Bu, siyasi mübarizə deyil
Avropada oturub “xalqın təəssübünü çəkənlər” ermənilərin alətinə çevrilirlər
Azərbaycan müstəqillik əldə etdikdən sonra, Vətənə qarşı anti-milli mövqe tutanlar, öz yaşayışını, şəraitini yaxşılaşdırmaq naminə ölkəmizin milli maraqlarını bəzi xarici dairələrə satanlar hər zaman olub. Xüsusən də Avropa ölkələrinə qaçan "mühacirlər” milli maraqları təkcə erməni mövqeli avropalılara deyil, oradakı ermənilərə, erməni lobbiçilərinə də satmaqla məşğul olublar. Bu insanlar ələlxüsus Azərbaycanda siyasi gündəm aktivləşəndə, seçkiləröncəsi peyda olurlar.
Xaricdə yaşayan və ardıcıl olaraq Azərbaycana qarşı sosial şəbəkələrdə kampaniya aparanlar məlumdurlar. Həbib Müntəzir, Arzu Qeybulla, Qənimət Zahid, Natiq Güləhmədoğlu, Fikrət Hüseynov, Ataxan Əbilov, Ramiz, Arif və Leyla Yunuslar, Arif Məmmədov mütəmadi olaraq Vətən maraqlarının əleyhinə gedərək ölkəmizə qarşı "qara piar” işini həyata keçirirlər. Barmaq sayı qədər olan bu "mühacir”lər "ordusu”nun tərkibinə son bir neçə ayda qatılan bir-iki insan var ki, bütün əndazələri aşmaqdadırlar. Orduxan Teymurxan, Məhəmməd Mirzəli, Tural Sadıqlı adlı bu şəxslər guya ki siyasi mübarizə aparırlar. Bu adamların "mübarizəsi”nin kökündə isə nə dayanır - söyüş. Bütün əxlaqi normaları kobud şəkildə pozan bu insanlar şəbəkələr vasitəsi ilə, azərbaycanlıları təhqir edir, Vətəni aşağılayır, hazırkı hökumətdə təmsil olunan insanlara təhqir yağdırırlar. Siyasi mübarizə isə bu deyil. Siyasi mübarizə rəqabətlilikdir, gücünü ortaya qoymaqdır. Gücsüz, rəqibindən aşağı səviyyədə olduğunu dərk edəndə, o zaman söyüş metoduna keçilir. Bu cür davranışlar isə bütün cəmiyyətdə, ictimaiyyətdə ikrahla qarşılanır. Məsələ budur ki, sözdə xalqın "təəssübünü” çəkən bu insanlar, əslində öz maraqlarına xidmət edirlər, öz maraqları uğrunda torpaqlarımızı işğal edən ermənilərin alətinə çevrilirlər.
Onların ermənilərlə əməkdaşlığı haqqında çox misallar çəkmək olar. Məsələn, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin oğlu Türkel Kərimlinin ABŞ-dakı tədbirdə iştirakını misal gətirək. Türkel Kərimli həmin tədbirdə qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndələri ilə birgə Azərbaycana qarşı çıxış etmədimi?! Bu, anti-Azərbaycan mövqeyi deyilsə, başqa nədir?
