“Biz Azərbaycan xalqını təbrik edirik”

Muşahid Hüseyn Səid: “Yaşlı insanların belə soyuq havada səsverməyə gəlməsi Azərbaycanda seçki mədəniyyətinin olduğunu bir daha sübut edir”




"Apardığımız müşahidələrə əsaslanaraq deyə bilərik ki, seçki ədalətli və şəffaf keçdi. Azərbaycanda seçki sistemi düzgün qurulub”. Bunu noyabrın 1-i parlament seçkilərini müşahidə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının müşahidəçisi, Pakistan Senatının Müdafiə Komitəsinin sədri Muşahid Hüseyn Səid deyib. Seçki günü planlaşdırılmayan seçki məntəqələrinə baş çəkdiklərini bəyan edən müşahidəçi seçicilərlə, müşahidəçilərlə, seçki komissiyasının üzvləri ilə görüşmək imkanlarının olduğunu bildirib: "Yaşlı insanların belə soyuq havada səsverməyə gəlməsi Azərbaycanda seçki mədəniyyətinin olduğunu bir daha sübut edir. Biz seçkinin uğurla başa çatması münasibəti ilə Azərbaycan xalqını təbrik edirik”. Müşahidəçi Prezident İlham Əliyevlə olan görüşündən də danışıb:

"Cənab Prezident bizimlə çox səmimi görüş keçirdi. Pakistan Qarabağla bağlı bütün məsələlərdə Azərbaycanı dəstəkləyir. Ona görə də biz Ermənistanla bütün əlaqələrimizi kəsmişik. Azərbaycan və Pakistan hakimiyyətləri xalqlarının rifahı üçün çalışır”. Nümayəndə heyətinin digər üzvləri də çıxış edərək, seçkinin demokratik şəkildə keçdiyini vurğulayıblar. Azərbaycanda qadınların və kişilərin bərabər hüquqlarının olduğunu diqqətə çatdırıblar.

"Azərbaycanda seçki prosesi yüksək səviyyədə təşkil olunub”

Avropa Parlamentinin Yunanıstandan olan üzvü Dmitris Kammenos bildirib ki, seçkiləri əsasən Şamaxı rayonunda izləyiblər: "7 seçki məntəqəsində olduq. Seçicilərin qeydiyyat prosesi düzgün qurulmuşdu. Seçki məntəqələrində müşahidə kameraları var idi. Bu da çox önəmli amildir. Çoxlu yerli müşahidəçiyə rast gəldik. İnsanlar müşahidəçilərin işini bəyənirdilər. Heç bir qayda pozuntusuna rast gəlmədik. Məntəqələrin təhlükəsizliyi yüksək səviyyədə təşkil olunmuşdu”.

"Seçkidə məcburi köçkünlərə səsvermə imkanlarının yaradılması çox müsbət haldır”

Seçkiyə beynəlxalq müşahidəçi qismində qatılan Estoniya parlamentinin üzvü Savisaar Erki deyib ki, səsvermə texniki baxımdan yaxşı təşkil olunub və demokratik şəkildə keçib: "Biz olduğumuz seçki məntəqələrində hər hansı qanun pozuntusu aşkarlanmadı. Nümayəndə heyətimiz ümumilikdə 11 məntəqədə müşahidə aparıb. Bu məntəqələr arasında məcburi köçkünlərin də seçki məntəqəsi var idi. Qeyd edim ki, səsvermə nizamlı və mütəşəkkil qaydada keçirildi. Müşahidəçilər öz yaşadıqları məntəqədə müşahidə aparmırlar. Seçki məntəqələri vaxtında açıldı. Hər bir seçki komissiyasında müşahidəçilər əvvəldən axıra kimi seçki prosesini izlədilər. Bu, seçki prosesinə əlavə şəffaflıq qatır. Biz Suraxanıda səsvermənin nəticələrinin hesablanmasında da iştirak etdik. Hesablama düzgün aparıldı. Yerli müşahidəçilər hesablamaya müdaxilə etmədilər”.

