Kamal Kılıçdaroğlu: “Əmin olun ki, CHP tamamilə AKP-dən fərqli siyasət yeridəcək. Çünki onlardan fərqli olaraq mənim para-pul dərdim yoxdur. Qul haqqı yeməkdən qorxuram”
"Bu, millətimizə təhqirdir..."
Tayyib Ərdoğan: “Son illər müəyyən qüvvələr Türkiyəni sadəcə terror ölkəsi kimi qələmə verməyə çalışır”
Kamal Kılıçdaroğlu: “Əmin olun ki, CHP tamamilə AKP-dən fərqli siyasət yeridəcək. Çünki onlardan fərqli olaraq mənim para-pul dərdim yoxdur. Qul haqqı yeməkdən qorxuram”
Kamal Kılıçdaroğlu: “Əmin olun ki, CHP tamamilə AKP-dən fərqli siyasət yeridəcək. Çünki onlardan fərqli olaraq mənim para-pul dərdim yoxdur. Qul haqqı yeməkdən qorxuram”
Dövlət Baxçalı: "Ölkənin Baş naziri milləti təhdid edir. Deyir ki, "əgər AKP hakimiyyətdən gedərsə, çox ciddi şeylər olar”. Bu nədir? Milləti təhdid etməkdir”
Səlahəddin Dəmirtaş: "AKP iqtidara gələndə mən uşaq idim. İndi partiyanın həmsədriyəm, AKP hələ də iqtidardadır”
"Məqsədimiz Cümhuriyyətin 100-cü ilində Türkiyəni dünyanın ən böyük 10 dövlətindən biri etməkdir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət rəhbəri bildirib ki, son illər müəyyən qüvvələr Türkiyəni sadəcə terror ölkəsi kimi qələmə verməyə çalışır:
"Bu, millətimizə edilən ən böyük haqsızlıq və təhqirdir. Mən bütün dünyaya əsl Türkiyəni göstərəcəm. Türkiyə 2003-2014-cü illər arasında hər il yüzdə beş faiz inkişaf edib. Xatırlatmaq istəyirəm ki, bu irəliləmə dünyada ciddi iqtisadi kriz yaşandığı dövrdə reallaşıb. Getdikcə artan terror olaylarına və seçki proseslərinə rəğmən 2015-ci ilin ilk yarısında da 4 faizlik inkişafa nail olmuşuq. Adam başına düşən gəlirimiz 3 min 500 dollardan, 10 min 500 dollara çıxıb. İxracatımız 36 milyard dollardan 158 milyarda yüksəlib. Mərkəzi Bankdakı rezervlərimiz 26 milyard dollardan 130 milyard dollara qalxıb. Xalq bütün bunları görür və qiymətləndirir”.
"Yaxın Şərqdəki İŞİD terrorunu Türkiyəyə gətirdilər...”
Adıyamanda seçicilərlə görüşən Türkiyənin ana müxalifət partiyası sayılan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu hökumətin Yaxın Şərq siyasətini tənqid edib: "Türkiyə Yaxın Şərq bataqlığından çıxa bilmir. Ölkəni həmin bataqlığa salanlar isə AKP hakimiyyətinin yarıtmaz siyasətidir”. Türkiyənin PKK terrorundan sonra indi də İŞİD təhlükəsi ilə üz-üzə qaldığını bəyan edən K.Kılıçdaroğlu hökuməti daha əvvəl xəbərdar etdiyini bildirib: "2012-ci ildə onlara dedim ki, Yaxın Şərq siyasətində tərəf olsanız, özünüzü ciddi təhlükəyə atacaqsınız. Amma təəssüflər olsun ki, məni dinləmədilər”.
"Ölkənin halına yazığım gəlir...”
Kılıçdaroğlu deyib ki, son hadisələrdən sonra küçədə gəzən insanlar biri-birini hesaba, sorğu-suala çəkir: "Əvvəllər Türkiyədə barış, əmin-amanlıq, hüzur vardı. Ancaq indi bunlara həsrət qalmışıq. Yazıq deyilmi bu camaat? Valideynlər güc-bəla ilə övlad böyüdürlər, siz isə onları terrora qurban verirsiz. Əgər hökumət terroru sonlandırmaq istəyirsə, xalqa altından qalxa bilməyəcəyi vədlər verməməlidir. İllərdir PKK terroru ilə mübarizə apardığımız azmış kimi indi də İŞİD terroru çıxıb. Haradan gəldi bu? Yaxın Şərqdən. Kim gətirdi? Əlbəttə ki, AKP hökuməti. Artıq terror ölkənin müəyyən yerlərində deyil, hər yerində, paytaxt Ankaradadır. İnsanlarımız gələcəyə ümidlə baxa bilmirlər”.
