"Bu təlimlər kənar qüvvələrin regionda manevr imkanlarını azalda bilər"




"Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlığı kənar qüvvələrin regionda gücünün – manevr imkanlarının azalmasına gətirib çıxara bilər”. 

Bunu Sherg.az-a regionda Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə birgə hərbi təlimlərin planlaşdırılmasına münasibət bildirərkən hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib. 

Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumlarının əməkdaşlığı artıq neçə illərdir inkişaf prosesindədir

"Türkiyə NATO-ya üzv ölkədir. Gürcüstan isə bu istiqamətdə ciddi addımlar atır. Azərbaycan da NATO ilə inteqrasiya mərhələsindədir. Regionda aparıcı mövqeyə malik bu ölkələrin rəhbərləri davamlı olaraq görüşür, hərbçilərimizin iştirakı ilə birgə tədbirlər həyata keçirilir. Müdafiə nazirlərinin sonuncu belə görüşü Qəbələ şəhərində olmuşdu. İrimiqyaslı təlimlərə gəldikdə bu regional təhdidlərə qarşı yaxşı vasitədir. Təəssüf ki, son vaxtlar Rusiyanın bölgəyə təsir imkanları artır və bu vəziyyətdə Gürcüstanla hərbi əməkdaşlıq narahatlıq yarada bilər. Lakin bütün bunlara baxmayaraq, strateji əməkdaşlığın inkişaf etdirilməsi baxımından Azərbaycan Gürcüstanla birgə hərbi təlimlər keçirməsi vacibdir. Hesab edirəm ki, şimaldan gələ biləcək bütün narahatlıqlara baxmayaraq, öz marağımız naminə hərbi sahədə bu ölkələrlə əməkdaşlığı davam etdirə bilməyimiz yalnız təqdir olunmalıdır”. 

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun fevralın 1-də baş tutan bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşündə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsinin planlaşdırıldığı bildirilir. 

Aysel Aslan