BMT-nin 4 qətnaməsinə Lavrov yanaşması...

Elxan Şahinoğlu: “Sergey Lavrov və BMT-nin baş katibi Antonio Quterreş beynəlxalq hüquq normalarını kobud formada pozdular”
Məhəmməd Əsədullazadə: “Azərbaycan tərəfi Lavrovun moderatorluğu ilə aparılan bütün danışıqlardan imtina etməlidir”


"BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri hərbi əməliyyatlar dövründə qəbul olunub”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov BMT baş katibi Antonio Quterreşlə birgə keçirdiyi mətbuat konfransında deyib. Lavrov bildirib ki, bu qətnamələr ərazidə atılan addımlar, o cümlədən Rusiya tərəfindən görülən işlərlə birlikdə qanlı hadisələri dayandırmağa və prosesi siyasi dialoq məcrasına daşımağa imkan verib:

"Hər kəsin razılığı ilə Minsk Qrupu yaradıldı və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi yolu ilə siyasi həllə nail olunmasına dair razılığa gəlindi. Biz hamımız hələ də bu işlə məşğuluq. Moskva digər həmsədr ölkələr olan Fransa və ABŞ ilə birlikdə bunun üzərində işləyir. Bunun baş verməsi üçün münaqişə tərəfləri arasında konsensusun olması vacibdir. Əgər konsensus olarsa, əminəm ki, münaqişənin həlli çox da uzaqda olmayacaq”. 

BMT-nin baş katibi Antonio Quterreş isə bildirib ki, bütün üzv dövlətlər tərəfindən Təhlükəsizlik Şurasının qətnamələrinə tam şəkildə əməl olunması zəruridir. Rusiya XİN rəhbəri Lavrovun açıqlaması, o cümlədən BMT baş katibi Quttereşin məsələyə yanaşması Azərbaycan ictimaiyyəti və politoloqları tərəfindən tənqidlə qarşılanıb.

Siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, BMT baş katibinin "Təşkilata üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməlidir” ifadəsi qüsurludur. Politoloqun sözlərinə görə, BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməklə kifayətlənməli deyil, qərarları icra etməlidirlər: 

"Yerinə yetirilməyən qərarlarla bağlı bəlli mexanizmlər var və onlar hərəkətə gətirilməlidir. Sergey Lavrov da verilən suala ikibaşlı cavab verib. Birincisi, deyib ki, Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində işləməyə davam edirlər. Necə işlədiyini 20 ildən çoxdur hamımız görürük. Cavabın sonrakı hissəsi daha maraqlıdır. Deyir ki, "bu qətnamələr hərbi əməliyyatlar dövründə qəbul olunub. Onlar böyük ölçüdə bu qanlı vəziyyətə son qoymağa və məsələni siyasi dialoqa çevirməyə imkan verib”. 

Yəni bir kəlmə ilə də olsun qətnamələrin məğzinə toxunulmayıb. Lavrovun sözlərindən belə çıxır ki, BMT qətnamələri sadəcə atəşkəsə nail olmaq və sonu görünməyən dialoqa başlamaq üçün idi. Bəs həmin qətnamələrdəki "işğal altındakı rayonlar azad olunmalıdır” ifadəsi niyə unuduldu?
Sonra da şikayət edirik ki, Ermənistan niyə BMT-nin 4 qətnaməsini yerinə yetirmir? Yerinə yetirməz də. Qətnaməni qəbul edən təşkilatın və ona səs verən əsas ölkənin təmsilçiləri onun yerinə yetirilməsini də vacib saymırlar. Rusiya xarici işlər naziri Sergey Lavrov və BMT-nin baş katibi Antonio Quterreş beynəlxalq hüquq normalarını kobud formada pozdular. Onların BMT-nin Dağlıq Qarabağa bağlı 4 qətnaməsinin müharibə dönəminə aid olduğunu bildirmələri Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaqdır”.

Politoloq Məhəmməd Əsədullazadə də deyib ki, Lavrovun bu açıqlaması Rusiyanın rəsmi mövqeyi kimi qəbul edilməlidir: 

"Minsk Qrupunun həmsədri olan Rusiya açıq formada ali qurumun 4 qətnaməsini heçə sayır və Ermənistanın işğalçı ölkə olması faktını beynəlxalq hüquqdan çıxarmaq istəyir. Bu baxımdan, Lavrovun açıqlaması təhlükəlidir. O, sanki Ermənistan prezidentinin Qarabağ üzrə köməkçisi kimi çıxış edir. Hazırda BMT-nin Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsi qüvvədədir. Həmin qətnamələrə görə, Azərbaycan öz ərazilərini işğaldan azad etmək hüququnu özündə saxlayır. Lavrovun da niyyəti budur ki, Azərbaycan danışıqlar masasında, yaxud qeyri-vaxtlarda bu qətnamələrə istinad etməsin. 

Görünən budur ki, Azərbaycan ordusunun Naxçıvanda strateji əraziləri azad etməsi Ermənistanla yanaşı, Rusiyanın baş diplomatını da narahat edir”. M.Əsədullazadə hesab edir ki, Lavrov Qarabağ danışıqlarına zərbə vuran əsas qüvvələrdən biridir: "Hesab edirəm ki, Azərbaycan tərəfi buna görə də Lavrovun moderatorluğu ilə aparılan bütün danışıqlardan imtina etməlidir. Ümumiyyətlə, Sergey Lavrov ölkəmiz üçün "arzuolunmaz şəxs” elan olunmalıdır. Bu şəxs Rusiyanın Xarici İşlər Nazirliyini anti-Azərbaycan mərkəzinə çevirib”.

İsmayıl