Böyük savab...

Şəhərdə oruc tutan insanlara iftar açmaq imkanı yaradanların sayı çoxalıb
“Biz Ramazan ayının bizə verə biləcəyi ilahi nemətlərə diqqət yetirməliyik. O zaman Ramazanın böyüklüyünü və dəyərini anlayacağıq”



Mübarək Ramazan ayındayıq. Ramazan Uca Allahın rəhmətini bol-bol ehsan etdiyi, nemət, bərəkət, məğfirət ayıdır və könül istər ki, hər kəs - istər oruc tutan, istərsə də tutmayan, bu ayın fəzilətindən payını alsın.

Bu mənada paytaxtımızda Ramazan ayının duyulması gərəkir. Son zamanlar ramazana yönəlik xoş niyyətli cəhdlərin sayı artmaqdadı. Məsələn, metronun "Xalqlar Dostluğu” stansiyasının qarşısındakı köşkdə maraqlı halın şahidi oldum. Qəzetlərlə yanaşı, müxtəlif xırdavat, həmçinin içməli sular da satılan köşkdə bir elan diqqətimizi çəkdi. 

Elanda bildirilirdi: "İftar zamanı qazsız sular pulsuzdur”. Köşkdə işləyən satıcıya yaxınlaşıb "bu xeyirxah işi kim təşkil edib” soruşdum. Satıcı dedi ki, öz təşəbbüsləri ilə bunu təşkil ediblər. "Ola bilər, oruclu bir adam iftar zamanı buradan keçər, evə çatanadək iftarı açmaq zamanını qaçırar, bunu ona görə edirik ki, oruclular iftarını vaxtında aça bilsinlər”. "Bəs, ziyana düşməkdən çəkinmirsiz?” sualına isə gənc satıcı "bu ayda savab işlər görülməlidir.

Bir neçə qab suyun pulsuz verilməsi bizə böyük ziyan vurmaz, əvəzində böyük savab qazanarıq” dedi.
Redaksiyamızın əməkdaşları da son günlər bu sayaq xeyirxah əməllərin şahidi olduqlarını dedilər. Yaşadıqları ərazidə fəaliyyət göstərən bəzi marketlərin önündə iftar üçün xüsusi masalar qoyulduğunu, qaynanmış ilıq su, çay, şirniyyat, xurma təklif edildiyini bildirdilər.
Qardaş Türkiyədə Ramazan süfrələrinin açılması artıq illərdir ənənə halını alıb. Böyük meydanlarda, came ərazilərində masalar qurulur, iftar saatlarında oruclulara yemək təqdim olunur. Bu ölkədə yerli bələdiyyələr tərəfindən təşkil olunan iftar süfrələri 5000-6000 insanı bir masa arxasına toplayır. Təəssüf ki, paytaxtımız belə görüntülər sarıdan kasaddır. Halbuki, bizdə əhalini, xüsusilə də onun aztəminatlı hissəsini Ramazan masası arxasına toplamaq imkanına malik insanlarımız yetərincədir. Böyük həcmli iftar süfrələri təşkil olunmasa da, tək-tək insanların, iş adamlarının fərdi təşəbbüsləri artmaqdadı və təbii ki, bu, çox xoş təsir bağışlayır. Amma kütləvilik hələ ki, yoxdur.

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli "Şərq”ə açıqlamasında Türkiyədə bələdiyyə institutlarının geniş fəaliyyət göstərdiyini bildirdi:

- Türkiyədə tamam başqa icra strukturu mövcuddur. Orada bələdiyyələrin həm vəzifələri, həm də maliyyə resursları çox genişdir. Biz özümüzü Türkiyə ilə müqayisə edə bilmərik. Bizdə bələdiyyələr formal bir qurumdur. Onlardan nəsə gözləməyinə də dəyməz. Amma rayon icra hakimiyyətlərinin imkanları var ki, müəyyən ərazilərdə iftar süfrələri təşkil etsinlər, oruc tutmuş insanlara kiçik də olsa, iltifat göstərsinlər. Bu işlərin icra edilməməsinin səbəbi isə məncə, hələ bizdə islam mədəniyyətinin tam formalaşmamasıdır. Təşəbbüskarlıq göstərilməlidir. Bunu da ilk növbədə yerli orqanlar etməlidir. Çünki həmin ərazidə onun seçiciləri yaşayır. İftar süfrələri seçicilərlə bir araya gəlmək üçün gözəl fürsətdir. Amma bu fürsətdən yararlanmırlar. Əsas kimi də maliyyə qaynaqlarının olmadığını göstərirlər. Halbuki bu cür ictimai tədbirləri konkret inzibati rayonların imkanlı şəxsləri hesabına da həyata keçirmək mümkündü. Sadəcə, təşəbbüskarlıqla çıxış etməkdən çəkinirlər. Nəticədə, Ramazan ayı kimi, hər anlamda gözəl bir fürsəti əldən qaçırırlar.

