Bu dəfə prezidentlərin görüşündən nəsə gözləmək olar

Rusiyanın yaxından iştirakı ilə görüşün müzakirəsinə mühüm məsələlər çıxarılacaq




ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək monitorinqdə iştirak edəcəklər. Bu barədə Azərbaycan ərazilərini işğal altında saxlayan separatçı Dağlıq Qarabağ rejiminin "rəsmisi” David Babayan bildirib. Onun sözlərinə görə, həmsədrlər İqor Popov (Rusiya), Pyer Andryu (Fransa) və Ceyms Uorlik (ABŞ) oktyabrın 26-27-də Dağlıq Qarabağa səfər edəcəklər.

Babayan monitorinqin qeyd olunan tarixlərdə baş tutacağını deyib. Xatırladaq ki, həmsədrlərin regiona səfəri oktyabrın 26-da İrəvandan başlayacaq. Daha sonra onlar Dağlıq Qarabağa gedəcəklər. Ehtimal olunur ki, vasitəçilər Dağlıq Qarabağ cəbhəsində monitorinqdən sonra təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan qarşı tərəfinə keçəcəklər. Ermənistanın "İrs” Partiyasından olan sabiq deputat Stopya Safaryan deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri iki əsas səbəbdən irəli gəlir. O hesab edir ki, vasitəçi missiya ilk olaraq, Dağlıq Qarabağ cəbhəsində nisbi sülhün qorunmasında maraqlıdır. İkinci səbəb isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanla Azərbaycan arasındakı danışıqları yeniləməkdir. Safaryan əlavə edib ki, uzun müddətdir Minsk Qrupunun danışıqların davam etdirilməsi ilə bağlı cəhdləri səmərəsizdir: "Onların yeganə istəyi Cənubi Qafqazda sakitliyi təmin etməkdir”. Məlumat üçün bildirək ki, bu ilin sonuna Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də gözlənilir. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik deyib. Bütün təkliflərin "Madrid prinsipləri” çərçivəsində müzakirə edildiyini bildirən Kasprşik prezidentlərin ilin sonuna qədər görüşəcəyinə ümid etdiyini söyləyib. Həmsədrlərin Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə tənzimlənməsinə dair təkliflərinə münasibət bildirən Kasprşikin sözlərinə görə, bütün təkliflər "Madrid prinsipləri” çərçivəsində müzakirə ediləcək. Mövcud durumla bağlı fikirlərini bölüşən politoloq Qabil Hüseynli də deyib ki, prezidentlərin görüşü gözlənilir və görüş baş tutmalıdır. Politoloqa görə, bu dəfə Rusiyanın yaxından iştirakı ilə görüşün müzakirəsinə mühüm məsələlər çıxarılacaq: "Görüşdə müzakirə olunacaq ən mühüm məsələ Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasıdır. Həmçinin, atəşkəs rejiminə ciddi əməl edilməsi məsələsi də tərəflərin diqqətinə çatdırılacaq”. Danışıqlar prosesinin səmərəsizliyinə gəlincə, ekspert bildirib ki, əgər Minsk Qrupunun həmsədrləri, Rusiya, eləcə də ABŞ və Fransa məsələyə ciddi yanaşarsa, müsbət nəticə olacaq. İndi mövcud şərait bir qədər fərqlidir. Ona görə də bu səfərlərdən və görüşlərdən nəsə gözləməyə dəyər”.

İsmayıl