
“Büdcədən maliyyələşən televiziyalarda surdo-tərcümələr mütləq olmalıdır”
Qulu Məhərrəmli: “Onlar da cəmiyyətimizin bir parçasıdır. Onların da informasiya almaq hüquqları var”Elman Abbasov: “Seçib-seçilmək hüququ olan bu insanların belə informasiya blokadasında yaşamağına nə ad vermək olar?”

(Əvvəli ötən sayımızda)
Son zamanlar ölkədə Kütləvi İnformasiya Vasitələrinin (KİV) müxtəlif sferalarda inkişafını təmin etmək məqsədilə mütərəqqi addımlar atılıb. Bu tədbirlər sırasında ən çox izlənilən KİV vasitəsi olan televiziyalara dair də çoxsaylı tədbirlər yer alıb.
Bir sözlə, teleməkanların yol verdiyi bir sıra nöqsanların - telejurnalistlərin dili, milli-mənəvi dəyərlərə zidd, bayağı verilişlərin bağlanması və s. kimi məsələlərin aradan qaldırılması yönündə nəzərəçarpan işlər görülür. Və həmin addımların müsbət effekt doğurduğu da göz önündədir. Buna rəğmən televiziyalarda müəyyən problemlər hələ də qalmaqdadır. Belə çatışmazlıqlardan biri də eşitmə və danışma qabiliyyəti olmayanlar üçün surdo-tərcümələrin (jest dili) olmamasıdır. Halbuki, heç uzağa getməyək, qardaş Türkiyə telekanallarında nəinki bu ölkənin ictimai-siyasi həyatında ciddi rol oynayan məlumatları, hətta mahnı klipləri də surdo-tərcümələrlə təqdim edilir. Bu baxımdan surdo-tərcümələrin Azərbaycan televiziyalarından yığışdırılması yaxşı hal kimi dəyərləndirilmir. Əskəriyyət bunu lal-karların hüquq pozuntusu adlandırır. Maraqlıdır, görəsən, bizim telekanallar niyə surdo-tərcümələrə yer vermir?
Sualımıza cavab tapmaq məqsədilə tanınmış televiziya eksperti, professor Qulu Məhərrəmli ilə əlaqə saxladıq. O, "Şərq”ə açıqlamasında qeyd etdi ki, telekanallarda surdo-tərcümələrin olması zəruri məsələdir: "Hesab edirəm ki, dövlət büdcəsindən maliyyələşən televiziyalarda bu tərcümə mütləq olmalıdır. Eşitmək və danışmaq qabiliyyəti məhdud olan vətəndaşlarımız üçün bu tərcümə çox vacibdir. Onlar da cəmiyyətimizin bir parçasıdır. Onların da informasiya almaq hüquqları var. Bu baxımdan hesab edirəm ki, bu cür tərcümələrin verilməsi humanizm baxımından da zəruridir”.
Ekspertin qənaətincə, bu təcrübə xarici ölkə telekanallarında hələ də yaşamaqdadır: "Bizdə də mütləq olmalıdır”.
Azərbaycan teleməkanlarında surdo-tərcümələrin verilməməsinin səbəblərinə gəlincə, ekspert diqqətə çatdırıb ki, bu, əlavə xərc tələb edir: "Surdo-tərcümə xüsusi sistemdir. Bu, qanunda da var. Büdcədən maliyyələşən bütün televiziyalar surdo-tərcümələri verməlidirlər”.
Surdo-tərcüməçilərin azlığı məsələsindən söz açan həmsöhbətimiz bildirib ki, ehtiyac olan sahələr üzrə mütəxəssislər hazırlanması çox zəruridir: "Bu da bir peşədir. Bütün hallarda olmalıdır. Belə tərcümələrə daim ehtiyac var. Düşünürəm ki, bununla xüsusi qurumlar mövcuddur ki, məşğul olmalıdırlar və olurlar da”.