Bəzi adamlar müəyyən addımlar atır, öz həyətindəmi, yaxud hansısa mərasim evlərində iftar süfrələri təşkil edirlər. Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də həmçinin. Hazırda məscidlərimizdə də hər gün iftar süfrələri açılır. Bu, müəyyən imkanlı şəxslərin hesabına edilir. Amma əlbəttə, bunlar geniş çevrəni əhatə etmir, kafi deyil və iftar süfrələri kütləvi şəkil almayıb hələ. Azərbaycanda da geniş şəkildə, ictimaiyyətin bütün təbəqələrini əhatə edəcək iftar süfrələrinin təşkil edilməsi ənənə halını almalıdır. Azərbaycan müsəlman ölkəsidir və başqa vaxtlardan fərqli olaraq mübarək Ramazan ayında bu gerçəyi ortaya qoymağı bacarmalıdır.

İlahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə açıqlamasında şəxsi hesabına oruclulara iftar açmaq imkanı yaradanların böyük savab qazandığını dedi:

- Əlbəttə, kimsə şəxsi imkanları hesabına oruc tutanlara iftar süfrəsi açırsa, iftar saatını nəzərə alıb çay, şirniyyat təklif edirsə, əlbəttə, böyük savabdır. Orucluya hətta bir udum su verməyin böyük savabı var. Xoşdur ki, şəhərimizdə əhalinin dindar kəsimini nəzərə alan vətəndaşlarımızın sayı çoxalır. Qaldı ki, iftar süfrələrinin geniş kütlələri əhatə etməsinə, təəssüf ki, bu məsələ bizdə hələ ictimailəşməyib. Səbəbi budur ki, oruc özü hələ ictimailəşməyib. Ramazan ayı və bu ayda oruc tutmaq hələ də sadəcə, müəyyən bir təbəqənin riayət etdiyi əməl sayılır, müəyyən təbəqəyə məxsus addım kimi qəbul olunur. Bununla belə, məhdud çərçivədə olsa da, artıq bizim ölkədə də Ramazan ayında imkansızlara, şəhid ailələrinə yardım kampaniyaları təşkil olunur. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu işdə bəyənilən fəaliyyət göstərir. Məndə olan məlumata görə komitə nəzdindəki Mənəvi Dəyərlərin Təbliği Fondu Ramazan ayı boyunca imkansız ailələrə, şəhid ailələrinə, dini kəsimin nümayəndələrinə yardımlar edir. Amma bu fəaliyyət qardaş Türkiyədə olduğu kimi geniş ictimaiyyəti əhatə etmir. Bilirsiz, Türkiyədə artıq illərdir bu ənənə formalaşıb, getdikcə də inkişaf edir, əhatəsi böyüyür. Orada böyük camelərin həyətində iftar süfrələri açılır. Buna zəmin və imkan var. Lakin bizdə də böyük məscidlər var, yeniləri inşa edilib. Yəni, bizdə də hazırda geniş kütlələri əhatə edə biləcək iftar süfrələrinin açılması üçün zəmin və şərait artıq mövcuddur. İnşallah, yaxın gələcəkdə bunların şahidi olarıq.

H.A.İsmayılov bildirdi ki, Ramazan ayının özəlliyi təkcə iftar süfrələri deyil. Ramazan ayı daha böyük, ülvi məqsədlərə aparan İlahi buyuruqdur:

- Məsələ təkcə iftar süfrələrinin təşkil edilməsi, insanların ora cəlb edilməsində də deyil. İftar, yemək Ramazan ayının bəlkə də ən sonuncu həlqəsidir. Ramazan ayının bizə tanıdığı fürsətdən yararlanıb insanlara mənəvi qida verilməsinə çalışılmalıdır. Hər kəs qidalanmağa nəsə tapacaq və tapır da. Rəbbimiz bəndəsini heç vaxt nemətsiz, ruzisiz qoymur. Bizim üçün əsas olan Ramazan ayında mənəvi məsələləri önə çıxarmaqdır. Baxırsan ki, əksər telekanallarda ancaq qidadan danışılır, oruclu insan nə yeməlidir, nə içməlidir, iftara nə hazırlamaq, necə hazırlamaq. Sanki Ramazan ayında insanlarımız ancaq yeməyə, qidalanmağa köklənib. Belə olmamalıdır. Biz Ramazan ayının bizə verə biləcəyi ilahi nemətlərə diqqət yetirməliyik. O zaman Ramazanın böyüklüyünü və dəyərini anlayacağıq. İftar süfrələrinin təşkil olunması təklifi ona görə önə çəkilir ki, belə məclislər insanlar arasında mehribanlığın, səmimiliyin yaranmasına, birgəliyə, bərabərliyə vəsilə olur.

Məlahət Rzayeva