“Bütün dövrlərdə vətəndaşlar siqaretə və içkiyə çox pul xərcləyiblər”

Fuad İbrahimov: “Nə qədər bahalaşma baş versə də, demək olar ki, bu çeşid məhsulların alınmasında aşağı faiz müşahidə olunmayıb”
“Qanımıza işləyib, hər yeni il qabağı qiymətləri süni qaldırırlar”



2017-ci ilin yanvar-noyabr aylarında paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 21 milyard 964 milyon manat olub. Bu rəqəm 2016-cı illə müqayisədə 2,2 faiz çoxdur. Statistika İdarəsindən verilən məlumata görə, cari ildə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,4 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,5 faizi geyim və ayaqqabıların, 7 faizi isə avtomobil yanacağının alınmasına sərf olunub. 

Statistik göstəricilərlə bağlı "Şərq”ə danışan tanınmış iqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, ərzaq məhsulları vətəndaşların istehlak səbətində hər dövrdə mühüm yer tutub.

- Mövcud statistikaya görə, il ərzində ərzaq məhsulları ilə yanaşı, içki və tütün məmulatlarına da xeyli vəsait sərf olunub. Qeyri-ərzaq məhsullarına bu qədər çox pul xərclənməsinin səbəbi nədir, buna qənaət etmək olmazmı?

- Son iki il ərzində qida məhsullarının qiyməti 100 faiz qalxıb. Ümumiyyətlə, müşahidələr göstərir ki, qiyməti stabil qalan heç bir məhsul yoxdur. Belə olan təqdirdə istehlakçı səbətində xərclərin təsnifatının dəyişməsi qaçılmazdır. Yəni cari ildə içki və tütün məmulatlarına sərf olunan vəsaitin artması bu məhsullardan istifadə edənlərin sayının çoxalması ilə deyil, qiymətlərin kəskin artması ilə bağlıdır. Ümumiyyətlə, statistik tarixə nəzər salsaq, görərik ki, içkilər və tütün məmulatları hər zaman, hələ sovet dövründən etibarən vətəndaşların pul xərclədiyi əsas məhsullar olub. Nə qədər bahalaşma baş versə də, demək olar ki, bu çeşid məhsulların alınmasında aşağı faiz müşahidə olunmayıb. Daha çox eyni səviyyədə qalıb. Düzdür, son zamanlar bəzi gənclərimiz dini dəyərləri əsas gətirərək spirtli içkilərdən və tütün məmulatlarından uzaqlaşıblar. Hətta yaşlı nəsil arasında belə siqaretdən istifadə əhəmiyyətli dərəcədə azalıb. Biz tədqiqatlar aparırıq, sorğular keçiririk. Məsələn, ötən il bir təşkilat daxilində 20 nəfər siqaret çəkən var idisə, növbəti ildə onların sayı 16-ya düşdü. 6 nəfər bir il ərzində tütün məmulatından istifadəni tərgitdi. Belə faktlar olur. Lakin ümumi götürəndə cəmiyyətdə siqaretdən istifadə edənlər, vaz keçməkdə çətinlik çəkənlər daha çoxdur. Yeni nəsil arasında da tütün məmulatlarından istifadə genişdir. Yəni siqaretlərin qiyməti artsa da, ondan istifadə edənlərin sayı azalmır.

- Deməli, siqaret və içki məsələsini ancaq fərdi yanaşma ilə dəyərləndirmək mümkündür?

- Əlbəttə, məsələdə subyektiv yanaşmaları nəzərə almalıyıq. Misal üçün, mən bir vətəndaş kimi spirtli içkilərdən istifadə edirəm. Tütün məmulatlarından isə ümumiyyətlə istifadə etməmişəm. Bundan sonra da etməyəcəm. Amma nə zamansa spirtli içki qəbul etməkdən vaz keçəcəyimi düşünmürəm. Sağlamlığım imkan verdiyi müddətcə spirtli içkilərdən istifadə edəcəm. Şübhəsiz, bu, mənim subyektiv yanaşmamdır. Hər kəsin öz fikri və seçimi var.

