Çanaqqala zəfərinə daha ciddi hazırlaşmaq lazımdır

Tənzilə Rüstəmxanlı: “Əmin olun, nə qədər türk düşməni varsa, 24 aprel günü meydana axışacaq”


Türkiyədə əsas diqqət parlament seçkilərinə yönəlsə də, türk tarixinin şərəfli səhifələrindən olan Çanaqqala zəfərinin 100 illik yubiley törənlərinə də ciddi hazırlıq gedir. Bununla yanaşı, saxta erməni soyqırımı ilə bağlı yüzillik şoulara da hazırlıqlar müşahidə olunur. Məlumat üçün bildirək ki, Çanaqqala zəfərinin yubiley tədbirlərinə ümumilikdə 102 ölkənin rəsmiləri qatılacaq.

Təbii olaraq, Azərbaycan dövlətinin başçısı İlham Əliyev də tədbirlərdə iştirak edəcək. Rusiya prezidenti Vladimir Putin isə həm ermənilərin "soyqırım”ına, həm də Çanaqqala zəfərinin 100 illik yubileyinə qatılacaq. Fransa prezidenti Fransua Olland da qondarma erməni soyqırımının 100 illiyi münasibəti ilə aprelin 24-də İrəvana səfər edəcək. Görünür, "soyqırım” və Çanaqqala törənləri Türkiyənin öz dostunu və düşmənini seçməsi üçün əsas hadisə olacaq. Əsas maraq doğuran məsələ isə bu hadisələrdən hansının dünya ictimaiyyətinin diqqətini daha çox çəkəcəyidir. Bəzi siyasilər isə iddia edirlər ki, ümumiyyətlə, nə qondarma erməni soyqırımı, nə də Çanaqqala zəfərinin yubiley törənləri beynəlxalq aləmin diqqətini cəlb etməyəcək. Çünki aparıcı dünya ölkələrinin başı kifayət qədər ciddi problemlərə qarışıb.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyib ki, dünyanın qarışıq vaxtında bu tipli problemlər Avropa, ABŞ, yaxud Yaxın Şərq ölkələrini qətiyyən maraqlandırmayacaq: "Hər tərəf od tutub yanır. Ukrayna-Rusiya cəbhəsində, Avropanın düz qulağının dibində qanlı döyüşlər gedir. Ərəb ölkələrində, Suriyada, Yəməndə müharibə var. Bunların müqabilində hesab etmirəm ki, Çanaqqala zəfəri, yaxud erməni "genosidi” dünya üçün maraqlı olsun. Dəvətlilər gələcək və iştirak edəcək, ancaq bu, dünyanın diqqətini çəkən, yaxud müqayisə, paralel apara biləcək bir hadisəyə çevrilməyəcək”.

Azərbaycan-Türkiyə Evinin başqanı Tənzilə Rüstəmxanlı isə deyir ki, əgər erməni lobbisi qondarma soyqırım tədbirlərinə ciddi hazırlıq görməsəydi, bu tipli mərasimlər dünya ictimaiyyətinin diqqətini çəkməyə bilərdi. Amma indi vəziyyət başqadır: "Türkiyədəki erməni lobbisi Taksim meydanında 24 aprel gününə 100 min nəfərlik böyük yürüyüş hazırlayır. Onlara Türkiyədəki kürd siyasiləri, PKK-nın siyasi qanadı olan BDP də dəstək verir. Əmin olun, nə qədər türk düşməni varsa, 24 aprel günü meydana axışacaq. Əlbəttə, belə bir olay beynəlxalq medianın diqqət mərkəzində olacaq. Çünki qərəzli Qərb mətbuatı heç vaxt belə bir "imkanı” qaçırmaz. Erməni diasporu da bütün gücünü bu məsələyə yönəldib. Ona görə də Türkiyə Azərbaycanla birlikdə Çanaqqala zəfərinin 100 illik yubileyinə çox ciddi hazırlıq görməlidir. Sadəcə iki-üç kəlmə söz deməklə işimizi bitmiş hesab etməməliyik. Əgər erməni lobbisi meydana yüz min adam çıxarmağı planlaşdırırsa, türk diasporası Çanaqqala zəfərinin ildönümünə daha çox adam səfərbər etməlidir. Zəfər törənləri möhtəşəm olmalıdır ki, dünya mediasının diqqətini çəkə bilsin”.

T.Rüstəmxanlının sözlərinə görə, beynəlxalq ictimaiyyətin daha çox hansı məsələlərə diqqət ayırdığı hamıya bəllidir: "Onlar yalnız görmək istədiklərini görürlər. Guya Qərb dünyası erməni "soyqırım”ının qondarma olduğunu bilmir? 24 aprel "soyqırım” yox, erməni quldur dəstələrinin idarə etdiyi komitələrin bağlandığı gündür. Osmanlı dövlətinin erməniləri köçürmə qanunu isə may ayında çıxıb. Bu tarix bir daha "kütləvi erməni qırğınının” uydurma olduğunu göstərir. Amma təəssüflər olsun ki, dünya mediası sadəcə erməni yalanını gündəmdə saxlamaq istəyir”.

İsmayıl