Yəməndəki gərginləşmənin pik nöqtəsi isə İranla Səudiyyə Ərəbistan arasında hərbi toqquşmanın baş verməsində özünü göstərə bilər
Yəməndə baş verən hadisələr onu göstərir ki, beynəlxalq hüquq getdikcə deqradasiyaya uğrayır. Çünki BMT Təhlükəsizik Şurasının qətnaməsi olmadan belə Səudiyyə Ərəbistan və bir sıra ərəb dövlətləri bu ölkəyə hərbi güc tətbiq edir.
Bu barədə "Şərq”ə Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov Yəməndəki siyasi böhranı şərh edərkən bildirib. Ekspertin qənaətincə, faktiki olaraq bu prosesdə ön sırada gedən Səudiyyə Ərəbistandır: "Fars körfəzi ölkələrində ABŞ-ın bazalarının olmasını və həmin ölkələrin Qərb yönümlü siyasət yürütməsini nəzərə alsaq, görəcəyik ki, qarşıdurmalar rəsmi Vaşinqtonun razılığı ilə həyata keçirilir. Yəməndə hakimiyyəti zəbt edənlər dini məzhəb baxımından özlərini şiə kimi təqdim edirlər. Səudiyyə Ərəbistanında əhalinin əksəriyyətini sünnilər təşkil edir. Diqqət çəkən məqam odur ki, Səudiyyə Ərəbistanının Şərqində neft yataqları mövcuddur. Və orda da şiələr yaşayır. Onlar da Səudiyyə Ərəbistanına arxadan zərbə endirəcəklər”.
Ekspert bildirib ki, Yəməndəki şiələrin müdaifəsində İranın adı çəkilir: "Qərb mətbuatında buna dair müxtəlif məlumatlar yer alıb. Prosesə İran da qatıla bilər. Yeni reallıqda Fars körfəzində onsuz da mürəkkəb olan vəziyyət daha da kəskinləşəcək. Gərginləşmənin pik nöqtəsi isə İranla
Səudiyyə Ərəbistan arasında hərbi toqquşmanın baş verməsində özünü göstərə bilər. Bu da barıt çəlləyi olan Fars körfəzində çox böyük partlayışa yol aça bilər”.
"Azərbaycan Yəməndəki böhrana dair hansı mövqeni tutmalıdır” sualına gəlincə, politoloq söyləyib ki, ölkəmiz ziddiyyətlərin dinc yolla həllində maraqlıdır: "Yəmən, Azərbaycan və Səudiyyə Ərəbistan islam ölkələridir. Müsəlman dövlətlərinin geopolitik maraqlar səbəbindən toqquşması reallığı heç bir zaman təqdir oluna bilməz. Təhlükəli tendensiyadır. Müsəlman birliyinin pozulması mənafeyinə xidmət göstərir. Təbii ki, islamafobiya tərəfdarları belə ssenarilərin inkişafında çox maraqlıdırlar. Bu reallıqlardan xeyli faydalanmaq istəyirlər. Həmin qüvvələr toqquşmada maraqlıdırlar və "parçala, hökm sür” siyasətini həyata keçirirlər. Azərbaycan belə gedişlərin əleyhinədir və bu konfliktin dialoq yolu ilə tənzimlənməsini istəyir”.
Ayyət Əhməd