Elmar Nurəliyev: "DTX onları daim nəzarətdə saxlamalı, Dini Komitə isə marifləndirmə işləri aparmalıdır"
Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayev son illərdə geniş vüsət almış dini radikallaşma meyllərinin gücləndiyini, pərdə altında terrorçu və ekstremist fəaliyyətin yayılması faktorlarının artıdığını deyib. DTX rəsmisi bildirib ki, əksəriyyəti gənclər olan Azərbaycan vətəndaşları da radikal və ekstremist təbliğatın təsiri altında Suriya və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulublar:
"Onların çoxu döyüşlər zamanı öldürülüb. Terrorçu təşkilatlara qoşulmuş 82 nəfər isə Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunublar.
Terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə, son bir ildə 151 nəfər ölkə vətəndaşlığından məhrum edilib. Terror fəaliyyətinin acı nəticələri məsafələrdən asılı olmayaraq, ölkəmizin də təhlükəsizliyinə təsir göstərir”.
Azərbaycanda dini radikallığın artması, insanların ailə üzvləri ilə birlikdə terrorçulara qoşulması çox ciddi və təhlükəli məsələ hesab olunur. Bu baxımdan DTX tərəfindən son dönəmlər ardıcıl əməliyyatlar həyata keçirilir. Ekspertlər qurumun çevikliyini müsbət dəyərləndirirlər.
Lakin bununla yanaşı, təhlükənin sovuşmadığını, radikalizm meyillərinin sıradan çıxmadığını vurğulayırlar. Xatırladaq ki, ötən gün İraq əsgərlərinin əsir aldığı 1400 İŞİD-çinin içərisində Azərbaycanlı qadın və uşaqlar da olub. Yiyəsiz qalan terrorçu ailələrinin çox acınacaqlı vəziyyətdə olduğu bildirilib.
Məsələ ilə bağlı "Şərq”ə danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Azərbaycan vətəndaşlarının radikal-dini ekstremist təbliğatın təsiri ilə terrorçu təşkilatlara qoşulmasını narahatedici hal adlandırıb.
Ekspertin sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidməti və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi prosesə nəzarət işini həyata keçirir:
"Ailəsi ilə birlikdə Azərbaycanı tərk edib xaricdəki terrorçu təşkilatlara qoşulan şəxs orada həlak olarsa, hər zaman terrora qarşı olan dövlətimiz terrorçunun ailəsinə kömək göstərə bilməz. Bu, absurddur. Azərbaycan erməni terroruna məruz qalmış dövlətdir və heç vaxt terroru dəstəkləməyib. Dövlət tərəfindən Azərbaycan vətəndaşları ilə bağlı sadəcə bir neçə humanist addımlar atıla bilər. Məncə, İŞİD-ə qoşulan və həlak olan Azərbaycanlıların ailə üzvlərinin sağlamlaşdırılmış şəkildə yenidən cəmiyyətə qaytarılması mümkündür.
Müvafiq qurumlar uşaq və qadınlarla iş apara bilər. Lakin DTX onları daim nəzarətdə saxlamalı, Dini Komitə isə marifləndirmə işləri aparmalıdır. Hesab edirəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də ailələrlə işləməlidir. Həmin şəxslərlə psixoloqların sağlamlaşdırcı iş aparması olduqca vacibdir. Düşünürəm ki, onlara verilən cəzalar ağır olmalıdır, çünki beyinləri kütləvi qırğınlara proqramlaşdırılıb”.
Ekspert son dönəmlərdə Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyəti barədə də danışıb:
"DTX ölkədə sabitliyin qorunmasında mühüm işlər görür. Qurum dövlət sərhədlərini qanunsuz keçməyə cəhd edənlərə, qrup halında birləşib kütləvi təxribatlar hazırlayanlara, terrorçulara və dini radikallara qarşı daim inamla mübarizə aparır. Digər dövlər qurumları, məsələn, Sərhəd Xidməti, Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi və xarici ölkələrin xüsusi xidmət orqanları ilə uğurlu əməkdaşlıq sayəsində qabaqcadan planlaşdırılan hasisələrin qabağı alınır. Bu səbəbdən DTX-nın fəaliyyətini uğurlu qiymətləndirmək olar”.
İsmayıl