Bu gün möhtəşəm paraddır
Azərbaycan hərbi gücünü dünyaya nümayiş etdirəcək
Qüdrətli Azərbaycan ordusunun gücünü bütün dünyaya nümayiş etdirmək üçün hər şey hazırdır. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi ilə bağlı bu gün Azadlıq meydanında keçiriləcək hərbi parada hazırlıq işləri yekunlaşlb. Parad və iştirakçılar barədə plakatlar asılıb, iyunun 24-dən məşqlər başlayıb. Hərbi texnika əraziyə gətirilib. Bir neçə gündür Azərbaycan ordusunun Hərbi Hava Qüvvələri məşqlərə start verib. Helikopter və təyyarələrin Bakı səmasında uçuşlar həyata keçirdiyinin şahidi oluruq. Döyüş təyyarə və helikopterlərinin bayram tədbirində isə nümunəvi çıxışlar edəcəyi gözlənilir.
Paradın aparıcısı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olacaq. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunan parad müstəqillik dövründə Silahlı Qüvvələrin beşinci hərbi paradı olacaq. İlk hərbi parad 1992-ci il oktyabrın 9-da, ikinci hərbi parad 2008-ci, üçüncü hərbi parad 2011-ci il iyunun 26-da, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib. Əvvəlki paradlarda olduğu kimi, bu dəfə də Azərbaycan Silahlı Qüvvələrinin nailiyyətlərinin, son illərdə sahib olduğu ən müasir silah və hərbi texnikaların nümayişi nəzərdə tutulur.
Bu dəfə də Silahlı Qüvvələrimizin yerli istehsal olan silahlarla yanaşı, son 5 ildə aldığı yeni texnikanın da nümayiş etdiriləcəyi bildirilir. Paradda ilk dəfə olaraq bir sıra yeni hərbi texnika və təzə silah-sursat nümayiş olunacaq:
1. "Xrizantema-S” özüyeriyən TƏİR kompleksi;
2. BTR-82A;
3. "Dana”;
4. "SandCat” bazasında
"Spike-ER” raketləri;
5. "Polonez” artilleriya sistemi;
6. "İldırım” ZRK;
7. "Spear Mk.2” minaatanı və s.
Hərbi parad sadəcə ictimaiyyət üzvləri, dövlət xadimləri tərəfindən deyil, bütünlükdə Azərbaycan cəmiyyəti tərəfindən də böyük maraqla gözlənilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Azərbaycanın ordu quruculuğunun 100 illiyi münasibətilə hərbi paradın keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib: "Gücün nümayişi baxımından bu çox əhəmiyyətlidir. Ona görə də ölkəmizin, iqtisadi, ictimai, siyasi həyatında ən son birləşdiyi nöqtə hərbi qüvvələrdir. Keçirilən parad cəmiyyətə yaxşı mesaj verir, nikbinlik yaradır, güvənc doğurur. Qarşı cinah isə bunu təhlükə kimi qarşılayır. Onu da qeyd edim ki, Azərbaycanda keçirilən ötən hərbi paraddan da müəyyən bir dövr keçib. Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi ilə əlaqədar hərbi paradın keçirilməsi, mühüm, siyasi, təhlükəsizlik və ictimai məna daşıyır”.
"Bu il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi tamam olur. Bu münasibətlə ölkəmizdə Silahlı Qüvvələrin yaranmasının 100 illiyinə həsr olunmuş hərbi parad keçiriləcək”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə budəfəki hərbi paradın digərlərindən bir neçə xüsusiyyətinə görə fərqlənəcəyini deyib: "Əvvəla, bu il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyini qeyd edəcəyik. Həmçinin bu paraddakı geyim forması da digərlərindən fərqlənəcək . Bilirsiniz ki, Azərbaycan Ordusunun geyim forması dəyişib. Həmçinin paradda müasir artilleriya, raket qurğuları, mühəndis istehkam qurğuları, təyyarələr, digər döyüş və döyüş təminatına aid olan silah-sursat nümayiş olunacaq. Düşünürəm ki, bu paraddan sonra düşmən qorxu içində olacaq. Bizim xalqımız isə qürur hissi duyacaq ki, Azərbaycan Silahlı Qüvvələri bu cür inkişaf edib”.
