Boltonun 4 ölkəyə səfərinin məqsədi informasiya toplamaqdır

Amerikalı müşavir bilmək istəyir ki, İrana qarşı növbəti sanksiyalar tətbiq olunduqda, bu təzyiqlər dörd ölkənin iqtisadiyyatına hansı formada təsir göstərəcək


ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri, xarici siyasətdə sərt xətt tərəfdarı olan və xüsusən İrana qarşı aqressiv mövqeyi ilə tanınan Con Bolton Rusiyaya və Cənubi Qafqaz respublikalarına səfərinin tarixini açıqlayıb. Məlumat üçün deyək ki, səfər barədə ilk dəfə erməni politoloqlardan biri məlumat yaymışdı. Amma rəsmi kanallarda bu haqda heç nə deyilmirdi. Ötən gün Bolton özü məsələyə aydınlıq gətirib və səfər planını təsdiqləyib:

 "Oktyabrın 20-də həmkarlarım və digər yüksək vəzifəli şəxslərlə təhlükəsizlik sferasında Amerika maraqlarının irəli aparılması məqsədi ilə regiona səfər edəcəm. Səfər çərçivəsində Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanda müxtəlif görüşlər keçirəcəm”. Analitiklər hesab edir ki, Con Boltonun səfərinin əsas məqsədi İrana qarşı tətbiq edilmiş sanksiyaların həyata keçirilməsinə dair region ölkələri ilə danışıqlar aparmaqdır. Lakin ekspertlər digər məqamların da müzakirə olunacağını istisna etmirlər.

Gözlənilən səfəri "Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, Boltonun 4 ölkəyə səfəri İrana qarşı sanksiyaları sərtləşdirə bilməz. Onun sözlərinə görə, Rusiya və Azərbaycanın İrana qarşı sanksiyalara qoşulacağı inandırıcı deyil:

"Səfər zamanı daha çox iqtisadi məsələlər, enerji layihələri, ticarət əlaqələri müzakirə olunacaq. Həm də Bolton bilmək istəyir ki, İrana qarşı növbəti sanksiyalar tətbiq olunduqda, bu təzyiqlər dörd ölkənin iqtisadiyyatına hansı formada təsir göstərəcək. O cümlədən, sanksiyadan sonra bölgə dövlətlərinin reaksiyası necə olacaq. İranın qonşu ölkələr vasitəsi ilə sanksiyalardan çıxmağa cəhd göstərməsi Amerikanı narahat edir. ABŞ-ın narahatlığını başa düşmək lazımdır, çünki dörd ölkənin hamısı İranla sıx əlaqələrə sahibdir. Bu baxımdan Boltonun səfəri zəruri və məcburidir. Şübhəsiz ki, Boltonun səfəri çərçivəsində regional təhlükəsizlik məsələləri də müzakirə mövzusu olacaq”.

İsmayıl