“Bizdə 1000 manata olan ehtiyat hissəsi Gürcüstanda 200 manatdır”
Elməddin Muradlı: “Mağazalar və ya satış mərkəzləri elə düşünürlər ki, camaatın anlayışı yoxdur”
Azərbaycanda satılan avtomobil ehtiyat hissələri sertifikatlaşdırılacaq. Nazirlər Kabinetinin 27 noyabr 2015-ci il tarixli, 369 nömrəli Qərarı ilə avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri təhlükəsizliyi təmin olunmalı məhsulların siyahısına daxil edilib. Qərara əsasən, bundan sonra ölkəyə idxal edilən, həmçinin istehsal edilən avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri yalnız sertifikatlaşdırıldıqdan sonra dövriyyəyə buraxıla bilər.
Məlumat üçün bildirək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehlakçılara akkreditasiya olunmuş qurumlar tərəfindən təhlükəsizliyi təsdiq olunmamış, sertifikatlaşdırılmayan ehtiyat hissələrini almamağı tövsiyə edir.
Bunun doğru qərar olduğunu söyləyən "Avtosfer”.az saytının redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Şərq”ə açıqlamasında qeyd edib ki, avtomobil ehtiyat hissələrinin təhlükəsizliyi təmin olunmalı məhsulların siyahısına salınması yaxşı haldır: "Bunu müsbət qarşıladıq. Doğrudan da bu gün Azərbaycan bazarında keyfiyyətsiz ehtiyat hissələri kifayət qədərdir. Bu da alıcılıq qabiliyyətilə bağlıdır. Alıcıların bahalı məhsullara imkanı çatmır və məcbur olub alternativ variant seçirlər. Hazırda istənilən ehtiyat hissələri mağazasına daxil olub, eyni məhsulun Türkiyə, Dubay və başqa versiyalarını görə bilərik. Bir ehtiyat hissəsi üçün müraciət edəndə adama 4 model təqdim edirlər. Təbii ki, hər kəsin ehtiyat hissələrindən anlayışı yoxdur. Məhsulun orijinal və saxta olduğunu hər kəs ayırd edə bilmir. Ona görə də, keyfiyyətsiz mallar bəzən orijinal adı ilə sırınır. Alıcı malın keyfiyyətini bilmir. Aparır ustaya, usta da qoşub, düzəldir. Və həmin detal qısa müddət ərzində sıradan çıxır. Bunlar şəxsən özümün başıma gəlib.
Mən Azərbaycanda "Hunday” modeli üçün normal amartizator tapa bilmirəm. Haradan və hansı qiymətə alıramsa, 3 aydan sonra keyfiyyətini itirir. Artıq avtomobilin amartizatorlarını yığdırmaq məcburiyyətində qalmışam. Bəzi ustalar var ki, başqa avtomaşınların amartizatoru ilə calaq edirlər. Bu daha sərfəli olur. 4 amartizator almaq üçün 350-400 manat xərcləyirəmsə, usta onu 150-200 manata calaq edib yığır. Artıq o varianta keçmişəm. Azərbaycanda "Hunday”ın servisindən aldığım amartizator 3-4 aydan çox çəkmir”.
Paytaxt yollarının bərbad gündə olduğunu söyləyən ekspert bildirib ki, yağış yağanda əsas deyil, ara yollar çox dözülməz hala düşür: "Yollar gölməçə olur. Gölməçədə də çökəklər görünmür. Getdiyimiz yerdə çuxura düşürük ki, bu da nəinki amartizatora, bütövlükdə avtomobilə ziyandır. Belə olan halda ehtiyat hissəsini satanı da qınamaq olmur. Əlbəttə, belə yollara amartizator dözməz. İndi artıq dövlət məsələyə müdaxilə etmək istəyir. Yəqin ki, bu ehtiyat hissələrinə dövlət nəzarəti olacaq”.
