
Bircə bu qalmışdı...
Metroda qadınlar sonuncu vaqonda əyləşsinlər!Sosial şəbəkələrdə çağırış yayıldı, Hacı Şahin Həsənli “mənlik deyil” söylədi

Sosial şəbəkələrdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş” məscidinin imam-camaatı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənliyə istinadən bir çağırış yer alıb. Çağırışın məzmunu bundan ibarətdir ki, metronun sonuncu vaqonuna yalnız qadınlar minsin. Bununla da həm qadınların metroda rahatlığı təmin olunsun, həm də kişilər haramdan uzaq olsunlar.
Çağırışın mahiyyətini incələməzdən öncə, onu bildirək ki, Hacı Şahin Həsənli "Şərq”ə açıqlamasında bu statusun ona məxsus olmadığını bildirdi. İlahiyyatçı qeyd etdi ki, həmin səhifələr saxtadır, kimlərsə onun adından belə bir status paylaşıb. Nə o səhifələr, nə də orada yazılanlarla onun heç bir bağlantısı yoxdur.
Sosial şəbəkədə yer almış çağırışa gəlincə, H.Ş.Həsənli məsələnin bu şəkildə qoyuluşunun düzgün olmadığını bildirdi.
Amma məsələ ətrafında dünən gün ərzində xeyli müzakirələr açılıb.
Bakını getdikcə İrana, Əfqanıstana, Pakistana oxşatmağa çalışanlar kəskin qınağa tuş gəlib. Məlumdur ki, İranda avtobus salonları arakəsmələrlə ayrılır və qadınlar bir tərəfdə, kişilərsə digər tərəfdə əyləşirlər. Hətta qadınlar və kişilər avtobusa ayrı-ayrı qapılardan minir və özləri üçün nəzərdə tutulmuş hissədə əyləşir və ya dayanırlar. Belə bir təklifin Avropaya inteqrasiya yolu tutmuş Bakı ilə bağlı səsləndirilməsi də bu baxımdan bir xeyli absurd görünür.
Amma bu çağırışı absurd, hətta gülməli hesab edənlərlə yanaşı, bəyənənlər də olub.
Çağırışa "səs” verənlərin bəzilərinin fikirləri diqqətimizi çəkdi.
İstifadəçi: Hicab Gözəldir Bəzək Deyil. Etiraz edənləri heç anlamıram, bir xanıma xoşdu ki, naməhrəmlə sıxıla-sıxıla gedə? Və ya bir kişi ki gedir naməhrəm bir xanıma o sıxlıqda istəmədən toxunur, çünki bu, qaçılmazdı və düşünmürmü öz ana bacı və ya həyat yoldaşını? Çox dəstəkləyirəm. Allah nəsib etsin bu xeyri bizim millətə. Amin!
Xanoğlu Rauf istifadəçi
Lap gözəl təklifdi, hamımız əməl etsək, qadınlarımız, ana-bacılarımız rahat gedər-gələr, bilirsiz nə qədər "....” olur metroda, dəfələrlə şahidi olmuşuq. Bu, danılmaz faktdır.
Yazar Sevinc Elsevər isə daha real danışıb:
Metroda kişilərin son vaqona minməməsini tələb edənlər, bəs avtobuslarda neyləyəcəksiz? Ömrümdə belə mənasız çağırış eşitmədim. Elə olmaz ki, kişilər bütün vaqonlarda özlərini centlmen kimi aparmağı öyrənsinlər? İndi ər-arvad metroya minmişiksə, ərim ayrı, özüm ayrı vaqonda getməliyik? Sonra da ənənə yaradacaqsınız ki, sonuncu vaqona minməyən, kişilərlə bir vaqonda gedən qadınlara əxlaqsız deyəsiz. Necə ki, rayonlarda qadınlar çayxanaya getsə, adları pozğun çıxarılır. İndi də deyəcəklər ki, sonuncu vaqona minməyən pozğundu. Çox absurddu!
