Rəşad Məcid: "Prezident İlham Əliyevin də vurğuladığı kimi, torpaqlarımızın işğaldan azad olunacağı arzumuzun gec-tez gerçəkləşəcəyi bu möhtəşəm paradla bir daha sübut olundu”
"Ötən gün baş tutan yubiley paradından ilk təəssüratlarımız qürur, sevinc göz yaşları oldu”.
Bunu "Sherg.az”a Azərbaycan ordusunun 100 illiyi ilə bağlı keçirilən parad haqqında təəssüratlarını bölüşərkən "525-ci qəzet”in baş redaktoru, yazıçı Rəşad Məcid deyib.
O vurğulayıb ki, paradı izləyən ölkə başçısı İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın, məmurların və sadə vətəndaşların hər birinin üzündə qürur hiss olunurdu:

"Azərbaycan torpaqlarının bir hissəsini itirmiş, müharibə şəraitində yaşayan ölkədir. Ona görə, hər zaman qələbə arzulayırıq. 2016-cı il aprel döyüşlərində uğur qazanmağımız, bir müddət əvvəl Naxşıvanda bəzi ərazilərimizi düşməndən azad etməyimiz ordumuzun gücünə inamı bir qədər də yüksəltdi. 100 illik yubiley münasibətilə təşkil olunan möhtəşəm hərbi paradın da böyük siyasi əhəmiyyəti var. Bu düşmənə layiqli cavab mesajı idi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, torpaqlarımızın işğaldan azad olunacağı arzumuzun gec-tez gerçəkləşəcəyi bu möhtəşəm paradla bir daha sübut olundu”.
Qeyd edək ki, iyun ayının 26-da Azərbaycan ordusunun 100 illik yubileyi münasibətilə, Bakının Azadlıq Meydanında möhtəşəm hərbi parad keçirilib. Paradda çıxış edən Ali baş Komandan İlham Əliyev ordumuzun qüdrəti və bu istiqamətdə qarşıda duran bir sıra məsələlərə toxunub. Prezident qeyd edib ki, Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı "Azadlıq" meydanına gətiriləcək və hərbi paradda nümayiş etdirləcək: "Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordunun müasir maddi-texniki təchizat baxımından Azərbaycan dünyanın ən nadir ölkələrindən biridir. Ermənistan Azərbaycanla rəqabət apara bilmir və heç vaxt buna nail ola bilməyəcək. Azərbaycan isə heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək”.
Aysel Aslan