Buraxılış imtahanındakı zəif nəticənin bədəlini kim ödəyəcək?

Şagirdləri qınamayın, heç müəllimlər kurikulumu bilmirlər
XI sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri qaneedici olmayıb. Ən çox da valideynlər üzülüblər. Bəs necə? Uşağı hazırlığa göndər, müəllimə pul ödə, bu da sonu?!. Əksəriyyət isə bu fikirdədir ki, imtahanların uğursuz sonluğuna bu «zəhrimar» kurikulum baisdir. Şagirdlər açıq test tapşırıqlarını yerinə yetirə bilməyiblər. Öyrəşmişdilər, variant seçməyə, bu dəfə variant təklifi olmayıb, uşaqlar da beyinlərinə işlədə bilməyib.
«Bizim müəllimlər kurikulumu bilmir»
Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, imtahanların zəif nəticələrinə görə şagirdlər qətiyyən qınanmamalıdır, səbəbkar 11 il ərzində kurikulum metodunu mənimsəməyən müəllimlərdir:
- Kurikulum dünyanın mükəmməl, inkişaf etmiş ölkələrində qəbul edilən təhsil üsullarından biridir. Kurikulum qiymətləndirmə, şəxsiyyətlilik və sair baxımından kifayət qədər üstünlüyə malikdir.
Geridə qoyduğumuz 11 il ərzində müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istfadə etməli idilər. Amma 20 il ərzində müəllimlər ənənəvi test tapşırıqlarını, ənənəvi dərsi necə tətbiq etməyi öyrəniblər və onlar bunu mənimsəyiblərsə, yeni sistemdə belə ənənəvi, köhnə qaydadan istifadə edirlər. Real vəziyyət budur ki, müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də şagirdləri aşağı nəticələrə görə qınamaq lazım deyil.
Hesab edirəm ki, ali məktəbdə tədris proqramları əvvəlcədən müasirləşdirilərək müəllimlərə verilməlidir. Çünki əmək bazarına kadrlar universitetlərdən daxil olur. Əgər istəyiriksə müəllimlər kurikulumu, müasir təhili, qiymətləndirməni bilsinlər, onda bu proqramı, lazimi resursları ali məktəblərin tədris proqramına salmaq lazımdır.
Təsəvvür edin, 2017 və 2018-ci illərdə kurikulum standartlarına uyğun keçirilən imtahanlarda iştirak edənlərin 70 faizi öz ana dilindən və riyaziyyatdan 2 aldı. 70 faiz insan minimum suala düzgün cavab verə bilmədi. Demək olar 5 alan olmadı. Bu ona görə idi ki, müəllimlər hələ də kurikulum biliklərini əldə edə bilmirlər. Məktəb direktorları düzgün tədris prosesi qura bilmir. Bu kurikulum standartlarından biri öyrədilən bilik və bacarıqların "KSQ”lərdə, "BSQ”lərdə, "Formativ”lərlə yoxlanılmasıdır. Amma müəllimlər hələ də bunun ənənəvi qapalı test üsulu ilə yoxlanmasını həyata keçirirlər. Halbuki, digər konseptual bacarıqların yoxlanılması müxtəlif test tapşırıqları ilə yoxlanılmalıdır. Amma hələ də müəllimlər kurikulumu qəbul etmək istəmirlər. 
Çünki düşünürlər ki, bunun üçün pul lazımdır. Yəni hər dərsin hazırlanmasına əlavə vəsait tələb olunur. Həqiqətən də müəllimlər burada haqlıdırlar. Düzdür, müəllimlərin maaşları kifayət etmir ki, kurikulumdan hazırlaşsın. Amma bu o demək deyil ki, onlar kurikuluma hazırlaşmamalıdırlar. Əgər onlar bu sistemdə işləyirlərsə, dövlət onlara maaş verirsə, kağızla, printerlə və s. ləvazimatlarla təmin edirsə, 45 dəqiqə dərsdə oturursa, müəllim keyfiyyətli iş ortaya qoymalıdır. Hazırda 4500-dən çox orta məktəbdə 155 min müəllim çalışır. Onların çox cüzi bir hissəsi kurikulumdan dərs keçirlər. 
Ən bərbad ikinci bir hal ondan ibarətdir ki, sosial şəbəkələrdə müəyyən müəllim qrupları var, burada ənənəvi üsullarla, yaxud kurikulum üsulu ilə test tapşırıqları hazırlayırlar. Bütün müəllimlər eyni test tapşırıqlarını götürüb kopyalayaraq öz şagirdlərinə işlədirlər. Yəni heç bir əziyyət çəkmək istəmirlər. Dövlət İmtahan Mərkəzinin sədri haqlı olaraq keçirdiyi obyektiv, şəffaf imtahanlarla ortaya bir nəticə qoydu ki, bəli, orta təhsil məktəblərimizdə direktorlarımızın fəaliyyətsizliyi nəticəsində fənn müəllimləri kurikulumu ənənəvi üsulla həyata keçirməyə başlayırlar. 
Dövlət bu standartın həyata keçirilməsi üçün 30 milyon manatdan çox vəsait xərcləyib. Amma təsəvvür edin ki, 155 mindən çox müəllimimizin, demək olar ki, hamısı kurikulum təlimlərinin iştirakçısıdır. Onlar deyirlər ki, kurikulum kurslarından keçmişik, diplomlarımız, sertifikatlarımız var. Amma ortada olan nəticə odur ki, bizim müəllimlərimiz hələ də kurikulumu başa düşə bilmir, mənimsəyə bilməyiblər.
K.Əsədov qeyd etdi ki, Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanı üçün mövzu əzbərləyib 3-5 sual yazmaqla kurikulum öyrənmək olmaz:
- Təhsil Nazirliyinin bir həftəlik 20 manata keçirdiyi kurikulum təlimləri ilə müəllimlərdə bu müasir yanaşmanı formalaşdırmaq olmaz. Düşünürəm ki, məsələnin pis tərəfi ondan ibarətdir ki, müəllimlərimizə 2-3 günlük kurikulum təlimləri ilə kurikulumu mənimsədə bilmərik. Mütləq şəkildə müəllimlərimiz 6 aydan az olmamaq şərti ilə kurikulum təlimlərində iştirak etməlidirlər. Təlimləri nəzəriyyə üzərində yox, praktika üzərində keçmək lazımdır. Müəllimlər üçün kurikulum təlimləri təşkil edən qurumlar inanın ki, ancaq kağız üzərində təlimlər keçirlər. Ən çox da kurikulum təlimləri keçirənlər sertifikat paylamaqla məşğuldurlar. 
O təlimləri keçənlər kurikulumu dəqiq öyrənmirlər. Hesab edirəm ki, kurikulum təlimlərini Dövlət İmtahan Mərkəzi həyata keçirməlidir. Çünki Dövlət İmtahan Mərkəzi, digər qurumlardan fərqli olaraq, daha peşəkar səviyyədə bu işi təşkil edir. Digər qurumlar isə bunu, sadəcə, formal olaraq həyata keçirirlər. Müəllimlərin biliyi bu qurum tərəfindən yoxlanarsa və yüksək nəticə göstərən müəllimlərə sertifikatlar verilərsə, bu, qısa müddətdən sonra arzuolunan nəticəni ortaya qoya bilər.
Məlahət Rzayeva