
Böyük komanda: 11 ilin “APA”sı...
Vüsalə Mahirqızı: “Jurnalist narazı olmasa, yaza bilməz”Nurşən Quliyev: “Azərbaycan mətbuatının xaos dövründə, sosial şəbəkələrin mətbuatla biri-birinə qarışdığı dövrdə, mətbuatın harada başlayıb harda bitdiyinin, nəyin informasiya olub, nəyin informasiya olmadığının


"Azəri-Press” Agentliyinin (APA) fəaliyyətə başlamasından 11 il ötüb. Agentlik 2004-cü il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və "on-line” sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Agentlik həftənin bütün günləri hər beş dildə ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə olmaqla iqtisadi və siyasi analitika bülletenləri hazırlayır. Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Adı çəkilən dövlətlərin bir sıra yayım quruluşları ilə əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən bu qurumlarla informasiya mübadiləsi aparılır.
Agentliyin müştəriləri arasında Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklər, beynəlxalq təşkilatların təmsilçilikləri, dövlət orqanları, nazirliklər, maliyyə qurumları, beynəlxalq maliyyə təşkilatlarının ölkəmizdəki nümayəndəlikləri, xarici şirkətlər, yerli və xarici biznes strukturları da var. Azərbaycanda nəşr olunan və yayımlanan əksər kütləvi informasiya vasitəsi APA-nın abunəçisidir. Abunəçilər sırasında ölkənin aparıcı iqtidar və müxalifət mətbuatı, müstəqil media qurumları üstünlük təşkil edir. Ölkənin əksər qeyri-hökumət təşkilatları, xarici dövlətlərdə fəaliyyət göstərən Azərbaycan diaspor qurumları da APA-nın abunəçisidir.
APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin Türkiyə, Rusiya, Gürcüstan, Mərkəzi Asiya, Fransa və ABŞ-da ofisləri fəaliyyət göstərir. İndiyədək bir çox ölkənin dövlət və hökumət başçıları, nazirlər, BMT-nin strukturuna daxil olan beynəlxalq təşkilatların rəhbərləri APA-ya eksklüziv müsahibələr veriblər. Agentliyin Avropa Şurasında ofisi fəaliyyət göstərir.
APA-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı "APA-Economics” bölməsi fəaliyyət göstərir.
"APA Economics”in əsas məqsədi oxucularına ölkədə və dünyada baş verən mühüm iqtisadi yenilikləri operativ və obyektiv şəkildə çatdırmaqdır. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial sahə və s. ən son xəbərlər, təhlillər bu bölmədə toplanır.
"APA-Economics” iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən obyektiv analitik məqalələr, müxtəlif icmallar təqdim edir. "APA-Economics” Azərbaycana "renkinq mədəniyyətini” gətirdi desək, yanılmarıq. "APA-Economics”in tərtib etdiyi bank, sığorta və birja iştirakçılarının renkinqi hər zaman oxucular tərəfindən maraqla qarşılanıb. Maraqlıdır ki, bir çox bank, sığorta şirkətlərinin rəhbər şəxsləri "APA-Economics”in tərtib etdiyi renkinqləri istinad nöqtəsi kimi göstərir.
Agentliyin foto fondunda 250 000-dən çox şəkil var.
APA "Global Certfication Limited” şirkətinin "İSO 9001:2008” beynəlxalq standartı üzrə "Keyfiyyətli İdarəetmə Sistemi” sertifikatına layiq görülüb.
Agentlik 2012-ci ildən etibarən "APA Holdinq” MMC-nin tərkibində fəaliyyət göstərir.
"APA”nı "birinci övladı” hesab edən holdinqin prezidenti Vüsalə Mahirqızı çox kiçik bir qurum kimi fəaliyyətə başladıqlarını deyib. Amma bu gün böyük bir holdinqə rəhbərlik edir: "Ən yaxın dostlarım belə soruşur ki, bu nəhəng sistemin içində necə bacarırsan? Ancaq sistemi başdan quranda heç nə çətin olmur: hesab edin ki, bir qurğudur və sən onu başdan yığmağa başlamısan. Ona görə, nəyin harada olduğunu bilirəm. Bu işin içində olduğum üçün onun ağırlığını hiss etmirəm”.
