“Halbuki, hazırda ABŞ və Avropada insan hüquqları ilə bağlı həddindən artıq bərbad vəziyyət hökm sürür”
Bu gün ABŞ Senatında Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair dinləmələr keçiriləcək. "Azərbaycanda seçkilər ərəfəsində insan hüquqları” adlı tədbirdə dövlətimizə qarşı dəfələrlə qərəzli mövqeyini nümayiş etdirən ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç və ABŞ dövlət katibinin keçmiş müavini, "Freedom House”nin rəhbəri Devid Kramer də iştirak edəcək.
Azərbaycanda samanlıqda çöp axtarmaqla məşğul olan bu şəxslər həmişə olduğu kimi, qonşu Ermənistan, eləcə də öz ölkələrində dini və irqi zəmində baş verən cinayətkarlıq hadisələri, jurnalistlərin təqibi və öldürülməsi, polis zorakılığı kimi ciddi qanun pozuntuları ilə bağlı məsələlərə münasibət bildirmək əvəzinə, məhz Azərbaycan kimi müstəqil siyasət xəttinə malik olan dövlətləri öz təsir dairələrinə salmağa çalışırlar. Lakin məlum çevrələrin cəhdləri əvvəllər olduğu kimi, bu dəfə də heç bir nəticə verməyəcək. Çünki Azərbaycan ictimaiyyəti "Freedom House”, "Amnesti İnternational”, "Human Rights Watch”, Milli Demokratiya İnstitutu, Avropa Parlamenti kimi fəaliyyətini qərəz üzərində quran beynəlxalq qurumların mövqeyinə heç bir halda əhəmiyyət vermir. Onların niyyətinin ölkədə təxribat törətmək, Yaxın Şərq hadisələrini Cənubi Qafqazda təkrarlamaq, ümumilikdə regionu qarşıdurma məkanı, terror yuvasına çevirməkdən ibarət olduğunu yaxşı anlayır.
"Parlament-2015” Seçki Monitorinq Koalisiyasının üzvü, Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov hesab edir ki, Azərbaycan bir çox MDB və Avropa ölkələri ilə müqayisədə sürətli inkişaf və demokratiya yoluna qədəm qoyub. O bildirib ki, dövlət demokratik islahatların aparılmasına böyük önəm verir: "İnsan hüquqları sahəsində atılan addımlar, ölkədə azad və şəffaf seçkilərin keçirilməsi üçün görülən işlər beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Fəaliyyətini ermənipərəst qüvvələr və erməni lobbisinin çirkli pulları hesabına həyata keçirən bəzi xarici dairələr isə müsəlman dövlətin əldə etdiyi tərəqqi və inkişafı həzm edə bilmirlər. Məlum çevrələr öz himayədarlarından aldığı tapşırıqlara uyğun olaraq Azərbaycanda mötəbər tədbirlər ərəfəsində qara piar kampaniyaları həyata keçirməyə başlayırlar. Bu, artıq adi hala çevrilib. Halbuki, hazırda ABŞ və Avropada insan hüquqları ilə bağlı həddindən artıq bərbad vəziyyət hökm sürür. Yaxşı olar ki, həmin qüvvələr ilk növbədə öz dövlətlərindəki mövcud problemləri həll etmək üçün dinləmələr keçirsinlər. Xristian təəssübkeşliyinə son qoysunlar, irqi və dini zəmində baş verən qanlı faciələrin qarşısını alsınlar. Çünki öz ölkələrində bu cür problemləri görməzdən gələn qüvvələrin Azərbaycan və digər müstəqil dövlətlərlə bağlı vəziyyəti müzakirə etməyə mənəvi haqqı yoxdur”.
Politoloq Ramiz Əliyev də bildirib ki, heç bir dövlətin hansısa müstəqil ölkəni müzakirə edib, onun haqqında qərar verməyə ixtiyarı yoxdur: "ABŞ Senatı və digər qurumlar yaxşı olardı ki, Yaxın Şərqdə və digər bölgələrdə həyata keçirdiyi anti-terror və demokratiya tamaşaları nəticəsində hüquqlarını pozduğu milyonlarla insanın vəziyyətini müzakirə etsinlər. Azərbaycanda seçki prosesi normal qaydada gedir. Hər bir namizəd üçün bərabər şərait yaradılıb. Seçki prosesinə heç bir müdaxilə yoxdur. Namizədlər sərbəst şəkildə öz seçiciləri ilə görüşlər keçirir, öz platformalarını təqdim edirlər. Bir çox ölkələr seçki prosesində namizədlər üçün dövlətimiz tərəfindən yaradılan şəraitdən nümunə götürməlidir”.
İsmayıl