Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu öz fəaliyyətinə başlayıb.
Teleqraf xəbər verir ki, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – "Ambrosetti"nin strateji tərəfdaşlığı ilə keçirilən Forum "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunub.
Forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirir.
Tədbir zamanı plenar iclas və panel sessiyalarda Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi mövzuların müzakirə olunacağı nəzərdə tutulub.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yeni ideya və təşəbbüslərin konkret layihələrə çevrilməsinə, xarici investorlarla əməkdaşlığın genişlənməsinə və yeni tərəfdaşlıqların qurulmasına töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, ötən ilin sentyabrında keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 1000-dən çox iştirakçı bir araya gəlib, ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb. Sazişlərin 7 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorunu əhatə edib.