Ötən müddət ərzində kollektivin idarəçiliyinə tək sahiblənmədiyini vurğulayan Vüsalə xanım deyib ki, APA holdinq olduğuna görə Direktorlar Şurası var və Nurşən Quliyev APA-nın baş direktoru olmaqla yanaşı, həm də bu Şuranın rəhbəridir: "Yanımda olan insanlar böyük qüvvədir, mən heç vaxt buradan gedəndə deməyiblər ki, sən getdin, vəziyyət pis olacaq. Hər zaman "get, gözün arxada qalmasın” deyiblər. Gecə-gündüz, bayram və istirahət günləri biri-birimizi rahatca ötüşdürə bilirik. Mən yoxam, onlar burada olsun, heç bir problem yoxdur”.
Vüsalə xanımın sözlərinə görə, idarəçiliyin əsas məsələsi ondan ibarətdir ki, sən kimləri idarə etdiyini nəzərə almalısan. Bu, bürokrat deyil, işçi sinfi də deyil. Bunlar məhz ziyalı və ictimai-sosial olaraq həmişə hər şeydən narazı olan adamlardırlar: "Hərdən, bizim texniki işlərə baxan işçimiz mənə deyir ki, Vüsalə xanım, bu jurnalistlərə bunu edirsən narazıdır, onu edirsən narazıdır... Deyirəm ki, siz narahat olmayın, onlar həmişə narazı olacaqlar. Əsas odur ki, iş sistemi yaxşı olsun: isti su gəlsin, otaqlarının istiliyi yerində olsun, qazları, çay-qəndləri, hər şey yerli-yerində olsun. Amma bu jurnalistlər yenə nədənsə narazı olmağa bir şey tapacaqlar... Jurnalist narazı olmasa, yaza bilməz”.
Yeni yaranan zaman bazarda çoxlu rəqibləri olduğuna diqqət çəkən holdinq prezidenti rəqabət mühitinin bu gün də genişləndiyini vurğulayıb: "Nəzərə alaq ki, indiki şəraitdə öndə olmaq çox çətindir. Ümumiyyətlə, xəbər tapmaq, xəbərlə işləmək çox çətindir, o xəbərlə ki, onu həm müxalifət, həm iqtidar, həm də müstəqil media qəbul edir. Xəbərin ömrü saniyələrlə ölçülür. Həm də əsas məsələ xəbəri tez vermək deyil, dolğun, obyektiv, qərəzsiz, tərəfsiz xəbər verməkdir. Bütün bunları etmək indiki zamanda bir az çətindir. Artıq biz daha çox APA-nın Azərbaycanın daxilində necə xəbər yazması ilə deyil, Azərbaycandan xaricdə necə təmsil olunması, beynəlxalq konfranslarda APA-nın adı ilə Azərbaycanı təmsil etmək, daha çox beynəlxalq bürolar, təmsilçiliklər açmaq, daha çox böyük ölkələrin kütləvi informasiya vasitələri ilə əməkdaşlıq müqavilələri imzalamaq üstündə işləyirik. Hesab edirəm ki, biz artıq daxili bazarı qət etmişik və ön sıralardayıq. Ona görə də bizim üçün daha çox xaricə meyillənmək, xariclə işləmək perspektivi durur. Bəzi dostlarımız hesab edirlər ki, APA-ya xəbərlər sinidə gəlir, belə şey yoxdur. Biz xəbərlərimizin hamısını "dırnaqlarımızla” əldə edirik. Bu gün də xəbərdə birinci olmaq üçün mücadiləmiz davam edir”.
