Arzu Nağıyev: “Ona görə Əli Həsənov belə sərt bəyanat verməyə məcbur oldu”
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlar kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artması faktı ilə bağlı mediaya xəbərdarlıq edib. Ə.Həsənov təəssüflə vurğulayıb ki, son günlər KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə halları artıb.
Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılıb. Prezident köməkçisinin sözlərinə görə, vəzifəli şəxslərin guya işdən "kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda "yoxlamalar”, evlərində "axtarışlar” aparılması, məmurların "həbsi” və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır: "Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar. Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur. Təəssüf ki, bəzi hallarda aparıcı KİV-lər də belə dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırırlar. Sosial şəbəkələrdə və məqsədli şəkildə fəaliyyət göstərən internet saytlarında yerləşdirilmiş yalan məlumatlar yoxlanılmadan, həqiqiliyi araşdırılmadan həmin ciddi media orqanlarının səhifələrinə yerləşdirilir. Nəzərə almaq lazımdır ki, mövcud hal dövlət orqanlarının nüfuzuna xələl gətirir, onların iş rejiminin pozulmasına, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olur və ümumilikdə, Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir”.
Ə.Həsənovun mediaya sərt xəbərdarlığı ilə bağlı "Şərq”ə danışan "Trend” İnformasiya Agentliyinin direktor müavini, Arzu Nağıyev deyib ki, bir qrup media orqanlarının yaydığı dezinformasiyalar sadəcə Milli Təhlükəsizlik orqanı ilə bağlı deyil. Digər dövlət qurumları haqqında da həqiqəti əks etdirməyən xəbərlər yayılır: "Heç bir yerə istinad etmədən yanlış məlumatları tirajlayan saytlar ancaq və ancaq öz reytinqlərini qaldırmaq, oxucularının sayını artırmaq məqsədi güdürlər. Sabah iddia olunan məsələlər təsdiqini tapmayanda həmin KİV-lər öz oxucu auditoriyasını itirəcəklər. Bu, çox acınacaqlı haldır. Nəzərə almaq lazımdır ki, bu cür qeyri-ciddi hərəkətlərin ikitərəfli başı var. Bir tərəfi reytinqin qalxmasına xidmət edirsə, digər tərəfi isə xəbər saytlarının tamamilə nüfuzdan düşməsinə gətirib çıxarır. Yanlış, çaşdırıcı informasiyaların digər təhlükəli məqamları da var. Ona görə də Prezidentin İctimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov belə bir sərt bəyanat verməyə məcbur oldu. Çünki artıq bəzi media qurumları qırmızı xətti keçmişdi”.
A.Nağıyev bildirib ki, media və digər qurumlar ictimai nəzarət funksiyasını həyata keçirə bilərlər. Ancaq məsələləri bu dərəcədə şişirtmək, reytinq uğruna şər-böhtana əl atmaq yolverilməzdir və ciddi qanun pozuntusudur: "Unutmaq lazım deyil ki, Azərbaycan kimi kiçik bir dövlətdə yaşayırıq. Özümüzə xas milli mentalitetimiz var. Müxtəlif orqanlarda, dövlət qulluğunda çalışan şəxslərin yüzlərlə qohumları, yaxınları var. Bu baxımdan həmin şəxslər haqqında həqiqəti əks etdirməyən, yəni doğruluğu sübut olunmayan yanlış informasiyalar yaymaq tərbiyəsizlikdir, azərbaycanlıya yaraşmayan haldır”.
İsmayıl