Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

Fransa Səudiyyə Ərəbistanının Yanbu liman şəhərində enerji infrastrukturunun mühafizəsi üçün bölgəyə hərbçilər və hərbi texnika göndərəcək.

APA xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron məlumat verib.

“Bu məsələni bu gün səudiyyəlilərlə yekun olaraq razılaşdırdıq. Obyektin mühafizəsi üçün hərbi vasitələr, yəni hərbçilər, radiolokasiya stansiyaları və hava hücumundan müdafiə sistemləri göndərəcəyik”, - Makron deyib.

Makron bununla belə, söhbətin Fransanın hər hansı münaqişəyə qoşulmasından getmədiyini vurğulayıb.