Bundan sonra Türkiyə Qərb qütbünü seçə bilərmi ? - ŞƏRH






"Ankara ABŞ-ın diktəsi ilə oturub- durmur”.

Bunu "Sherg.az”a NATO-nun Afrin əməliyyatlarına dair Türkiyəyə tələb ünvanlamasından danışarkən politoloq Tofiq Abbasov deyib. O xatırladıb ki, bir müddət əvvəl ABŞ dövlət katibi Reks Tillerson Türkiyə prezidenti ilə Afrin əməliyyatı haqqında danışıqlar apardı:

"Amma Afrin əməliyyatının lazımi həddə qədər davam etdiriləcəyi bildirildi. Ona görə, NATO da narahatlığını ifadə edir.

Amerika Suriyadakı vəziyyəti cilovlaya, proseslərə özünün istədiyi kimi yön verə bilmir. Digər tərəfdən isə Türkiyənin guya kimyəvi silahları işlətdiyini iddia edir. Əslində bu bəyanatlar bilərəkdən verilir. 

Çünki ABŞ özünün mövcudluğunu gündəmə gətirmək istəyir ki, guya son söz sahibi odur. Bununla yanaşı Türkiyə anlayır ki, Amerikanın və müttəfiqlərinin onların təhlükəsizlik barədə fikirləri sabitlik gətirməyəcək. Vəziyyət gündən-günə qəlizləşir. Görünür ki, həmin ərazilərdəki qruplaşmalar heç də lazımi qədər zəifləməyib.

Amerika və Rusiya arasındakı ixtilaflara son qoyulmayıb və ABŞ Türkiyəni öz tərəfinə çəkməyə çalışır. Amma NATO-nun çağırışından sonra belə, Türkiyənin qərb qütbündə dayanacağını düşünmürəm. Çünki Ankaranın öz planları var”.

Qeyd edək ki, NATO baş katibinin müavini Rouz Qetemüller Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatın miqyası və müddətinin məhdudlaşdırılmalı olduğunu bildirib.

Xatırladaq ki, Türkiyə Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatın məqsədinin bölgənin PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

Aysel Aslan