“Biz ziyalılar da müraciət edirik, hökumət ona kömək olsun”

Yataq xəstəsi olan alimin səhhəti ölkə ziyalılarını narahat edir
"Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev 4 ildir ki, yataq xəstəsidir. Onun maddi durumu dözülməz vəziyyətdədir. Ömrünü elmə, insanlığa, millətinə və dövlətinin ucalığına həsr etmiş 88 yaşlı alimə sahiblənmək hər birimizin borcudur”.
Bunu "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib. Görkəmli alimin səhhəti ilə bağlı yaranmış problemi gündəmə gətirən Z.Məmmədli filosofun dövlət tərəfindən nəzarətə götürülməsi ilə Prezident İlham Əliyevə müraciət hazırladığını bildirib: "Camal Mustafayev kimi ziyalı şəxsiyyətlər hər cür qayğı ilə əhatə olunmalıdır. Heç kim, xüsusilə media buna biganə qalmamalıdır. C.Mustafayev folklorumuza, aşıq poeziyasına, müasir şeirimizə səmərəli tövsiyələri ilə bu sahələrin inkişafında xüsusi rol oynayıb. O, hər zaman dövlətçilik mövqeyində durub, milli və dövlət bütövlüyümüzü təbliğ edib, el ağsaqqalı kimi hörmət qazanıb. Ancaq indi ömrünü elmə, millətinin tərəqqisinə həsr etmiş elm fədaisinin maddi durumu çox ağırdır. Ailə üzvlərinin durumu da yetərli deyil. Onun dövlətin himayəsinə alınması, xüsusi təqaüd ayrılması, sağlıq durumu ilə bağlı müvafiq səhiyyə idarəsinə göstəriş verilməsi çox təqdirəlayiq olar”. Məlumat üçün bildirək ki, Camal Vəli oğlu Mustafayev Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirib. 1968-76-cı illər arasında Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda Fəlsəfə kafedrasının, 1976-cı ildə Bakı Dövlət Universitetinin Etika və Estetika kafedrasının müdiri vəzifələrində çalışıb. 2000-ci ildən Xəzər Universitetinin Tərcümə Araşdırmaları Mərkəzinə rəhbərlik edib. Onlarla elmi əsərin, yüzlərlə məqalənin müəllifidir. 1982-ci ildə ona Azərbaycan SSR Əməkdar elm xadimi fəxri adı verilib.
Alimi yaxından tanıyan ziyalılar Z.Məmmədlinin müraciətinə qoşulduqlarını, C.Mustafayevə yardım edilməsinin zəruri olduğunu deyiblər.
Alimlə bağlı qaldırılan məsələyə münasibət bildirən "Borçalı” Cəmiyyətinin təsisçisi Eyvaz Borçalı "Şərq”ə deyib ki, Prezidentə ediləcək müraciəti dörd əlli dəstəkləyir: 
"Camal Mustafayev dövlətin diqqət və qayğısına layiq adamdır, görkəmli alim və ziyalıdır. Xəstə olduğunu bilirəm, yaşlı insandır. Ona yardım edilməsi çox gözəl olardı. Özü də əgər ehtiyacı varsa, yəni ilin-günün bu vaxtında yardım lap yerinə düşərdi. Mənim özümün də tərpənməyə halım yoxdur, xəstəyəm. Ona görə də kimisə ziyarətə gedə bilmirəm”.
Keçmiş təhsil naziri, professor Firudin Cəlilov da hesab edir ki, ömür boyu xalqa və dövlətə xidmət etmiş bir alim hər zaman dövlətin qayğısını üzərində hiss etməlidir: 
"Hansı formadasa alimə yardım edilməsi müsbət hal olar. Qocadır, ölüm ayağındadır. Biz ziyalılar da müraciət edirik ki, ay hökumət, ona kömək elə. Yəqin ki, sözümüz eşidilər və C.Mustafayevin səhhəti ilə maraqlanarlar”.
"Xəzər” Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı bildirib ki, ziyalı şəxslərə dövlətin qayğı və diqqəti mühümdür: 
"Camal Mustafayev görkəmli filosofdur. Onunla çox yaxın münasibətim var. Atamla da yaxşı dost olublar. Bir kənddə həm qonşu, həm də qohum olmuşuq. O, uzun zamandır "Xəzər” Universitetində şöbə müdiri vəzifəsində çalışır. Yəni dərindən tanıdığım və böyük qiymət verdiyim azsaylı insanlardan biridir. Amma düşünürəm ki, Camal müəllimin vəziyyətini ictimailəşdirməyə o qədər də ehtiyac yoxdur. Çünki onu hər yerdə kifayət qədər yaxşı tanıyırlar, nüfuzlu adam kimi qəbul edirlər. Hökumət dairələri də alimi yaxşı tanıyır. Əlbəttə, ziyalı şəxslərə dövlətin qayğı və diqqəti mühümdür. Xüsusən də onların yaşlı vaxtlarında. Amma nəzərə çatdırım ki, onsuz da Camal müəllimin ətrafında olan ziyalılar, dostlar onunla yaxından maraqlanır, kömək edirlər. Təbii ki, hökumət tərəfindən də başqa nələrsə ola bilər. Niyə də olmasın? Ancaq bunun ətrafında hay-küy yaratmaq lazım deyil”.
İsmayıl