Ədalət Əliyev: “Bunu bütün respublika bilir. Əlbəttə, Gürcüstan hava yolları ilə səfər edəndə vətəndaşlarımız xeyli qabağa düşürlər”
Məhərrəm Səfərli: “Biz bəziləri kimi “vafli” ilə “limonad” vermirik”
"Yeni Müsavat " qəzetinin ötən sayında "AZAL biletlərin ucuzlaşmasına imkan vermir?” başlıqlı maraqlı məqalə dərc olunub. Qəzet yazır ki, adıçəkilən şirkət ölkədə fəaliyyət göstərən digər hava yolları şirkətlərinə qiymətləri diktə edir. Bilet qiymətləri olduqca baha olan şirkət, digər şirkətlərə də qiymətləri ucuzlaşdırmağa imkan vermir. Məqalədə iddia olunur ki, ucuz uçuşlar həyata keçirən şirkətlər AZAL-ın qəzəbinə gələrək, ölkəni tərk etməli olur.
Ölkəni tərk etməyənlər isə sözügedən şirkətlə qeyri-rəsmi qiymət müqaviləsi bağlamalıdır. Həmçinin, qeyd olunur ki, Azərbaycandan uçuşları reallaşdıran başqa hava yolları firmaları üçün əlavə "ödənişlər” də tələb olunur. Bu da onların qiymətləri yüksək saxlamasına səbəb olur.
Yazıda o da diqqətə çatdırılır ki, ölkəmizdə uçuş qiymətlərinin bahalığı səbəbindən bəzi sərnişinlər yay aylarında səfərlərə Bakıdan deyil, qonşu Gürcüstandan, Tiflisdən getməyə məcbur olurlar. Bundan əlavə məqalədə vurğulanır ki, AZAL-dakı süni qiymət artımı digər şirkətlərə rəqabət aparmaq üçün də imkan yaratmır. Ancaq qiymətlərdə yenə də fərq var. Belə ki, Bakıdan İstanbula Türk Hava Yolları ilə uçanlar, AZAL-la uçanlarla müqayisədə təqribən iki dəfə az pul ödəyirlər. Ekspertlər isə hesab edirlər ki, biletlərin qiymətinin baha olması AZAL-ın bazardakı monopolist mövqeyindən qaynaqlanır. Onların iddiasına görə, bu tariflər sanki havadan götürülüb və heç bir iqtisadi əsaslandırması yoxdur. Şirkət monopolist mövqeyindən istifadə edərək, tarifləri orta statistik azərbaycanlılar üçün əlçatmaz edib.
İddiaları cavablandıran AZAL sözçüsü Məhərrəm Səfərli "Şərq”ə açıqlamasında deyilənlərin həqiqəti əks etdirmədiyini söyləyib. Onun sözlərinə görə, ittihamlar fakta söykənmir: "Fakt budur ki, Azərbaycan hava yollarının xüsusi çəkisi var. "AZAL-da qiymətlər bahadır” fikirləri kökündən yanlışdır. Təyyarələr Avropa istehsalıdır. Keyfiyyətlər yüksəkdir. Təhlükəsizdir. Sərnişinlərə çox səviyyəli xidmət göstərilir. Biz bəziləri kimi "vafli” ilə "limonad” vermirik”.
Şirkətin, ucuz uçuşlar həyata keçirən digər hava yolları şirkətlərinə qiymət diktəsinə gəlincə, qurum rəsmisi deyib ki, bu məlumat həqiqəti əks etdirmir: "Belə hal yoxdur”.
"AZAL”ın sabiq prezidenti Ədalət Əliyev isə vurğulayıb ki, AZAL-ın bahaçılığı səbəbindən vətəndaşlarımızın Gürcüstana gedib, oradan səfərə yollanması danılmaz faktdır: "Bunu bütün respublika bilir. Əlbəttə, Gürcüstan hava yolları ilə səfər edəndə vətəndaşlarımız xeyli qabağa düşürlər”.
Sabiq sədr onu da bəyan edib ki, Gürcüstanın hava yolları şirkətlərinin xidmətləri Azərbaycanla müqayisədə heç də zəif deyil: "Açığını deyim ki, bizdə bu sahədə rəqabət mühiti yoxdur. Rəqabət olmayan yerdə özbaşınalıq olur. Monopoliya olan yerdə inkişaf və mübadilədən söhbət belə gedə bilməz. Problemin başqa səbəbləri var. Onu araşdırmaq lazımdır”.
"Rəqabət mühiti niyə yoxdur” sualımızı Ə.Əliyev sualla cavablandırdı: "Bizim respublikada kimə imkan yaradılıb ki? Heç kənd təsərrüfatı sahəsində də rəqabət yoxdur. Diqqət edin, kartof, badımcan, soğan, kök və s. məhsullar da bir adamın əlində cəmlənib. Kimsə onu öz monopoliyasına və ya kurasiyasına alıb. Belə olan halda AZAL-dan fərqli bir yanaşma gözləməyə dəyməz”.
Ayyət Əhməd