- Bazarlarda müşahidə olunan bahalaşma bayramla əlaqəlidir, yoxsa başqa səbəbləri var?

- Müşahidə etdiyimiz bahalaşma Yeni il bayramı ilə bağlıdır. Çox təəssüf ki, əksər hallarda bayram öncəsi qiymətlər süni şəkildə qaldırılır. Görünür, belə davranış artıq qanımıza işləyib. Demək olar ki, bütün ticarət şəbəkələri əsasən qida məhsullarının qiymətini qaldırırlar. Digər məhsulların da qiymətində artım olur. Hətta bayramlaşmada istifadə olunan suvenirlərin də qiyməti qalxır. Bu da müəyyən ticarətçilərin fürsətdən sui-istifadə etməsidir. Çox güman ki, yeni il bayramı bitən kimi, yəni yanvar ayının birinci ongünlüyündən fevralın sonunadək ticarət şəbəkələri durğunluq dövrünü yaşayacaq. O zaman qiymətlər də aşağı düşəcək. Hamımız bunu müşahidə edəcəyik, çünki illər boyu eyni proses təkrarlanır.

- Maliyyə naziri Samir Şərifov bildirib ki, 2017-ci il ölkə iqtisadiyyatı üçün uğurlu il olub. Nazirin sözlərinə görə, cari il sabitləşmə ili kimi tarixə düşəcək. Bu barədə fikirləriniz nədir?
- Cari ilin iqtisadi cəhətdən uğurlu olmasını sadəcə bir prizmadan dəyərləndirmək mümkündür. Bitmək üzrə olan 2017-ci il geridə buraxdığımız 2015-ci və 2016-cı illərlə müqayisədə nisbətən uğurludur. Vəssalam.

- Nazir milli valyutanın məzənnəsi haqda da danışıb və manatın məzənnəsinin möhkəmləndiyini deyib. Bu proqnozu necə şərh edərsiz?

- Manatın güclənməsi bir çox amillərdən asılıdır. Ümumiyyətlə, hər hansı milli valyutanın dəyərinin müəyyənləşməsi müəyyən iqtisadi proseslərlə bağlıdır. İqtisadçı kimi dəfələrlə bu mövzuya toxunmuşuq və problemləri bəyan etmişik. Vurğuladığımız məqamlar öz əksini tapmadığı müddətcə populist çıxışların heç kimə faydası olmayacaq. Hansısa proqnoz verilir, amma konkret zaman və məkan çərçivəsində onun ağrısını çəkirik. Görürük ki, proqnozlar özünü doğrultmadı.

- 2018-ci ilin yanvar ayından ölkəyə idxal olunan tütün və spirtli içkilərə tətbiq olunan aksiz dərəcəsi artırılacaq. Bəzi iqtisadçılara görə, aksiz dərəcəsinin artırılması qaçaqmalçılığa şərait yaradacaq. O cümlədən yerli və xarici istehsal məhsullarının qiymətini yüksəldəcək. Bu iddia doğrudurmu?

- Aksiz dərəcəsinin artırılması qaçaqmalçılığın çoxalmasına şərait yarada bilməz. Sərhəd və gömrük məntəqələrində həm texniki, həm də təhlükəsizlik baxımdan nəzarət güclüdür. İnanmıram ki, hansısa qruplar qaçaqmalçılığa nail olsunlar. Cəhdlər olsa belə qarşısı qətiyyətlə alınacaq. Ancaq tütün və spirtli içki məmulatlarının qiymətində artım olacağı şübhəsizdir. Hesab edirəm ki, aksiz dərəcəsinin artırılması, ümumiyyətlə, fiskal elementlərin tətbiq olunması hər şeydən əvvəl büdcənin qidalanmasına və formalaşmasına təkan verir.

İsmayıl