“Bu, dünyaya bir mesajdır”

Sərdar Cəlaloğlu: “Rəsmi Moskva Qarabağ münaqişəsinə ağırlıq gətirəcək”



"Aprelin 24-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsini dərindən müzakirə edəcəklər”.

Bunu İrəvanda səfərdə olan Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Slutski deyib. O, Dağlıq Qarabağ münaqişəsini zərif və kövrək materiya kimi xarakterizə edib. Rusiyalı deputat vurğulayıb ki, Qarabağ probleminin həlli istiqamətində ATƏT-in Minsk Qrupu və prezidentlərin üçtərəfli formatda görüşü səviyyəsində danışıqlar aparılır.
Məlumat üçün bildirək ki, V.Putin gələn ayın 24-də qondarma erməni soyqırımının 100 illik tədbirində iştirak etmək məqsədilə İrəvana səfərə gedəcək.

Rusiyalı parlamentarinin bəyanatını "Şərq”ə şərh edən Azərbaycan Demokrtat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə, bu, dünyaya bir mesajdır ki, Moskva Qarabağ münaqişəsinə ağırlıq gətirə bilər: "Həmişə beynəlxalq vəziyyət gərginləşəndə tərəflərdən biri sözügedən problemi özünün səlahiyyəti altına almağa çalışır. Bu mesajın da uzaq mənası odur. Buna rəğmən uğurlu bir nəticənin hasil olunacağına inanmıram”.

Ayyət Əhməd