Müsahibimiz bəyan edib ki, telekanallarda surdo-tərcümələrin yer almaması hüquq pozuntusundan daha çox mənəvi məsələdir: "Əlbəttə, bu, bizdə də olsaydı, yaxşı olardı. Biz bu problemlərdən danışmazdıq. Amma buna ehtiyac var. Həm də bu, büdcədən maliyyələşən televiziyanın işinə mane olmur. Bunu versək, özümüzü auditoriyaya daha çox yaxınlaşdırmış olarıq. Buna diqqət yetirmək lazımdır”.
Q.Məhərrəmli hesab edir ki, surdo-tərcümələri özəl televiziyalardan tələb etmək doğru deyil: "Bu, əlavə vəsait və təşkilati işdir. Əlavə resursların işə salınmasıdır. Ona görə də bununla büdcədən maliyyələşən televiziyalar məşğul olmalıdırlar. Bir daha qeyd edirəm ki, bunu özəl televiziyalardan tələb etmək doğru deyil. Bunu İTV və AzTV- dən ummaq yerinə düşər”.
Mingəçevir Şəhər Rayonlararası Lallar-Karlar Cəmiyyətinin sədri, surdoloq Elman Abbasov qeyd edib ki, əvvəllər bir televiziya kanalında bir sıra proqramların nümayişində lal və kar auditoriyanın anlaması üçün tərcüməçilər olardı: "Yəni onlar ağız, əl hərəkətləri ilə, mimika və jestlərlə aparıcının nədən danışdığını lal və karlara izah edərdilər. Onlar da ölkədə gedən ictimai-siyasi proseslərdən, sosial vəziyyətdən, mədəniyyət aləmindən xəbər tutardı. Amma xeyli vaxtdır ki, heç bir kanal bizim zümrəyə məxsus insanlara xidmət etmir. Bu səbəbdən onlar dünyada, eləcə də ictimai mühitimizdə baş verən proseslərdən bixəbərdirlər. Seçib-seçilmək hüququ olan bu insanların belə informasiya blokadasında yaşamağına nə ad vermək olar?”.
E.Abbasov lal-karların digər problemlərindən də danışıb: "Hazırda onların asudə vaxtlarını keçirmək məqsədi ilə toplaşa bildikləri bir məkan da yoxdur. Bundan başqa, onların əksəriyyəti müxtəlif sahələr üzrə ustadırlar. Lakin onlar iş yeri tapmaqda çətinlik çəkirlər. Elə bu kimi səbəblərdən onların ailələri müəyyən problemlərlə üzləşirlər. Eləsi var ki, ailə üzvlərinin sayı 5 nəfərdən ibarətdir. Yeri gəlmişkən, qeyd edim ki, onların dilini bilən bir şəxs olaraq bu kimi problemləri lazımi qurumlara çatdırıram. Lal-karlar, bir qayda olaraq, lal-kar olmayan qızlarla evlənmirlər. Onlar, adətən, öz zümrələrinə məxsus insanlarla ailə qururlar. Bir qədər qəribə sevinc doğursa da, ata-anası lal-kar olanların əksəriyyətinin, təxminən 90 faizinin övladları lal-kar olmurlar. Bu gün elə lal qızlarımız var ki, təhsildən kənarda qalıblar. Nəticədə onlar, necə deyərlər, lal dilini də öyrənə bilmirlər. Təbii ki, bu da gələcəkdə müəyyən problemlərə səbəb olur. Yəni evlənmək istəyən lallar da onları başa düşənlərə üstünlük verirlər. Bizim də elə şəraitimiz yoxdur ki, onları bir yerə yığıb dərs keçək. Evlərdə də fərdi dərs keçmək mənim imkanım daxilimdə deyil. Mən burada onların dilini bilən, daha doğrusu, lallara dil öyrədən yeganə mütəxəssisəm, özü də 17 rayon üzrə... Artıq 21 ildir ki, onlarla birgə işləyirəm. Elə bil Allah məni bunlar üçün göndərib. Bir daha qəzetiniz vasitəsilə onlara üzümü tutub deyirəm: insanlara bu kimi məsələlərin həllində yardımçı olun. Mən bu barədə müəyyən dairələrə məktublar yollamışam, amma heç bir cavab ala bilməmişəm”.
