Sentyabrın 29-da Nizami Kino Mərkəzində Türk dünyasının Azərbaycanla həmrəyliyinə həsr olunmuş “Türkün gücü tükənməz” filminin təqdimatı keçirilib.
Sherg.az xəbər verir ki, film Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri fonunda Türk dünyasının Azərbaycana göstərdiyi mənəvi və əməli dəstəyi, qardaşlıq münasibətlərini və həmrəyliyini əks etdirir.
Ekran əsərində Qarabağın azadlıqdan dirçəlişə uzanan yolu, Türk dövlətlərini birləşdirən ortaq dəyərlər və çətin günlərdə bir-birinə dayaq olmaq ənənəsi ön plana çəkilir. Film dağıntılar içindən yenidən doğulan Qarabağın timsalında Türk dünyasının birlik və həmrəylik ruhunu nümayiş etdirir.
Təqdimat mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin, eləcə də mərhum millət vəkili Qənirə Paşayevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Kəmalə Paşayeva, Azərbaycan Respublikasının millət vəkili Polad Bülbüloğlu, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov və Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov iştirak ediblər.
Çıxışlarda Türk dünyasının Azərbaycanla nümayiş etdirdiyi həmrəyliyin əhəmiyyəti, Qarabağın bərpası və quruculuğu prosesində qardaş ölkələrin dəstəyi, eləcə də ortaq gələcəyə dair əməkdaşlıq məsələlərindən bəhs olunub.
Tədbirin sonunda “Türkün gücü tükənməz” filmi nümayiş etdirilib.
Qeyd edək ki, filmin rejissoru Elnurə Kazımovadır. Film QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə ərsəyə gətirilib.