Və yaxud da, "söyüş siyasəti” ilə, xalqın "təəssübünü çəkən” Orduxan Teymurxanı misal gətirək. Bu adam, bir neçə gün öncə, Xocalı soyqırımının ildönümü ərəfəsində ermənilərdən yana olduğunu ortaya qoydu. "Ermənilər Qarabağda Azərbaycan qəbirlərini və abidələri dağıtmayıblar” - sözlərini deyən Orduxan Teymurxan necə xalqın dərdini çəkə bilər? Halbuki işğal edilmiş ərazilərdə Azərbaycan qəbirlərinin, məscidlərin və başqa arxitektura abidələrinin ermənilər tərəfindən dağıdılması hamının qəbul etdiyi faktdır. Bunu heç beynəlxalq təşkilatlar və ermənilərin özləri də təkzib etmirlər. Qarabağda minlərlə arxitektura abidəsinin ermənilər tərəfindən dağıdılması hətta rəsmən sənədləşdirilib də. Amma bunu Orduxan Teymurxan təkzib edir, deyir ermənilər bizim abidələrimizi dağıtmayıblar. Bu, açıq şəkildə göstərir ki, Orduxan və onun ətrafında olanlar ermənilərin diktəsi ilə anti-milli fəaliyyət göstərirlər. Bunlar davamlı şəkildə ermənilərlə əməkdaşlıq edir, erməni lobbisinin idarə etdiyi mərkəzlərin tədbirlərinə qatılır, erməni lobbisindən tapşırıqlar alırlar. Həmin tapşırıqlara əsasən də Azərbaycana qarşı qərəzli, söyüşlü ifadələri sosial şəbəkələrdən yayırlar. Çexiyalı avroparlamentari Şteynanın, Pen təşkilatının ermənipərəst mövqeyi hər kəsə bəllidir. Bu adamlar gedib həmin qurumların tədbirlərində iştirak edirlər. Maraq nədir? Maraq ölkənin milli maraqlarını satmaqdır.
Bu adamların erməni lobbiçilərinin təsiri altında olduqlarını elə həmin Orduxan Teymurxanın bu yaxınlarda ortaya çıxan yazışmaları da təsdiqləmiş oldu. Məhəmməd adlı şəxslə yazışmasında Orduxan məskunlaşdığı Hollandiyadan Almaniyaya səfər məqsədini açıqlayır. O deyir ki, Almaniyada, Berlin şəhərində siyasi fəal olduğunu iddia edən şəxslərin keçirdiyi aksiyaya gedib, bununla yanaşı, həm də yeni təlimatlar alıb. O bildirib ki, təlimat almaq üçun ofisə gedəcək. Daha sonra yazışmalardan aydın olur ki, adı çəkilməyən ofis yeni tapşırıqlar verib. Bu sırada seçkiyə münasibət, sosial şəbəkələrdə tənqidlə yanaşı, təhqirlərin yazılması da var. Hətta tapşırıqların icrası sonunda bir neçə ev alacaq qədər pul da vəd edilir. Yazışmalarında Orduxan "söyüş söymək mənlikdir” deyir. Görünür ki, erməni havadarları bu şəxsi təlimatlandırarkən, ən iyrənc metodu həyata keçirməsini boynuna qoyub.
Onun ermənipərəst mövqeyini sübuta yetirən bir element də keçirdiyi məzmunsuz aksiyalardır. Özü kimi düşmənin maraqlarına xidmət edən, bir neçə gənci başına yığıb Azərbaycan hökumətini, bayrağını təhqir edir. Amma bir dəfə də olsun gedib həmin Avropa ölkələrində olan Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirtmir. Belə "cəsarətlidirsə” Azərbaycan şəhidlərinin fotolarını Ermənistan səfirliyinin qarşısında qaldırsın, torpaqlarımızın işğalını pisləsin. Niyə bunu etmir? Edə bilməz. Çünki onu maliyyələşdirən, göstəriş, təlimat verən dairələr erməni dairələridir.
Bu insanların davranışlarını, sosial şəbəkələrdə apardıqları "mübarizə”ni analiz etdikdə sonda belə qənaətə gəlmək mümkündür ki, Orduxanın da, Yunusların da, digər bu prosesdə iştirak edən insanların da problemi hakimiyyətlə deyil, ümumilikdə Azərbaycan dövləti və Azərbaycan xalqı ilədir. İctimaiyyət, cəmiyyət də hər şeyi yaxşı görür, hər şeyi qiymətləndirir. Bu xalq imkan verməyəcək ki, torpağını işğal etmiş, qanını tökmüş ermənilərin diktəsi ilə hərəkət edən bu anti-milli insanlar istəklərinə nail olsunlar.
Anar