Nia Qara ictimai fəal:
Bu, prosesin əvvəlidi hələ. Sonra qadınlar üçün ayrıca avtobuslar tələb edəcəklər, ondan sonra qadının o avtobuslara da minməsinə pis baxacaqlar, sonra ümumiyyətlə, qadının küçəyə çıxması qadağan olunacaq (necə ki, cənub rayonlarımızda və Bakıətrafında belədi). Axırda da küçələrdə qadın daşqalaqlarının şahidi olacağıq.
Psixoloq Azad İsazadə "Şərq”ə açıqlamasında çağırışa diqqətlə yanaşılmasını məsləhət gördü:
- Bəlkə də təklifin arxasında xoş, sağlam niyyət dayanır. Amma onun ifadə və icra forması səhvdir. Bu, real deyil. Birincisi, niyə təkcə bir vaqon? Əgər biz istəyiriksə ki, qadınlar rahat getsin, bir vaqon çox azdır. Nəzərə alsaq ki, qadınların kişilərə nisbəti 50-51 faizdir, onda gərək vaqonların yarısını qadınlar üçün ayıraq. Bəs uşaqlar necə olsun? Qız uşaqları analarının yanında əyləşsin, oğlan uşaqları atalarının? Təklif sağlam niyyətli ola bilər, amma məkan və zamana görə, düzgün seçilməyib. Biz qadınlara hörmət etmək istəyiriksə, bunu gündəlik həyatımızda da edə bilərik. Kişilər qoy vaqona minməyə tələsməsin, qadınları itələməsin, qocaya, yaşlıya, qıza-gəlinə fərq qoysunlar, vaqonda qadınlara yer versinlər, başlarını aşağı salıb, telefonla oynamasınlar, özlərini yorğun göstərib, yuxuya "getməsinlər”, belədə qadınlara hörmət etmiş olarlar. Amma qadınları kişilərdən ayırmaq, ayrı-ayrı vaqonlara mindirmək, bunlar ayrı-seçkilik, rasizm əlamətləridir. Bir vaxtlar ABŞ-da qaralar üçün avtobuslarda ayrı yerlər nəzərdə tutulurdu. Ağlarla qaraların bir avtobusa minməsinə, bir məkanda dincəlməsinə, istirahət etməsinə icazə verilmirdi. Belə hallar insanlar arasında ayrı-seçkilik yaradır. Psixoloji cəhətdən də düzgün deyil. Qadınların ayrıca vaqonda getməsi ideya olaraq bəlkə də müsbətdir. Məsələn, mən tələbəlik vaxtında Uralda oxşar halı görmüşdüm. Orada meşə təsərrüfatında kişilərlə birgə çalışan qadınlar vardı. Xüsusi elektrik qatarı axşam işçiləri evlərinə aparırdı. Qatarda qadınlar ayrıca vaqonda gedirdilər. Bunu, qadınlar siqaret çəkən kişilərin yanında əyləşməsin deyə etmişdilər. Hansı qadın ki, siqaret tüstüsü qoxlamaq istəmirdi, keçib həmin vaqonda əyləşirdi. Yəni, o vaqon, əslində, siqaret çəkməyənlər üçün nəzərdə tutulmuşdu. Bu qaydanı sərnişinlər özləri tətbiq etmişdilər, hamı da bunu bilirdi. Bəzən cəmiyyət özü necə deyərlər, daşları yerinə oturdur. Bizim cəmiyyətdə həmişə qadına xüsusi hörmət olub. Kişilər ayağa qalxıb qadına yer veriblər. Qapını açıblar, qadın içəri daxil olub. Bunlar hamısı etik davranış qaydalarıdır. Təəssüf ki, son illər bu gözəl ənənələr sarsılmaq üzrədir. Amma biz özümüz o qaydaları, o ənənələri bərpa edə bilərik. Birinci qadınlara yol verək, keçsinlər vaqona, yaxud avtobusa minsinlər, boş yer varsa, əyləşsinlər. Kişilər əyləşibsə, qalxıb qadınlara yer versinlər. Bu, çətin iş deyil. Sadəcə, qanacaq, tərbiyə, mədəniyyət tələb edir.
Məlahət Rzayeva