Bu kənd birdən varlandı

Uşağın əlindəki qara daşın qramı 60 dollara yerindəcə alınır
Bura Bingöl mərkəzinə 10 kilometr məsafədə, 600-ə yaxın meteorit parçası tapıldığı, 3 min 200 əhalisi olan böyük bir kənd Sarıçiçək kəndidir... 2003-cü ildə Bingöl zəlzələsində böyük ziyan dəyən kənd, dövlət tərəfindən edilən yardımdan sonra evləri və parket daş küçələriylə olduqca nizamlı görünür.
Əkinçilik və heyvandarlıqla məşğul olan, Sarıçiçək kəndi, indilərdə ABŞ, Rusiya və Avropadan gələn meteor ovçularının ən əhəmiyyətli ünvanlarından biridir. 2 sentyabr gecəsi dünya orbitindəki "Vesta” asteoridindən qopub atmosferə girdikdən sonra böyük bir partlayışla parçalanan meteor, Sarıçiçək kəndi və ətrafına saçıldı.
Öz halında həyatını davam etdirən kəndin həyatı o gecə dəyişdi. İşi-gücü buraxan kəndlilər, yaşlısından uşağına, gecə-gündüz demədən, dağ-daş meteor parçası axtarır. Hər kəsi bütünlüklə səfərbər edən bu səyin səbəbi, meteor tacirlərinin axın etdiyi kənddə meteor parçasının 1 qramının 60 dollara qədər alıcı tapmasıdır...
Gündəm meteorit
"Habertürk”ün xəbərinə görə, başlanğıcda kənd və ətrafında meteoritləri yığanlara dəli gözüylə baxanlar, daşların altından belə qiymətli parça olduğunu fərq edincə, özünü dağa-daşa vurmuşdu. Elazığ, Tunceli, Diyarbəkir, Şanlıurfa kimi ətraf ellərdən insanlar yük maşını ilə bura daş axtarışa gəlir. Kənd və ətrafındakı dərə yataqları belə meteorit axtaranlarla doludur. Yan-yana gedən, bir-biri ilə danışanların belə gözü həmişə yerdədir. Daşın gecə işıq tutulunca parladığı və daha asan tapıldığı dedi-qodusu üzündən isə hələ də gecənin zülmət qaranlığında əlləri fənərli insanlar dağlarda, təpələrdə meteorit axtarır.
Kimi ev, kimi avtomobil aldı
Aradan keçən 2 ay içində, kəndlilərin 1 milyon lirədən çox daş satdığı ifadə edilir. Meteor parçalarından böyük pullar qazananlardan kimiləri ev, avtomobil alır, qramlıq satış edə bilənlər borclarını sıfırlamış vəziyyətdədir. Meteorit tapanlar arasında Həsən Beldek rekordu əlində tutur. Beldek, Sarıçiçək kəndi yaxınlığındakı təpədə tam min 475 qramlıq meteor parçası tapıb. 30 yaşlı Beldek, daşı necə tapdığını və sonrasını belə izah edir: "1 noyabr seçki günü səsimdən istifadə etdikdən sonra evdə otururdum. Bütün kənd ətrafa yayılmış meteorit axtarırdı. Evdəki baldızımla, qayınanam "Sən niyə axtarmırsan?” deyə üzərimə gəldilər. İsrarlarına dözə bilməyib özümü çölə atdım. Sonra kəndin yaxınlığındakı təpədə dolanmağa başladım. Təxminən 3-4 saat o bölgəni axtardım. Bir yumruq boyda qara parlaq bir daş mənə baxırdı. Daşı tapar-tapmaz evdəkilərə xəbər verdim. Daşı tapmanın həyəcanıyla bir az daha axtarışı düşünmək ağlıma belə gəlmədi”. Meteor parçalarının qramı kəndə gələn meteor tacirləri arasında 60 dollara rahatlıqla alıcı taparkən, Həsən Beldekin əlində təxminən 1.5 kiloluq bir sərvət var. Qramı 60 dollardan hesablandığında daşın dəyəri 250 min lirə, amma Beldek, internet saytlarında daşın qramının 200 dollardan satıldığını öyrənincə, bir az daha gözləməyə qərar verib. Ona edilən 300-350 min lirə arasındakı təklifləri də hələlik rədd edir.
Evli və 3 uşaq atası Beldek, bir müddətdir işsizdir. Zaman-zaman inşaatlarda suvaqçılıq edir, ya da Bingöl ətrafındakı fabriklərdə çalışaraq dolanışığını təmin edir. İqtisadi çətinliklər səbəbiylə sarılıq xəstəliyinin müalicəsini də yarımçıq buraxıb. Beldek, "İllərdir iqtisadi çətinlik içində yaşayırıq. Bu bizə Allahın bir lütfüdür. O daş mənim qismətim olaraq orada məni gözləyirmiş. Getdim və onu oradan götürdüm. Bundan sonra ailəliklə rahatlamaq istəyirik. Meteor parçaları internet saytlarında bizdən aldıqdan sonra çox yüksək qiymətlərə satılır. Ona görə mən də indiyə qədər deyiləndən daha çox verəcək bir müştəri olsun deyə gözləyirəm. Əgər yaxşı bir qiymətə satsam, Bingöldə 2 ev alıb, İstanbulda qardaşlarımla birlikdə börekçi açmaq istəyirəm” deyə danışdı.
Dünyaya o eşitdirdi, amma...
2 sentyabr gecəsindəki ortalığı gün kimi işıqlandıran partlayış və səslərin ardından meteorit məsələsini dünya gündəminə daşıyan isə kənddə internet-kafe işlədən Nezir Ergün oldu. 2 sentyabrın ertəsi səhərində evinin bağçasına düşən daşları yığan Ergün, daha sonra vəziyyəti Bingöl Universiteti fizika hissəsinə bildirdi. Hadisəyə İstanbul Universiteti və ən sonunda NASA da daxil oldu. Başlanğıcda daşların dəyərini özünün də bilmədiyini söyləyən Nezir Ergün, sərvətini öz əlləri ilə Bingöl Universiteti və NASA səlahiyyətlilərinə verdiyini izah edir.
İçində 60-a yaxın element var
İstanbul Universitetinin idarəçiliyi ilə yaradılan və aralarında NASA-nın da iştirak etdiyi 33 təşkilat tərəfindən Sarıçiçək meteoridiylə əlaqədar detallı araşdırmalar davam etdirilir. Bingöl Universitetinin Prof. Dr. İskəndər Demirkol, onların da laboratoriyalarda araşdırmaları davam etdirdiklərini ifadə edərək, "Etdiyimiz ilk araşdırmalarda daşın içində 60-a yaxın element izlədik. Bunlar arasında sıx bir şəkildə titanium və manqan var. Ayrıca az miqdarda qızıl, toryum və uran da var” deyib.
Daşı işləmək mümkün deyil
Bingöl Universiteti Araşdırma Mərkəzi müdiri İbrahim Ərdoğan, daşın işlənə bilən bir quruluşu olmadığını ifadə edərək, "Bir sement kimi düşünün. İşləmək istəyərkən sement kimi dağılır. Bu səbəblə bu daşların ticari mənada dəyişik şəkillərdə kəsilərək və ya işlənərək istifadə edilməsi mümkün deyil. Ancaq tapıldıqları şəkilləriylə qiymətləndirilə bilərlər” deyə danışdı.