"İstər orta məktəblərə, istərsə də, universitetlərə qəbul sadələşdirilməlidir”.
Bunu Sherg.az-a məktəblərin 1-ci sinfinə qəbulun asanlaşmasına münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, bunu aşağı sinifdən başladıqda yuxarı pillələrdə qəbul asan olur:
"1-ci sinfə qəbul zamanı ciddi neqativ hallar var. Yəni hər hansı valideyn məktəbə müraciət edəndə ki, övladı 1-ci sinfə daxil olsun, məktəbin direktoru burada maraqlı olduğundan valideynə məktəbdə yer olmadığı haqqında məlumat verir. Bu da, digər tələblərin ortaya çıxmasına şərait yaradır. Valideyn ona müəyyən miqdarda pul və ya digər vasitələr təklif edirdisə, bu zaman şagird üçün yer açılırdı. Bir çox yerlərdə hazırda vakant müəllim yerləri necə ki, təhsil şöbəsi, məktəb direktorları tərəfindən gizlədilir, eynilə də məktəbəqəbul zamanı yerlər gizlədilirdi. Bakı Şəhər Təhsil İdarəsi də bunu başa düşürdü, çünki valideynlər haqlı olaraq narazılıqlarını quruma bildirirdilər. Bu hal indi bağçalarda da yaşanır. Dövlət bağçalarının qarşısına gedib, övladınızı yerləşdirmək istədikdə "müraciət etməyin yer yoxdur” – deyə yazılıb asılmış plakatla qarşılaşacaqsınız. Amma bu və ya digər yollarla bağçanın rəhbərliyini razı salıb, nə qədər istəsəniz uşaq yerləşdirə bilərsiniz. Bu səbəbdən hesab edirəm ki, qaydaların sadələşdirilməsi müsbət addımdır. Təhsil əlçatan olmalıdır. Bu ixtisas seçimi deyil ki, ciddi qaydalar həyata keçirilsin. Həmin insanın şəxsiyyətini təsdiq edən dövlət sənədi var. Doğum haqqında şəhadətnaməyə uyğun onun yaşı tutursa məktəbə gedə bilər. Yeni qaydalara görə iyun ayından dekabr ayına qədər 6 yaşını tamamlamış, məktəbəqədər təhsili bitirmiş uşaqlar 1-ci sinfə qəbul edilirlər. 6 yaşı tamam olmayan xüsusi istedada malik uşaqlar isə Təhsil Nazirliyinin əmri ilə imtahanla məktəbə qəbul ola bilərlər. Burada bir məsələ var, 6 yaşı olmasa da məktəbə getmək istəyənlərin imtahan edilməsi yaxşı hal deyil. Çünki artıq bu insan təhsil almaq istəyir. İmtahanla onun bu istəyinin qarşısını almış oluruq”.
İmtahan suallarının yaş kateqoriyasına uyğun olmadığını deyən K. Əsədovun sözlərinə görə, hətta 5-ci sinifdə verilən tapşırıqları 6-cı sinif şagirdləri cavablandıra bilmir:
"Düşünün ki, 6 yaşlı uşaq məsələləri bilmir, gedib oxuyur, amma 5 yaşlı uşaqdan imtahanla bunu tələb edirik. Əgər valideynlərin və şagirdlərin razılığı varsa, 5 yaşından kiminsə könüllü məktəbə getməsinə məhdudiyyət qoymaq lazım deyil. Dünya təcrübəsində məktəbəqəbul 6-7 yaş götürülür, 5 yaşdan aşağı uşaqlar üçün mümkün deyil. Valideynlər daha çox əsasən oğlan övladlarının gələcəkdə hərbi xidmətlərini düşünərək, 5 yaşından övladlarını məktəbə qoyur ki, sonradan ali məktəbə qəbul olmasa, 1 il vaxt qazanmış olsunlar. Bu sadəcə mental düşüncə tərzidir. Onlar əslində sırf övladlarının biliyə, elmə erkən yiyələnməsini düşünüb, bunu etmir. Amma valideynlərin razılığı varsa, şagird psixoloji cəhətdən də hazırdırsa, bunu etmək olar. Ümumilikdə hesab edirəm ki, 1-ci sinfə qəbulun sadələşdirilməsi və şəxsi kabinetin yaradılması mütərəqqi addımdır. Bilirik ki, artıq elektron təhsilə keçilib. Şəxsi baza tək qəbul üçün nəzərdə tutulmayıb, ora həm də şagirdin informasiyası yerləşdiriləcək. Bütün bunlar gələcəkdə təhsilin müsbət inkişafına gətirib çıxaracaq. Şagird haqqında informasiyalar bazaya yerləşdirildiyindən o məktəbini dəyişmək istəsə, rahat şəkildə həyata keçiriləcək. Bununla hər hansısa məmurun qəbuluna yazılmağa ehtiyac qalmayacaq”.
Qeyd edək ki, bu ildən valideynlər mektebeqebul.edu.az saytında qeydiyyatdan keçərək "Şəxsi Kabinet” yaradacaq və istədiyi məktəbi və müəllimi seçə biləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayevanın sözlərinə görə valideyn məktəbi seçdikdən sonra müvafiq sənədləri həmin məktəbə təqdim etməklə istəyini bildirir. Bununla 1-ci sinfə qəbul asan şəkildə həyata keçirilmiş olacaq.
Aysel Aslan