Səudiyyə Ərəbistanı ilə İran arasındakı ziddiyyətlərdən geosiyasi maraqlar üçün istifadə olunur
“İki neft ölkəsinin hərbi müstəvidə mübarizəyə keçməsi ehtimalı azdır”
"Suriyada 400 min insanın öldürülməsinə səssiz qalanlar bir nəfərin edamına görə dünyanı ayağa qaldırır”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezident bildirib ki, məzhəb fitnəsi bir daha islam dünyasını sarsıdır, müsəlmanları qarşı-qarşıya gətirirlər:
"Qərəzli qüvvələr istəyirlər ki, islam dünyasında bir məzhəb savaşı başlasın və islam dünyası öz içində param-parça olsun. Suriyada, İraqda, Yəməndə, Livanda yaşananların arxasındakı ən önəmli səbəbin məzhəb fitnəsi olduğunu bilirik”. Ərdoğan Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimrin edamının bu ölkənin daxili işi olduğunu söyləyib: "Səudiyyə Ərəbistanındakı qərar daxili hüquq məsələsidir. Bu qərar daha öncədən verilib. Bunu qəbul edib-etməmək ayrı məsələdir. Lakin Səudiyyə Ərəbistanının səfirliklərinin yaxılıb-yaxılmaması qəbuledilməzdir. Misirdə mindən çox insan haqqında edam qərarı verildi. Amma heç kim bundan danışmadı”.
Səudiyyə Ərəbistanı və İran qarşıdurması ilə bağlı "Şərq”ə danışan "Tolerant” Sosial Araşdırmalar Birliyinin sədri, tanınmış politoloq Azər Rəşidoğlu isə deyib ki, ərəb ölkələri, ümumiyyətlə, müsəlman dünyası müstəqil subyekt kimi çıxış etmirlər: "Müsəlmanlar istər ABŞ-ın, istərsə də Rusiyanın yazdığı ssenarilərdə sadəcə sıravi oyunçulardır. Rusiyada türk-slavyan və rus-müsəlman birliyi kimi layihələr hər zaman mövcud olub. Onlar istədikləri vaxt əllərindəki vasitəni işə salırlar. ABŞ da bu planı bir qədər fərqli formada tətbiq edir. İran və Səudiyyə Ərəbistan arasındakı qarşıdurmada ilk baxışda görünən məzhəb savaşıdır. Ancaq burada məzhəb savaşından daha çox geosiyasi maraqlar uğrunda mübarizə aparılır. Sadəcə olaraq ayrı-ayrı məzhəblərin nümayəndələrindən geosiyasi maraqlar naminə istifadə edilir”. Politoloq bildirib ki, Yaxın Şərqdə balans siyasəti yenidən dəyişir və bölgə uğrunda açıq mübarizə gedir: "Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik məzh bu qütbləşmənin təzahürüdür. Bir tərəfdə Səudiyyə Ərəbistan, Türkiyə, İsrail, ABŞ, Suriyadakı müxalif "Azad Suriya Ordusu” və bəzi NATO ölkələri durur. Digər tərəfdə isə İran və Rusiya kimi dövlətlər dayanır. Təbii ki, bu proseslər istər-istəməz bölgə ölkələrinə də təsir edir. O cümlədən də Azərbaycana. Ancaq indiki şəraitdə tərəflər arasında sadəcə soyuq müharibə aparılacaq. İki neft ölkəsinin hərbi müstəvidə mübarizəyə keçməsi ehtimalı azdır”.
İsmayıl