E.Abbasovun sözlərinə görə, hazırda cəmiyyətin qeydiyyatında bu zümrəyə məxsus 230-a yaxın adam var: "Onu da qeyd edim ki, onlarla belə adam var ki, onlar cəmiyyətimizin üzvləri deyillər. Təbii ki, bu da valideynlərin onların gələcək həyatlarını düzgün dəyərləndirməmələrindən irəli gəlir. Bir sözlə, elə valideyn var ki, öz övladının lal-karlığını cəmiyyətdən gizlətməyə çalışır. Əvvəllər sahə həkimləri belələrini üzə çıxardar və aidiyyəti qurumlar qarşısında bu məsələni qaldırardılar. Təəssüf ki, indi belə tədbirlər həyata keçirilmir. Şəxsən mən özüm məhəllə-məhəllə, bina-bina, ev-ev gəzib belə adamları axtarır, onları qeydiyyata almaqla yanaşı, cəmiyyətimizə dəvət edirəm”.
Demokratik Jurnalistlər Liqasının sədri, tanınmış jurnalist Yadigar Məmmədli bunun vacib amil olduğunu söyləyib: "Əslində bu, insan haqları ilə bağlı məsələdir. Hər bir kəsin informasiya almaq hüququ var. Ona görə də eşitmə və danışma imkanları məhdud insanlara bu cür xidmətlər göstərilməlidir. Baxın, hazırda Türkiyə və eyni zamanda Rusiya telekanallarında bu çox geniş yayılıb. Doğrudur, bunun bütün verilişləri əhatə etməsi bəlkə də yanlış olar. Amma xəbərlərdə və tok-şou xarakterli verilişlərdə mütləq olmalıdır. Düşünürəm ki, bu məsələni bizdə də ictimailəşdirməyə ehtiyac var. Həmin sahədə müəyyən xidmətlərə ehtiyac duyulur. Bu sahəni bilən insanlar hazırlanmalıdır. Sıradan bir iş deyil. Bütün hallarda surdo-tərcümələrin bərpasına nail olmaq lazımdır”.
Surdo-tərcüməçilərin hazırlanmasına gəlincə, həmsöhbətimiz bildirib ki, tərcümə mərkəzlərində də surdo-tərcüməçilər hazırlamaq olar: "Surdo-tərcüməçilərə ehtiyac var”.
Müsahibimiz vurğulayıb ki, bununla bağlı MTRŞ-yə də müraciət etmək olar: "Bütün televiziyalara filmlərin çəkilməsi üçün dövlət büdcəsindən pul da ayrılır. Onlara göstərilə bilər ki, bu serialların içərisində lal-kar şəxslər də olsun. Hər halda bunun çoxçeşidli yolları var. Buna təşəbbüs göstərmək lazımdır. Surdo-tərcüməçilər hazırlana bilər, problem deyil. Amma məsələ odur ki, onlar harada işləyəcəklər. Bu, həlli mümkün məsələdir”.
"Subtitrlər verilir deyə, telekanallarda surdo-tərcümələrə ehtiyac qalmır” iddiasına gəlincə, Y.Məmmədli deyib ki, subtitrlər surdo-tərcümələri tam əvəz edə bilmir: "Düzdü, bu, boşluğu müəyyən mənada doldura bilər. Amma tam əvəz edə bilməz. Subtitrlər Rusiya və Türkiyə televiziyalarında subtitrlərdən istifadə olunur, amma surdo-tərcümələr də qalır. Deməli, aydınca görünür ki, subtitrlər surdo-tərcüməni tam əvəzləyə bilmir. Xeyli əvvəl AzTV-də belə bir xidmət vardı. Orada əsas xəbərlər surdo-tərcümə olunurdu. Məncə, onu bərpa etmək lazımdır”.
(davamı var)
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb