“Bu insanlar xaricdən idarə olunur”
Bir qrup radikal qüvvələr ölkədə qarşıdurma yaratmaq istəyir
Bu günlərdə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində fəaliyyət göstərən radikal qruplaşma üzvlərinin aksiyası keçirilib. Buna səbəb "Müsəlman birliyi hərəkatı” adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan Elçin Qasımovun polis tərəfindən saxlanılması olub.
Onun saxlanılmasına etiraz edən radikal qruplaşma üzvləri Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb E.Qasımovun azad olunmasını tələb ediblər. Polis idarəsinin qarşısına toplaşanların dağılışması anonsunu versə də, onlar buna məhəl qoymayıb və bu səbəbdən onların bir neçəsi də polis tərəfindən saxlanılıb.
Məsələyə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov bildirib ki, rəsmi qeydiyyatdan keçməmiş, Müsəlman Birliyi Hərəkatı adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan E.Qasımov noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılaraq polis idarəsinə aparılıb: "Onun saxlanılmasına etiraz bildirən bir qrup şəxs polis idarəsinin qarşısına gələrək ictimai asayişi pozmağa cəhd göstərib. Nəticədə polis əməkdaşlarına müqavimət göstərən şəxslər də xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıb. Elçin Qasımov və digər şəxslər rəsmi din xadimləri və dini icma üzvləri deyillər və bu barədə onlar tərəfindən Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət olmayıb. Həmin şəxslərin dini ibadət yerlərində dini ayinlərin icrasına rəhbərliyi həyata keçirmələrinə rəsmi icazələri yoxdur. Lakin dəfələrlə onlar tərəfindən dini ayinlərin icrası adı altında ictimai asayişi pozmağa cəhdlər göstərilib. Nəticədə dindən istifadə etməklə siyasi xarakterli hərəkətlər-çağırışlar ediblər. Dəfələrlə onlara müvafiq dövlət orqanları tərəfindən xəbərdarlığa baxmayaraq, qanunazidd hərəkətlərini davam etdiriblər. Hazırkı şəraitdə isə bu tipli adamlar özlərinin xuliqanlıq hərəkətlərini dini amillə pərdələməyə çalışırlar. Ölkəmizdə ənənəvi islami dəyərlər qorunur və hər kəsin dini ayinləri icrasına heç bir maneçilik yoxdur”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova da qeyd edib ki, adıçəkilən qruplaşmaya görə, QMİ məsuliyyət daşımır: "Sözügedən təşkilatın üzvləri "Dini etiqad azadlığı haqqında” qanuna əsasən din xadimi və ya dini icma üzvü kimi nəzərdən keçirilə bilməz. Çünki bu qurum ictimai hərəkat kimi təsis olunub, yəni dini qurum və icma deyil. R.Dadaşova onu da diqqətə çatdırıb ki, İdarənin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə səfərdə olmasına baxmayaraq, ötən gecə Sabunçuda baş vermiş hadisə barədə məlumatlandırılıb.
Hacı Şahin Həsənli də söyləyib ki, bəzi radikal qüvvələr ara qarışdırmağa çalışır: "Bu insanların çoxu xaricdən idarə olunur. Onlar Azərbaycanda radikal münasibətləri yaymağa cəhd göstərirlər. Qarşılarında bizim kimi dindarları gördükdə, təbii ki, müxtəlif xoş olmayan əməllərə əl atırlar”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) keçmiş sədri Hidayət Orucov da qeyd edib ki, Azərbaycanda belə qruplar mövcuddur. Ancaq əvvəlki vaxtlarla - ötən əsrin 90-cı və 21-ci əsrin əvvəlləri ilə müqayisədə, onların dairəsi xeyli daralıb, fəaliyyətləri zəifləyib: "Lakin kiçik qruplar şəklində olsalar da, hərdən canfəşanlıq edirlər. Birmənalı olaraq və qətiyyətlə bildirirəm ki, qanundankənar hər cür əməl perspektivsizdir. Onlar xarici mənbələrə arxalanır, oradan maliyyələşdirilir, istiqamətləndirilirlər. Belələrinin dinlə heç bir əlaqəsi yoxdur. Sadəcə, Azərbaycandakı demokratik mühitdən, vicdan azadlığının təmin olunması şəraitindən sui-istifadə edərək ölkəmizə qarşı bəd əməllərlə məşğuldurlar. Elə qüvvələr var ki, Azərbaycanda bir əli ilə, məsələn, din pərdəsi altında əyri iş görmək istəyir, digər əli ilə tamam başqa, qeyri-qanuni işlə məşğuldur, başqa adla pərdələnir. Bunların hər ikisi cinayətdir və heç birinin dinlə əlaqəsi yoxdur”.
Hikmət Babaoğlu: "Onlar dindar deyil, din pərdəsi altında gizlənmiş radikal ekstremist dəstədir”
"Sabunçu rayon polis idarəsinə hücum edənlər dindarlar deyil, din pərdəsi altında gizlənmiş radikal ekstremist dəstədir. Onların məqsədi Azərbaycanda teokratik rejim formalaşdırmaq və beynəlxalq terror şəbəkəsinin Suriya ssenarisini Azərbaycanda həyata keçirməkdir”. Bu sözləri APA-ya açıqlamasında "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib. H.Babaoğlu bildirib ki, hazırda müsəlman şərqində baş verən hadisələr islam dininə və mədəniyyətinə qarşı yönəlib və onun həqiqi islamla heç bir əlaqəsi yoxdur. "İmperialist mərkəzlər tərəfindən yaradılan və idarə olunan beynəlxalq terror şəbəkəsinin məqsədi islam dinini gözdən salmaq, müsəlman şərqində milli dövlətlərin mövcudluğuna son qoymaqdır. İdarə olunan xaos siyasəti əsasında törədilən bu hadisələrdə məqsəd islam dünyasının yeraltı və yerüstü sərvətlərini istismar etməkdir. Hazırda radikal ekstremist qruplaşmalar islama qarşı terrorun coğrafiyasını genişləndirərək bütün müsəlman ölkələrinə yaymaq istəyirlər”. Hikmət Babaoğlunun sözlərinə görə, Sabunçu rayonunda baş verən hadisələri bu kontekstdə qiymətləndirmək lazımdır: "Sabunçu polis idarəsinin qarşısında təxribat törədənlərdə radikal ekstremist qruplaşmalarla sıx əlaqədə olan və onların direktivləri ilə hərəkət edən dəstənin üzvləridir. Öz-özlüyündə onlar da İŞİD-in başqa bir formasıdır. Ancaq onların niyyəti Azərbaycanda baş tutmayacaq. Birincisi ona görə ki, ölkəmizdə funksional dövlət aparatı var və hüquq mühafizə orqanları öz vəzifələrini layiqincə yerinə yetirirlər. İkincisi ona görə ki, Azərbaycanda islamı obyektiv əsaslarda dərk edən intellektual cəmiyyət və savadlı dindarlar var. Bu iki faktor ölkəmizi beynəlxalq terror şəbəkəsinin poliqonuna çevrilməsinə imkan verməyəcək”.
Ayyət Əhməd