Çanaqqala zəfəri Bakıda da qeyd edilsin

Fazil Mustafanın təklifini ictimaiyyət nümayəndələri dəstəkləyir



Bu günlərdə ANS TV-nin "Günəbaxan” verilişində millət vəkili Fazil Mustafa yeni və maraqlı təkliflə çıxış edib. Deputat bəyan edib ki, aprelin 24-nə təsadüf edən Türkiyənin Çanaqqala zəfərinin 100-cü ildönümü Azərbaycanda da rəsmi şəkildə qeyd olunsun.

F.Mustafa təklifi Milli Məclisin növbəti iclasında da səsləndirəcəyini söyləyib: "Bildiyiniz kimi, 24 apreldə qondarma erməni soyqırımının 100 illiyi İrəvanda qeyd olunacaq. 24 aprel günü Türkiyədə də Çanaqqala zəfərinin 100-cü ildönümü bayram ediləcək. Təklif edirəm ki, 24 apreldə Türkiyə ilə birlikdə həmrəyliyimizi nümayiş etdirmək üçün Azərbaycanda da məhz 24 aprel günü Çanaqqala zəfərinin 100 illiyi rəsmi şəkildə qeyd olunsun”. Parlamentari təşəbbüsünü tutarlı arqument və motivasiyalarla əsaslandırıb: "Birincisi, tez-tez qürurla bildiririk ki, bu savaşa könüllü qatılmış yüzlərlə azərbaycanlı şəhid olub, onların ruhunu yad etmək üçün bu bir qədirşünaslıq addımı olardı. Biz 9 mayı da o əsasla bayram edirik ki, Böyük Vətən müharibəsində azərbaycanlılar döyüşüb, şəhid və ya qazi olublar. SSRİ-nin yaşaması üçün fədakarlıq edən bu soydaşlarımızın xatirəsini əziz tutmaq üçün ediriksə, niyə Çanaqqalada öz türk millətimiz üçün döyüşənlərə eyni münasibət bəsləməyək? İkincisi, 24 aprel yalançı erməni soyqırımına qarşı eyni gündə bir türk zəfərini ifadə edən tədbir keçirməyimiz, ciddi bir iradə nümayişi və ermənilərin təbliğatına qarşı bir addım ola bilər. 10-15 min manatlıq fişəng də qoy bu tədbirə getsin, bir saatlıq da atəşfəşanlıq olsun, bununla yoxsullaşmayacağıq ki? Üçüncüsü,

Türkiyədə geniş masştabda Xocalı soyqırımı qeyd olundu və bizimlə möhtəşəm birlik göstərdilər, bizim də eyni həmrəyliyi göstərməyimizin həm dünyaya təbliği, həm də hər iki ölkənin insanlarına müsbət təsiri olar. Hətta yaxşı olardı ki, həmin gün Qars və ya Ərzurumda türk və Azərbaycan hərbi birləşmələrinin birgə hücum tətbiqatı da olsun. Bu təklifin qəbul olunmaması üçün hansısa bəhanə görmürəm. Ümid edək ki, rəsmi səviyyədə anlayışla qarşılanacaq”.

Parlament üzvünün təşəbbüsünü müsbət dəyərləndirən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı "Şərq”ə açıqlamasında vurğulayıb ki, təklifin reallaşması yaxşı hal olardı: "Bir millət, iki dövlətik. Qeyd edim ki, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan görüşdülər. Danışıqlarda qərara aldılar ki, Çanaqqala zəfərinə dair düzənlənəcək tədbiri birgə qeyd etsinlər. R.T.Ərdoğan İ.Əliyevi Türkiyəyə dəvət etdi. Həmin mərasimdə Azərbaycan prezidentinin də iştirakı gözlənilir. Amma zəfərin ölkəmizdə də rəsmi şəkildə qeyd olunması yaxşı hal olar. Heç bir ziyanı yoxdur. Çox gözəl təklifdir”.

"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də deputatın iddiasını təqdir edir: "Bir müddət öncə mən də eyni təkliflə çıxış etmişdim. Hətta status da yazmışdım. "Bir millət, iki dövlətik” deyirik. Fakt odur ki, ermənilərin bütün hiylələri təkcə Türkiyənin deyil, bütün türk dünyasının əleyhinə yönəlib. Separatçıların Anadolunu içəridən parçalamaq və Azərbaycanı bir dövlət olaraq yerindən oynatmaq missiyası göz önündədir. Ortada Xocalı, Çanaqqala və s. şəhidliklər mövcuddur. Bu səbəbdən belə hadisələr barədə keçirilən toplantıların hər iki dövlətdə yüksək səviyyədə qeyd olunması, anılması zəruridir. Və bu şəhidliklərin türk dünyasına xidmət etməsi platforması ortaya gəlməlidir. Təklifi birmənalı şəkildə dəstəkləyirəm. Bunlar dövlətimizin, millətimizin vahidliyinə, ideoloji, siyasi, mənəvi və psixoloji cəhətdən birliyinə xidmət göstərir. Oxşar təşəbbüslər çoxalmalı və dəstəklənməlidir. Çox istərdim ki, dövlət idarəetmə aparatı da belə bir qərarın verilməsinə dəstək versin”.

Ayyət Əhməd