E.Muradlının qənaətincə, ölkəmizə xaricdən ehtiyat hissələri gətirilməsi tələbatdan irəli gəlir: " Elə ehtiyat hissələri var ki, onu ölkəmizdə 1000 manata təqdim edirlər. Amma adam var, gedir onu Gürcüstandan 200 manata alıb gətirir. Fərqə baxın. Bu nədən irəli gəlir? Ola bilsin ki, mağaza gətirəndə Gömrükdə başqa məsələlər ortaya çıxır. Bu səbəbdən də mağaza gətirib onu baha qiymətə satır. Yaxud da mağazalar və ya satış mərkəzləri elə düşünürlər ki, camaatın anlayışı yoxdur. İstədikləri qiyməti tətbiq edə bilərlər. Nazirlər Kabineti təhlükəsizliyi təmin olunmuş məhsullar sırasına ehtiyat hissələrini də qatırsa, nəzarət olmalıdır. Kim necə istəyir, üstünə o qiyməti qoyub, satır. Ölkəmizdə min manata satılan avtomaşın hissəsi Gürcüstandan 200 manata əldə olunur. Səbəbləri araşdırılmalıdır. Sözügedən sahədəki özbaşınalığa son qoyulmalıdır”.
Həmsöhbətimiz qeyd edib ki, qonşu Gürcüstanda ehtiyat hissələri çox ucuzdur: "Elə adamlar var ki, maşını işləməyəndə, birbaşa Gürcüstana gedib, arada təmir etdirib, gəlir. Çünki Bakıda maşının yığılması üçün min manat istəyirlərsə, Tiflisdə bu, 200 manata başa gəlir. Azərbaycandakı nəqliyyat vasitələrinin sayı bir milyon 3 yüz mini keçib. Bu qədər tələbat varkən biz niyə pis yollara düşməliyik? Necə olur ki, Gürcüstanda 200 manata düzələn maşını bizdə min manata düzəldirlər? Problem bununla bitmir. Dincəlmək, avtomobilini təmir etdirmək istəyənləri ölkədən qaçırdıb, əlimizlə öz çörəyimizi Gürcüstana veririk”.
Yanacağın keyfiyyətindən danışan həmsöhbətimiz bəyan edib ki, bu sahədə də Gürcüstan bizdən qabaqdadır: "Keyfiyyətli yoldan danışsaq, yenə Gürcüstan bizdən irəlidədir. Fikir verin, "Akkord”un Azərbaycanda çəkdiyi yollar dağılır, amma Gürcüstanda çəkdiyi yollar illərlə gedir. Necə olur ki, eyni şirkət bizdə baha qiymətə keyfiyyətsiz yol tikir, Gürcüstana gedib, o yolu ucuz, lakin keyfiyyətli çəkir? Buna cavab verilməlidir”.
Ekspert yanacağın keyfiyyətindən də gileylənib: "Baxın, Gürcüstanda maşını tam çən dolduranda 7-8 yüz kilometr sürmək olur. Azərbaycanda isə tam çənlə ancaq 4 yüz km sürmək mümkündür. Halbuki Gürcüstan yanacağı bizdən alır. "Socar” burda da var, orda da. Nədənsə, özümüzə zay benzin satırıq, onlara yaxşısını? Bu, bəladır. Özümüzə dəyər vermirik, xariciyə isə yaxşıyıq”.
E.Muradlı hesab edir ki, Nəqliyyat Nazirliyi (NN) və Dövlət Yol Polisi (DYP) bu sahəyə ciddi nəzarət etməlidir: "Avtomaşın sexlərinə nəzarət olunur. Bu səlahiyyəti NN-ə həvalə ediblər. Bəzi hallarda DYP də müdaxilə edir və istənilən təmir sexinə gedərək ondan nəzarət əvəzinə 40-50
manat alıb işini bitmiş hesab edir. Bu, nəzarət mexanizmi deyil. Qanunvericiliyə görə, hər şey araşdırıb, müayinədən keçirilməlidir. DYP və NN nəzarət etmirsə, kim nəyi, hansı qiymətə istəyir satacaq. Nəzarət mexanizmləri olmalıdır”.
Müsahibimiz diqqətə çatdırıb ki, ölkəmizdə ehtiyat hissələrinin dövriyyəsi milyon manatlarla ölçülür: "Elə mağazalar mövcuddur ki, 50 milyonluq mal var”.
Sonda ekspert onu da əlavə edib ki, hər bir ehtiyat hissəsinə bir insan həyatı kimi yanaşmaq lazımdır: "Məsələn, lampa alırsan, 10 gündən bir yanır. Kimsə 5-3 manat və 20 qəpik irəli düşmək üçün gətirib, zay məhsul satır ki, bu da problemlər yaradır. Çıxın axşamlar şəhərdə baxın. Əksər avtomobilin işıqları yanmır. Soruşsan, deyəcək ki, ötən həftə dəyişmişəm. İnsan amilinə dəyər verilmir. Hamı biri-birini aldatmaqla məşğuldur”.
Ayyət Əhməd