"Bəziləri Əhməd Cavadla bağlı yersiz fikir yürütmək həvəsinə düşür" - Anar Axundzadədən cavab




"Bəzi insanlarımız hər fürsətdə babam Əhməd Cavadla bağlı yersiz-yersiz fikir yürütmək həvəsinə düşür. Mən Əhməd Cavad ailəsinin mənsubu kimi bu qəbildən olan həvəslərin babamın əziz ruhunu müəzzəb etdiyini düşünərək narahatlıqla qarşılayıram".

"Sherg.az" xəbər verir ki, bu barədə Əhməd Cavadın nəvəsi Anar Axundzadə bildirib.  

O qeyd edib ki, Dövlət Himnimizin müəllifi olan Əhməd Cavad həyatdaykən də yaradıcılığını"təftiş” etməyə həvəs göstərənlər az olmayıb, onu qətl etdirdikdən sonra əsərlərinə yiyələnməsi faktları da geniş bilinməkdədir: 

"Əhməd Cavad irsini müdafiə edən həmvətənlərimə, ölkəmizin bütün dəğərli övladlarına - elm, dövlət, siyasi və ictimai xadimlərinə dərin şükranlarımı bildirirəm.

Keçən əsrin 20-30-cu illərində milli və mənəvi dəğərlərimiz Əhməd Cavada və onun əqidədaşlarına qarşı çıxan mənfəətçilərə münasibəti əks etdirən bir əsəri soydaşlarımızla paylaşıram.

HƏCV

Özləri məhrumkən feyzi-ədəbdən,
Günahı bizlərdə görənlərə bax!
Parlayıb bir zaman, düşdülər dəbdən,
Bazara yeni mal verənlərə bax!

Deyir yazdığınız, bu "nə həyatdır?”
Çömçəyə əl tutan, qoldur, qanaddır.
Dediyi kiflənmiş, fikri boyatdır,
Özünü irəli sürənlərə bax!

Dün biri haykırdı, çaldığım sazdır,
Xəzanım bulunmaz, günlərim yazdır.
Baxdım rəngi solğun, ruhu da azdır,
Dost-yad arasına girənlərə bax!

Sağdan da, soldan da yüksəlir səslər,
Doğma qardaşına nifrinlər bəslər.
Cavidi, Cavadı sevməyən kəslər, –
Onların yerində duranlara bax!

Yazıb-pozduğunuz nədir sözünüz!
Bu bizim üzümüz, sizin üzünüz!
Gəlib nə yapdınız, deyin özünüz?
Sənət keşiyində duranlara bax!

Biz aydan arıyıq, sudan duruyuq!
Günəşin zərrəsi, haqqın nuruyuq!
Ona-buna baxıb, bulayıb quyruq,
Bizdən haqqı-hesab soranlara Bax!
Sənət keşiyində duranlara Bax!!.

Əhməd Cavad, 1929

Ayyət Əhməd