"Seçkilər şəffaflıq və dözümlülük şəraitində keçirilib”

Serbiya parlamentinin vitse-spikeri Vladimir Marinkovic bildirib ki, 5 nəfərdən ibarət müşahidə missiyası Bakıda yerləşən 6 seçki məntəqəsində müşahidə aparıb. Onun sözlərinə görə, seçkilər sakit, şəffaf və demokratik şəraitdə keçirilib: "Bu, Azərbaycanda sabitliyin və inkişafın bir nümunəsidir. Bizim yanaşmamız ondan ibarətdir ki, bu seçkilərdə insan haqları və demokratiya prinsipləri gözlənilib, beynəlxalq standartlara əməl edilib”. O, müşahidə zamanı həm namizədlər, həm də seçicilərlə ünsiyyətdə olduqlarını, bülletenlərin sayılması prosesini müşahidə etdiklərini qeyd edib: "Seçkiləri beynəlxalq təşkilatlar, Avropa və Asiya ölkələrinin nümayəndələri müşahidə ediblər. Onlarla ünsiyyətdə olarkən bir daha əmin olduq ki, bu seçkilər şəffaflıq və dözümlülük şəraitində keçirilib. Hesab edirik ki, bu, Azərbaycanda demokratiyanın inkişafından xəbər verir. Ümid edirik, yeni formalaşan parlament sayəsində ölkələrimiz arasında əlaqələri daha da gücləndirəcəyik”.

"Seçkilərdə fəallıq yüksək səviyyədə oldu”

Parlament seçkilərini müşahidə edən Çexiya parlamentinin üzvü Vatslav Snopek deyib ki, seçkilərdə siyasi partiyalardan daha çox adi vətəndaşlar müşahidə aparırdılar: "Bu da cəmiyyətin seçkilərə münasibəti baxımından çox müsbət haldır. Biz daha çox xanımların bu seçkilərdə aktiv iştirakını müşahidə etdik. Vətəndaşların azad şəkildə seçkilərdə iştirakını yüksək qiymətləndiririk”. Avropa Parlamentinin Avstriyadan olan üzvü Franz Obermayer vurğulayıb ki, seçki prosesində şəffaf mürəkkəbdən istifadə olunması indiyədək müşahidə etdiyi əsas yenilik olub.

"Bu cür yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycan xalqını təbrik edirəm”

Bolqarıstanlı parlamentari Daniela Daritkova Prodanova bildirib ki, onlar 5 nəfərdən ibarət nümayəndə heyəti ilə seçki prosesini izləyiblər: "Biz dünən bir neçə seçki məntəqəsində olduq. Seçki prosesi tam sakit şəkildə keçdi. Seçici fəallığı yüksək idi. Müxtəlif partiyaların namizədlərinin nümayəndələri seçki məntəqələrində idilər. Onlar üçün hər cür şərait yaradılmışdı”. Bolqarıstanlı deputat Həmid Həmid də çıxışı zamanı deyib ki, parlament seçkiləri azad və demokratik şəkildə baş tutub: "Bu cür yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycan xalqını təbrik edirəm”. Digər parlamentari Kanço Filipov də bəyan edib ki, Məntəqə Seçki Komissiyalarının üzvləri seçki prosesində peşəkar şəkildə fəaliyyət göstəriblər: "Seçki prosesi sakit keçdi. Hamı öz işini çox yaxşı gördü”.

"Seçki sülh və demokratiya prinsipləri çərçivəsində baş tutdu”

Beynəlxalq Mərkəzi Asiya Siyasi Partiyaları Təşkilatının baş katibi Cunq Eui-Yonq deyib ki, müşahidə missiyasına üzv dövlətlərdə olduğu kimi Azərbaycanda da demokratiya təkmilləşir: "Biz MSK-nın dəvəti ilə ölkənizdə seçkiləri izlədik. Missiyamıza Cənubi Koreya, Pakistan, Hindistan, Banqladeş, Filippin və Kambocadan olan siyasi xadimlər daxildir. Seçki günü 4 qrupa bölündük və səsverməni izləməklə yanaşı, eyni zamanda seçicilərlə, müxtəlif partiya nümayəndələri ilə seçkilərlə bağlı müzakirələr apardıq. Nümayəndə heyətimizin üzvləri səslərin sayılma prosesini də yaxından izləyib. Bir çox beynəlxalq müşahidəçilərin bu seçkilərdə iştirakı Azərbaycana olan böyük diqqətdən qaynaqlanır”. Baş katib onu da bildirib ki, seçkilərdə tətbiq olunan onlayn veb-kameralar şəffaflığın təmin olunmasında böyük rol oynayıb: "Azərbaycanda tətbiq olunan seçki texnologiyası nümunəvi sayıla bilər”.

İsmayıl