Böcəklə qidalanıblar: Yerin altından 41 gün sonra qurtuldular






Tanzaniyanın şimal-qərbindəki Şinyanga şəhərində bir mədəndə 41 gün dağıntı altında qalan 5 işçinin qurtarıldığı bildirildi. Şinyanga polis komandiri Justus Kamugişa, verdiyi açıqlamada, mədəndə təxminən 120 metr dərinlikdə olan bir tunelin, 5 oktyabrda çökməsi nəticəsində yerin altında qapalı qalan 5 mədən işçisinin qurtarıldığını söylədi. Kamugişa, xəstəxanaya çatdırılan mədən işçilərinin vəziyyətlərinin kritik olduğunu ifadə edib. Şinyanga bölgə xəstəxanasının həkimi Cozef Ngowi, işçilərin həyatda qalmasını möcüzə adlandırıb. Ngowi, "Normalda, sağlam bir insan qidasız təxminən 14 gün yaşaya bilər. Dağıntı altında qalan işçilər, qapalı qaldıqları çuxurda tapdıqları böcəkləri yeyərək 41 gün boyunca həyatda qalmağı bacarıblar" deyib.

Böcək yeməyi rədd edən işçi acından öldü

Mədən işçilərindən Chacha Wambura da yer altında keçən ilk yeddi gündən sonra ümidlərini itirdiklərini, ancaq daha sonra günəş işığının sızdığı bir çatlaq və ətrafında su kəşf etdiklərini ifadə edir.
"Həyatda qalmaq üçün tarakan, qurbağa və tunelləri bərkitmək üçün istifadə edilən dirəklərin qabıqlarını yedik. Murdar da olsa papaqlarımıza doldurduğumuz suları içdik" deyən Wambura, yanlarındakı bir işçinin böcək yeməyi rədd etdiyini və acından öldüyünü söylədi.
Şinyangadakı mədəndə baş verən dağıntıda qapalı qalan cəmi 20 işçidən 14-ü əvvəl qurtarılmışdı.
Səlahiyyətlilər, qəzadan 6 gün sonra dağıntı altında qapalı qalan işçiləri qurtarmanın qeyri-mümkün olduğunu açıqlamışdı.