“Rusiya və Türkiyənin münasibətləri qırmızı xətti keçərsə, bütün region fəlakətə sürüklənmiş olar”Elman Nəsirli: “Məsələnin sülh, diplomatik danışıqlar yolu ilə, qarşılıqlı ittihamlardan əl çəkməklə, yalnız kompromislər yolu ilə həll edilməsində Azərbaycan maraqlıdır”
Sahib Alıyev: "Hazırkı geosiyasi qarşıdurmadan istifadə edib, yeni Türkiyə-Rusiya cəbhəsi açmaq istəyənlər də var”
"Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Cənubi Qafqaza, o cümlədən Azərbaycana da təsirsiz qala bilməz”. Bu barədə millət vəkili və tanınmış politoloq Elman Nəsirli Ankara-Moskva arasındakı gərginliyin Bakıya təsirindən danışarkən deyib. Ekspertin sözlərinə görə, Rusiya bizim şimaldan nəhəng qonşumuzdur. Bu ölkənin Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq münasibətləridir. Yaxşı bir siyasi dialoq var. İqtisadi, humanitar sahədə əlaqələr inkişaf tempinə malikdir.
Türkiyə isə strateji müttəfiq dövlətdir. Bu ölkə bizimlə qardaş, dost dövlətdir: "Bu dövlətlərin hər ikisi ATƏT-in Minsk qrupunun üzvüdür. Rusiya isə həmsədr dövlətdir. Belə olan vəziyyətdə hər iki ölkənin münasibətləri nə qədər yaxşı olarsa, bu münaqişənin həllinə, eyni zamanda beynəlxalq hüquq çərçivəsində və Azərbaycanın mövqeyi baxımından daha əlverişli mühit formalaşdırmış olur. Yox, əksi olan təqdirdə, yəni münasibətlər daha da qara ssenari üzərində gərginləşəndə, şübhəsiz, Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinə də mənfi təsir etmiş olar. Münaqişənin daha da qəlizləşməsi üçün münbit şərait yaradılmış olar”.
İndiki halda Azərbaycanın mövqeyinə diqqət çəkən parlamentari qeyd edib ki, Azərbaycan tərəfi strateji tərəfdaş, müttəfiq məsələsində münasibətlərin gərginləşməsini istəmir: "Məsələnin sülh, diplomatik danışıqlar yolu ilə, qarşılıqlı ittihamlardan əl çəkməklə, yalnız kompromislər yolu ilə həll edilməsində Azərbaycan maraqlıdır. Çünki bunun əksi regionumuzu tamamilə gərgin edir. Nəzərə alsaq ki, region onsuz da qəlizdir. Məsələlər olduqca mürəkkəb şəraitdə inkişaf edir. Bu azmış kimi Rusiya və Türkiyənin münasibətləri o qırmızı xətti keçərsə, belə olmuş halda bütün region fəlakətə sürüklənmiş olar”.
Digər millət vəkili, siyasi icmalçı Sahib Alıyev də bildirib ki, regionun böyük dövlətləri arasındakı qarşıdurma bütövlükdə regiona da öz mənfi təsirini göstərir: "Amma ümid edirəm ki, hər iki ölkə özlərinin zəngin dövlətçilik təcrübələrinə dayanaraq soyuqqanlı davranacaqlar. Yəqin ki, bu ölkələrin düşünən beyinləri fərqindədirlər ki, hazırkı geosiyasi qarşıdurmadan istifadə edib, yeni Türkiyə-Rusiya cəbhəsi açmaq istəyənlər də var. Bir daha qeyd edirəm ki, bu isə nə Rusiyanın, nə də Türkiyənin maraqlarına uyğun gəlir. Türkiyə bizə qardaş, Rusiya isə dost ölkədir. Bu baxımdan Azərbaycan marağındadır ki, Moskva ilə Ankara arasında dostluq və tərəfdaşlıq əlaqəsi olsun. İki böyük dövlətin arasındakı gərginlik regiondan kənardakı bəlli qüvvələrin maraqlarına xidmət göstərə bilər. Sonda bir daha qeyd edim ki, bu qarşıdurma region üçün təhdidlər yaradır”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib ki, belə ağır beynəlxalq vəziyyətdə Azərbaycanın durumu çətinləşir: "Azərbaycanın qardaş dövləti Türkiyə ilə, hakimiyyətimizin ehtiyatlandığı Rusiya arasında seçim etmək çox mürəkkəb olacaq. Nəzərə alsaq ki, Putinin yeni imperiya layihəsi-Avrasiya İttifaqı-Kreml mənsublarını Suriya "uğurları”
fonunda eyforik duruma gətirib, bizim üçün çətin olacağını görməmək mümkün deyil. Bir neçə gün ərzində şimal sərhədlərimizdə iş adamlarımızın Rusiyaya aparmaq istədiyi kənd təsərrüfatı məhsullarının saxlanması, dövlətimizə iqtisadi təhdidin nümunəsidir. Azərbaycanın 90-larda MDB-yə aparılması zamanı da eyni taktikadan istifadə edilirdi. Türkiyə-Rusiya münasibətlərinin gərginliyi fonunda bizə seçimlə bağlı ediləcək təzyiqlər yüksələcək. Buna hazırlaşmaq lazımdır”.
Ayyət Əhməd