidasiyasından gedəcək. Bank sistemində fəaliyyət göstərən bir çox bankların özlərinin struktur və borc problemləri var. Bank sisteminin

ümumi borcu 5,7 milyard dollara çatıb ki, bu da kifayət qədər böyük problemdir. Bu konsolidasiyanın müəyyən mənada həmin borcların yenidən geri qaytarılmasında üstünlükləri olacaq. Konsolidasiya tək resursların yox, həm də öhdəliklərin birləşdirilməsi deməkdir. Burada həm depozitlərin, həm də kredit borclarının birləşdirilməsindən və sonradan onların yeni müqavilələr və hüquqi prosedurlar vasitəsilə vətəndaşlarla təmaslarının qurulması vacibdir”. İndiki şəraitdə bankların konsolidasiyasının çox ağrılı və sancılı bir proses olacağını vurğulayan N.Cəfərli deyib ki, mexanizmlər indidən işlənib, hazırlanmalıdır ki, vətəndaşlara ziyan dəyməsin: "Bankların bağlanması və ya birləşdirilməsi prosesi hər zaman vətəndaşlar üçün xoşagəlməz nəticələr vəd edir. Bu praktika bütün dünyada mövcuddur. Azərbaycanda konsolidasiyanın işlək mexanizmi o qədər həssas və tez hazırlanmalıdır ki, gələcəkdə bununla bağlı heç bir çətinlik yaşanmasın”.

İstənilən halda konsolidasiyanın qaçılmaz olduğunu deyən ekspertin sözlərinə görə, aktivləri zəif olan bankların bağlanması, lisenziyasının geri alınması məsələsi də aktuallaşacaq ki, biz artıq "Bank of Azərbaycan”ın timsalında bunun şahidi olduq”.

Əmanətlərin aqibətinə gəldikdə isə N.Cəfərli əmanətlərin sığortalanmış hissəsinin artırılmasının istisna olmadığını deyib: "Çox güman ki, hazırda 30 minə qədər olan qiymətlər 50 min və ya daha yüksək həddə qədər artırılacaq. Amma məsələ burasındadır ki, Əmanətlərin Sığortalanma Fondunun özünün vəsaitləri kifayət qədər kiçik məbləğdən ibarətdir. Konsolidasiya zamanı isə bəzi əmanətlərin geri çəkilməsi fonunda həmin vəsaitin çatıb-çatmayacağı bəlli deyil. Hətta Mərkəzi bankın və ya hökumətin müdaxiləsi ilə belə bu problemin həlli mümkün görünməyə bilər. Çünki Əmanətlərin Sığortalanma Fondunun ümumi həcmi 100 milyondan bir az yuxarıdır. Depozitlər isə təxminən 7 milyarda yaxındır”.

İlk başdan bankların konsolidasiyasının ləngidilməsinin səbəblərinə toxunan ekspert deyib ki, bankların birləşdirilməsinə iki il əvvəl ehtiyac yaranmışdı: "Sadəcə Mərkəzi Bank və hökumət müəyyən gözləmə mövqeyi tutdular ki, maliyyə problemləri bu qədər ağırlaşmaz, neftin qiymətindəki enmə minimum həddə çatmaz. Amma təəssüflər olsun ki, vaxtın uzadılması problemin daha da dərinləşməsinə gətirib çıxardı”.

Şəymən