Bu sahə ilə bağlı qanunvericilik yaxşı səviyyədədir, amma..." - Deputat

Tahir Kərimli:"Bəzən görürük ki, hansısa tikinti obyektində çalışanlar başı açıq işləyir, rəhbərlik isə müəyyən tədbirlər görmür"




"İstehsalat sahəsindəki müəssisələrdə təhlükəsizlik məsələlərində cavabdeh şəxslər olmalıdır”.

Bu barədə "Sherg.az”a istehsalatda baş verən bədbəxt hadisələrin sayının artmasından danışarkən millət vəkili Tahir Kərimli danışıb. 

O vurğulayıb ki, bu sahələrdə çalışan şəxslər lazımi təhlükəsizlik avadanlıqları, geyimlərlə təmin olunmalıdır:

"Təhlükəsizlik üzrə məsuliyyət daşıyan mühəndis bu prosesə diqqət etməlidir. Bəzən görürük ki, hansısa tikinti obyektində çalışanlar başı açıq işləyir, rəhbərlik isə müəyyən tədbirlər görmür. Təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. İşçilərə müvafiq məsuliyyətlə bağlı imza atdırılmalıdır. Amma qəza hallarında bütün məsuliyyəti onların üzərinə qoymaq olmaz. Müəssisələrdə daim nəzarət olmalıdır, təhlükəsizlik standartları təmin edilməlidir.

Qanunvericilik baxımından vəziyyət yaxşı səviyyədədir. Müvafiq aktlarda, təhlükəsizlik təlimatlarında lazımi məsələlər göstərilir. İşçilər bəzən uçotdan kənar işə götürülür. Ona görə, qanuni prosedurları həyata keçirmək bir qədər çətin olur. Bu problemləri aradan qaldırmaq lazımdır.

Dövlət Əmək Müfəttişliyi Xidməti istehsalat sahəsində monitorinqlər aparırdı. Ölkə başçısının sərəncamı ilə gələn il üçün bu yoxlamalar dayandırılıb. Lakin ASAN Xidmət faydalı reydlər keçirir, kompleks şəkildə qanun pozulmadan nəzarət aparır. Hesab edirəm ki, bu yoxlamaların müvafiq şəkildə həyata keçirilməsi məsuliyyəti də bir qədər artırar”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında istehsalat sahəsində baş verən bədbəxt hadisələrlə bağlı statistika öz əksini tapıb. Ötən il istehsalatla əlaqəli sayılan 151 bədbəxt hadisənin təhqiqatı aparılıb ki, onlardan 11 hadisə qrup halında baş verib. Məlumata görə, baş vermiş hadisələr nəticəsində 61 nəfər həyatını itirib, 121 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Aysel Aslan