Hərbi ekspert deyib ki, Azərbaycan hansı yolla olursa olsun, öz ərazi bütövlüyünü təmin edəcək: "Bu gün Silahlı Qüvvələrimizin hər bir üzvü Ali Baş Komandandan əmr gözləyir. Ordumuzda böyük ruh yüksəkliyi, vətənpərvərlik tərbiyəsi var. Bu gün Azərbaycan əsgəri öz davranışı, döyüş hazırlığı ilə dünyaya nümunədir. Həmçinin bu gün ölkəmizin yüksələn iqtisadi potensialı Silahlı Qüvvələrin inkişafına da öz təsirini göstərir.
Çünki bu gün güclü dövlət müasir silahlara malik ola bilər. Ali Baş Komandan, cənab prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində ordumuz günü-gündən güclənir, dünyanın ən güclü orduları sırasına daxil olub. Azərbaycan Ordusu mütəmadi olaraq çöl paradları keçirir. Mən çöl paradları dedikdə hərbi təlimləri nəzərdə tuturam. Həmin təlimlərdə əsgərlərimiz, zabitlərimiz nəyə qadir olduqlarını göstəriblər. Bu gün Silahlı Qüvvələrimizin şəxsi heyətindən beynəlxalq yarışlarda iştirak edən hərbiçilərimiz var. Onlar həmin yarışlarda yüksək nəticələr əldə edirlər. Ola bilsin ki, paradda nümayiş olunacaq silahlarımız gələcəkdə öz dağıdıcı imkanlarını düşmənə göstərəcək. Ermənistan Silahlı Qüvvələrini yerinə oturdacaq. Buna bizim həm dövlətimiz, həm də ordumuzun gücü imkan verir”.
Hərbi-siyasi icmalçı Ramil Məmmədli isə hesab edir ki, Silahlı Qüvvələrin hərbi paradları dünyada qəbul olunmuş formatda keçirilir. Onun sözlərinə görə, paradda piyada bölmələrinin, zirehli texnikanın, aviasiya vasitələrinin və şəraitə uyğun olaraq hərbi dəniz qüvvələrinin nümayişi təşkil ediləcək:
"Hər bir parad ölkənin hərbi qüdrətini nümayiş etdirmək məqsədi daşıyır. Bu, qonşu ölkələrə, düşmənlərə, dünyaya gücünün göstərilməsi üçün vacibdir.
100 illiklə bağlı parada hazırlıq ilin əvvəlindən başlayıb. Ərazi olaraq, Azadlıq meydanının seçilməsi isə daha bir üstünlükdür. Bir neçə gün idi Bakı səmasında hərbi hava qüvvələrinin məşqlərinin şahidi olurduq.
Paradın xüsusi məqamlarından biri odur ki, Azərbaycan Silahlı Qüvvələri istifadəsində olan yeni silahlarını, döyüş ləvazimatlarını təqdim edəcək. Ordu birləşmələri bu yaxınlarda arsenalına daxil etdiyi "Lora” və "Polonez” raket komplekslərini nümayiş etdirəcək. Bu, Azərbaycan cəmiyyəti üçün də maraqlıdır. Bundan əlavə, yeni pilotsuz uçuş aparatlarının (PUA), "Zərbə” PUA-larını nümayiş etdiriləcək. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin bazasında yaradılan yeni hərbi vasitələrin nümayişi də xüsusi əhəmiyyət kəsb edir.
Hesab edirəm ki, bu gün keçiriləcək hərbi paradda ərazilərimizi işğal edən Ermənistana önəmli mesajlar veriləcək. Artıq bundan sonra cəbhə xəttində də güclü ordumuzun uğurlu addımlar atacağını gözləyirik”.
Milli Məclis üzvləri də ordumuzun yaranmasının 100 illik yubileyi ilə əlaqədar keçiriləcək hərbi paradın əhəmiyyətindən danışıblar.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov isə hesab edir ki, paradla Azərbaycan Ordusu özünün malik olduğu gücü nümayiş etdirir.
"Təbii ki, bizim hərbi gücümüzü görüb ağlı yerində olan, ayıq başla fikirləşməyi bacaran düşmənlər və onların havadarları bundan nəticə çıxartmalıdırlar. Ağlı olmayanlar da yaxın saatlarda hərbi gücümüzün zərbəsini dadacaqlar. Necə ki, 2016-cı ildə Aprel döyüşləri və bu yaxınlarda Naxçıvan istiqamətində başa salındılar. Ancaq onlar başa düşmürlər və qanmırlar. Hesab edirəm ki, onlar daha güclü zərbələr almalıdırlar. Biz bir daha bu paradla hərbi gücümüzü düşmənə və dünyaya nümayiş etdirəcəyik”.