"Səslərimiz yüksəlib...”
CHP sədri sorğu anketlərində partiyanın səsinin artdığını deyib: "Bu sorğuları biz keçirmirik, özəl şirkətlər təşkil edir. Son anketlərin hamısında CHP-nin səs faizində artım var. Bu, məni çox sevindirir. Hamı bilsin ki, bu ölkənin problemlərini həll edəcək yeganə partiya CHP-dir. Partiyamızın çox yaxşı kadrları var. Bütün seçicilərə səslənirəm. Əlinizi vicdanınıza qoyun. Türkiyənin sağlam gələcəyinə səs verin. Əmin olun ki, CHP tamamilə AKP-dən fərqli siyasət yeridəcək. Çünki onlardan fərqli olaraq mənim para-pul dərdim yoxdur. Qul haqqı yeməkdən qorxuram, ona görə də hər kəsin haqqına hörmət göstərirəm. Əgər kimsə din üzərindən siyasət aparırsa, bilin ki, o adamın dinlə bağlılığı yoxdur.
"Saraya bozqurd kimi girərəm...”
MHP sədri Dövlət Baxçalı da "Kanal D”-nin efirində AKP hökumətini və Baş nazir Əhməd Davudoğlunu sərt tənqid edib: "Ölkənin Baş naziri milləti təhdid edir. Deyir ki, "əgər AKP hakimiyyətdən gedərsə, çox ciddi şeylər olar”. Bu nədir? Milləti təhdid etməkdir. Davudoğlu bildirir ki, "hökumət qurma səlahiyyəti digər partiyaya verilsə, onlar "quzu-quzu” AKP-nin ofisinə gələcəklər”. Belə çirkin ifadələrlə siyasi partiyaları, onların liderlərini təhqir etmək olmaz. AKP rəhbərliyi bilsin ki, xalqım mənə səlahiyyət versə, saraya "quzu” kimi deyil, bozqurd kimi daxil olacam. Qürurlu və şərəfli bir lider olaraq”.
MHP-dən kürdlərə qardaşlıq vədi...
Dövlət Baxçalı kürdlərlə türklərin hər zaman bir-biri ilə qardaş kimi yaşadığını söyləyib: "Hamımızın arzusu birlikdə bir yerdə yaşamaqdır. Biz kürdləri, kürdcə danışan qardaşlarımızı özümüzdən ayrı görmürük. Ona görə də imkan verə bilmərik ki, kürdləri Qərbin imperialist gücləri oyuncağa çevirsin. Türkiyədə terror problemi var, amma kürd problemi yoxdur. MHP olaraq HDP-yə səs verənlərə hörmət edirik. HDP ilə PKK arasındakı əlaqəni qınayırıq.
"İŞİD vəhşilərini üstümüzə qısqırtdılar”
HDP-nin İstanbul şəhərində təşkil olunmuş mitinqində danışan Səlahəddin Dəmirtaş hakim partiyanın dəstəyi ilə İŞİD-in hücumlarına məruz qaldıqlarını deyib: "AKP iqtidara gələndə mən uşaq idim. İndi partiyanın həmsədriyəm, AKP hələ də iqtidardadır. Deyirlər ki, "biz getsək, ölkə məhv olacaq”. Biz belə cümlələri çox eşitdik. Onları deyənlərin hamısı getdilər və ölkəyə heç nə olmadı. AKP hakimiyyəti buraxmaq istəmir. İmkan verin, fasilə verin, qoyun camaat nəfəs alsın. Ölkəni bir müddət koalisiya hökuməti idarə etsin”. Dəmirtaş İŞİD-in ən təhlükəli qruplaşma olduğunu bildirib: "Kəllə kəsən, qadınları kölə bazarında satan təcavüz ordusudur. Onlar ən çox bizə hücum edirlər. Dəstəyi isə AKP-dən alırlar”.
İsmayıl