"APA Holdinq”də heç vaxt ayrı-seçkilik olmadığını vurğulayan V.Mahirqızı hər gün naharını APA-nın mətbəxində etdiyini deyib: "Kollektivlə bir stol arxasında əyləşirik, çay içirik, söhbət edirik. Kimsə də çəkilib qıraqda oturanda, deyirəm niyə bizimlə oturmursan? Qorxursan ki, buradan çıxıb gedəndə əleyhimə danışan olanda, deyərsən ki, yox, mən arxasınca danışa bilmərəm, Vüsalə xanımla bir stol arxasında oturmuşam?
Hamımız jurnalistik, bizdə ayrı-seçkilik yoxdur. Hər şeyin arxasında ən vacibi insan faktoru dayanır. Ona görə də, APA-da sayğı, çərçivə hər şey yerindədir. Bizim əməkdaşlar düşünməməlidir ki, bu dəqiqə Vüsalə xanım içəri girib, mənim üstümə qışqıracaq”.
"APA Holdinq”in Direktorlar Şurasının sədri Nurşən Quliyev başda Vüsalə xanım olmaqla bütün kollektivi təbrik edib: "Eyni zamanda APA-nın məktəbindən keçmiş, APA-nın böyüməsində, bu səviyyəyə gəlib çıxmasında az da olsa, rolu olan hər kəsi təbrik edirəm. Burda işlədi, işləmədi, hər kəsə öz təşəkkürümü bildirirəm. Çünki onlar bu işdə əmək sərf ediblər, can qoyublar”.
N.Quliyev deyib ki, bu illər ərzində APA-nın Azərbaycan mətbuatında hansı rol oynadığı göz önündədir: "APA Azərbaycan mətbuatı tarixinin artıq önəmli bir hissəsinə çevrilib. Azərbaycan mətbuatının inkişafında, Azərbaycan mediasında yeni ənənələrin bünövrəsinin qoyulmasında yaxından iştirak edib. Bunun öncüllərindən biri olub”.
Onun sözlərinə görə, APA-nın iş prinsipinin əsas istiqamətlərindən biri də dövlətçiliyin müdafiəsi, səlahiyyətləri çərçivəsində dövlətçiliyin əleyhinə olan müxtəlif çağırışların, müxtəlif addımların qarşısını almaqdır: "Biz bu dövlətdə yaşayırıqsa, bir vətəndaş olaraq dövlətçiliyin maraqlarını qorumalı, bunun üçün çalışmalıyıq”.
Direktorlar Şurasının sədri bildirib ki, APA tək özü inkişaf etməklə kifayətlənməyib, eyni zamanda agentliyin nəzdində Lent.az informasiya portalı, Vesti.az xəbər agentliyi, APA TV yaradılıb, "APA-Economics” və "APA-Sport” bölmələri fəaliyyət göstərir: "Əsas təbrik hazırda APA-da çalışanlara düşür. Çünki hazırda Azərbaycan mətbuatının xaos dövründə, sosial şəbəkələrin mətbuatla biri-birinə qarışdığı dövrdə, mətbuatın harada başlayıb harda bitdiyinin, nəyin informasiya olub, nəyin informasiya olmadığının bilinmədiyi bir şəraitdə işləyirik. İndiki vəziyyətdə mətbuat elə hala gəlib ki, dəqiq informasiyadan çox təkzib xəbərlərinin verilməsi ilə rastlaşırıq. Bu qarışıq dövrdə APA-nın əməkdaşlarına minnətdarlığımı bildirirəm ki, bu məsələlərdən uzaqdırlar”.
Nurşən Quliyevin sözlərinə görə, APA-nın həmişə sadiq qaldığı prinsipləri var. Bunlar həm də ciddi mətbuatın prinsipləridir: "Mən həmişə bir şeyin tərəfdarı olmuşam. Təbii ki, operativlik mətbuatın və APA-nın əsas prinsiplərindən biridir. Ancaq bu məsələ dəqiqliklə ölçülür. Dəqiq olmayan xəbərin operativ verilməsinin heç bir mənası yoxdur. Xəbər o zaman xəbər olur, agentlik o zaman agentlik olur, mətbuat o zaman mətbuat olur ki, xəbər həm operativ, həm də dəqiq verilsin”.
Şəymən Aşırlı