Hərbi ekspert Mehdi Mehdiyev hərbi paradın hərtərəfli əhəmiyyətindən söz açıb: "Bu il Azərbaycan Ordusu üçün möhtəşəm bir ildir. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 ili tamam olur. Sözügedən əlamətdar tarixlə bağlı hərbi paradın keçirilməsinin əhəmiyyəti böyükdür. Bu gün Azərbaycan Ordusu silah arsenalında olan döyüş texnikalarını nümayiş etdirəcək. Eyni zamanda, şəxsi heyətin qoşun növləri paradda iştirak edəcəklər. Reallıq ondan ibarətdir ki, ötən illər ərzində Azərbaycan Ordusu xeyli güclənib. Ordunun müasir silahlarla və döyüş texnikaları ilə təchiz olunması ilə bağlı böyük işlər görülüb. Təbii ki, Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi olduğu üçün, ölkədə istehsal olunan müasir hərbi texnikalar da orada nümayiş olunacaq. Paradın bir neçə aspektdən əhəmiyyəti var. Əvvəla bu, Azərbaycan Ordusunun gücünü, qüdrətini göstərir. Yəni bunun sayəsində ölkə əhalisi, ictimaiyyəti daha da ruhlanır. Digər tərəfdən, Azərbaycana düşmən münasibət göstərən, ölkə ərazisini işğal edən Ermənistan görəcək ki, ordumuz nəyə qadirdir. Beynəlxalq müstəvidə bunun müəyyən əhəmiyyəti var. Bunun sayəsində dünya dövlətləri görəcəklər ki, Azərbaycan hansı qüdrətli orduya malikdir. Çox güman ki, paraddan sonra bir sıra beynəlxalq ekspertlər Azərbaycan Ordusunun gücü və qüdrəti barədə tədqiqatlar aparacaqlar. Bütün bunlar həm də Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin tezləşməsinə təkan verə bilər”.
ADP sədri Sərdar Cəlaloğlu bu paradda ikinci dəfə olaraq türk hərbi birləşmələrinin də iştirak edəcəyini qeyd edib: "Son vaxtlar Azərbaycan-Türkiyə konfederasiyasının yaradılması ideyamla bağlı mənə qarşı hücumlar var. Bu ideyanın mahiyyəti vahid ordunun yaradılması, vahid xarici siyasətin aparılmasıdır. Konfederativ birlik bir və ya iki məsələ üzrə dövlətlərarası ortaq fəaliyyətin yaradılması deməkdir. Türk ordusunun bu gün hərbi paradda Azərbaycan ordusu ilə bir yerdə iştirak etməsi de-fakto Azərbaycanla Türkiyənin faktiki konfederativ əlaqələrdə olduğunun sübutu deməkdir.
Sadəcə, bunu elan etmək lazımdır ki, biz konfederasiya yaradırıq, hər iki ölkə vahid ordu yaradacaq, vahid siyasət aparacaq. Bu paradın mənim üçün müstəsna əhəmiyyəti var. Parada dəvət olunsaydıq, mütləq gedərdim. Dəvət olunmasaq da, telekanallardan mütləq izləyəcəm. Bir siyasətçi kimi ordumuzun vəziyyəti mənə də maraqlıdır. Hərbi texnikamızla tanış olmaq hər bir vətəndaş kimi mənim üçün də böyük maraq kəsb edir”.
KXCP sədrinin müavini Xəzər Teyyublu belə tədbirlərin hər kəs üçün maraqlı olduğunu qeyd edib: "Dövlətçilik baxımından ordunun qüdrəti, möhtəşəmliyi bir millətin dövlət olaraq var olmasıdır. Müstəqil dövlətdə ilk dəfə belə tədbirin əsası Elçibəy iqtidarı dövründə, 1992-ci il oktyabrın 9-da qoyulub. Həmin vaxt ordu Azadlıq meydanından Qarabağa yollandı, uğurlu əməliyyatlar keçirdi. İnanıram ki, hərbi parad işğal olunmuş torpaqlarımızı azad etməyə kömək edəcək. Ordu məsələsi elə bir məsələdir ki, burada siyasi müxaliflik etmək olmaz. Müstəqil milli ordumuza yalnız işğal edilmiş rayonlarımızı azad etmək yaraşır, qələbə və şərəf yaraşır. Çalışacam telekanaldan izləyim”.
Şəymən