BMT gərəksiz quruma çevrilib

Natiq Miri: “Bir çox beynəlxalq qurumlar çox ciddi islahatlara getməlidir”



Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsindən danışıb. O, Avropa Şurası Parlament Assambleyasının yay sessiyasındakı çıxışı zamanı tərəflərin indiyə kimi sülh nizamlanmasına nail ola bilməmələrindən və gərginliyin artmasından narahatlığını ifadə edib.

Qurum rəsmisinin sözlərinə əsasən, münaqişənin hərbi həlli təkcə münaqişə tərəfləri üçün deyil, həm də bütün region üçün dağıdıcı olacaq: "Ümid edirəm ki, ATƏT-in Minsk Qrupu tərəflərə münaqişənin konstruktiv, sülh yolu ilə həllinə nail olmağa kömək edəcək”.

Baş katibin açıqlamasını şərh edən politoloq Natiq Miri "Şərq”ə açıqlamasında qeyd edib ki, bu hal beynəlxalq təşkilatların böhran vəziyyətində olmasından xəbər verir: "Bütün dünya dövlətlərini özündə birləşdirən BMT artıq gərəksiz və verdiyi qətnamələri icra edə bilməyən quruma çevrilib. Üstəgəl, onu da nəzərə almaq lazımdır ki, bu təşkilat iflic vəziyyətdədir. Məlumdur ki, Rusiya Ukraynanın tərkib hissəsi olan Krımı işğal edib. Donbasda savaş gedir. Buna baxmayaraq BMT Təhlükəsizlik Şurasında Rusiya əleyhinə bir qətnamə belə qəbul edilmir. Çünki bütün dünyanın taleyi 5 dövlətin öhdəsinə verilib. Onlar da öz geosiyasi maraqlarından çıxış edirlər. Bu təşkilatda ədalət adlı heç bir faktor qalmayıb. Düşünürəm ki, BMT də daxil bir çox beynəlxalq qurumlar çox ciddi islahatlara getməlidir. Təhlükəsizlik Şurasında təmsil olunan dövlətlərin sayı 5 deyil, 10 olmalıdır ki, ədalətli qərarlar qəbul etmək mümkün olsun. Bu cür ədalətsizliklər və geosiyasi oyunlar olduqca, Dağlıq Qarabağ probleminin həlli illərlə uzanacaq”.

Ayyət Əhməd