Canəli Əkbərov:Çörəyi dizlərinin üstündə olan insanlar -Mənsun İbrahimov, Səkinə İsmayılova...




Artıq bir neçə ildir ki, Azərbaycanda Beynəlxalq Muğam Festivalı keçirilir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən "Muğam" televiziya müsabiqəsində seçimlərə yenidən start verilib.

Layihə rəhbəri Nadir Axundov bildirib ki, seçim turu indiyədək Gəncə, İsmayıllıda baş tutub:
"Hazırda seçimlər Bərdədə və sabah isə Ağcəbədidə keçiriləcək. 

Hazırda 300-dən çox iddiaçı var. Bu il İranın Təbriz şəhərindən 6 nəfər də müsabiqədə iştirak edəcək və bu bizə çox xoşdur. Bundan sonra Bakıda 4 günlük dinləmələr olacaq. İyirmilik seçildikdən sonra mart ayında yeni muğam televiziya müsabiqəsi başlayacaq”.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətinin tərkibi olduğu kimi qalıb. Jüriyə Sərdar Fərəcov, Əlibaba Məmmədov, Arif Babayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov və Nadir Axundov daxildir.

Müsabiqənin münsiflər heyətinin tərkibinə Xalq artisti Canəli Əkbərov qatılmaq istəsə də, digər münsiflər bundan imtina edib. Onlar deyiblər ki, Canəli Əkbərov münsif kimi heyətə qatılarsa, onlar burda iştirakdan imtina edəcəklər.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Mənsum İbrahimov deyib ki, biz 5 müsabiqəni keçirmişik. Hazırda 6-cı müsabiqənin seçimlərinə start verilib:

"Mən şəxsən Canəli Əkbərovun münsiflər heyətində təmsil olunmasını istəmirəm. Çünki o adam çox qərəzlidir və hazırkı münsiflər heyətinin hamısı ilə küsülüdür. Canəli Əkbərov heç kimlə yola getmir və əgər kimsə dava-qırğın istəyirsə, qoy o, bu müsabiqəyə qatılsın. Şəxsən, o, bu müsabiqədə iştirak edərsə, mən münsif kimi burada qalmaqdan imtina edəcəyəm. Burada mənim məqsədim muğamımızın inkişafıdır və o isə qərəzli adamdır. Bu adamla yola getmək mümkün deyil. Bu adam ağzına gələni hər yerdə, xüsusən mətbuatda danışır”.

Xalq artisti Səkinə İsmayılova bildirib ki, Canəli Əkbərov heç zaman müsabiqədə iştirak etməyib və bundan sonra da iştirakını istəmir:

"Hazırkı münsiflər heyətində seçimlərdə fikirlərimiz ayrı-ayrı olsa da, sonda biri-birimizi tamamlaya bilirik. Mənə elə gəlir ki, Canəli Əkbərov bunu bizimlə etməyəcək. O adam sağlam bir iş ortaya çıxarmayacaq. Mənə elə gəlir ki, hazırkı heyətlə biz hər şeyin öhdəsindən layiqincə gələ bilirik”.
Xalq artisti Arif Babayev maraqlı mövqe bildirib:

"Vallah, Canəli bizim düşmənimiz deyil. Amma o, bizim işimizə problem yaradır. Bu layihə Mehriban xanım Əliyevanın ərsəyə gətirdiyi proyekt olduğu üçün istəmirik ki, burada söz-söhbət olsun. Mən onu başqa müsabiqələrdə də görmüşəm və daim problem yaradır. Hazırda kollektiv onu istəmir və o cümlədən mən. Nə qədər ona dərs keçəsən? Nə qədər deyəsən ki, bu belə yox, başqa cürdür? Bunu burda demək olmaz. Bu, mümkün deyil. Ona görə bu böyük bir layihə olduğu üçün istəmirik ki, burada skandal olsun. Burada işlər çox gözəl və hər şey qaydasındadır”.

Xalq artisti Əlibaba Məmmədov deyib ki, Canəli Əkbərov müsabiqəyə gələrsə, o da iştirakdan imtina edəcək:

"Mən şəxsən öz adımdan danışıram. Münsif kimi Canəli Əkbərovun orada iştirakının tərəfdarı deyiləm. O, iştirak edərsə, mən bundan imtina edəcəyəm”.

Xalq artisti Sərdar Fərəcov vurğulayıb ki, Canəli Əkbərov bizim hörmətli sənətkarımızdı: 

"Amma müsabiqə kollektivlik sevir və burada təmsil olunan hər bir adam professionallıqdan başqa, biri-birlərinə insani münasibət bəsləyirlər. O adam mətbuatda da öz həmkarları haqqında mənfi fikirlər səsləndirir. Bu adamın dedikləri istər-istəməz ünvanına çatır və hamısı tərəfindən inciklik yaradır”.


Məsələyə aydınlıq gətirmək üçün Xalq artisti Canəli Əkbərovla da əlaqə yaratıq. Sherg.az-a kəskin açıqlama verən Canəli Əkbərov həmkarları barədə danışdı. Onları sərt ittiham edən Xalq artisti «Bu gün mətbuat nümayəndələri bəzi üzdəniraq həmkarlarımın açıqlaması barədə məlumat verdilər. 

Allaha şükr edirəm ki, mənim düşmənlərim tapıldı. İllərlə onların kimliyini axtarmışam. Özləri özlərini tanıtdılar. Adlarını çəkdiyiniz sənətçilərin nə səsləri, nə sənətləri, nə də səviyyələri mənimkindən artıq ola bilər. Maşallah, düşmənlərimin siyahısı da böyük imiş. Mən bu barədə sizin qəzetə eksklüziv açıqlama verəcəm. Onlara sərt cavabım mütləq olacaq. Ancaq bu gün qısa deyim ki, onların çörəyi dizləri üstündə olan insanlardı. Onlar kimdilər ki, mənim münsif olmaq istədiyim müsabiqədə mənə sədd qoysunlar? Qaldı konkret Mənsum İbrahimova, onu Məcnun kimi ilk dəfə səhnəyə hazırlayan mən olmuşam. Görün nə qədər qədir bilməzdir ki, bunu unuda bilib. Mənim iç dünyam reallığa söykənib. Adlarını çəkdiyiniz sənətçilər də mənim haqqımda nə deyiblərsə, demək ki, doğru adamlar deyil. Qaldı Səkinə xanım deyə adını çəkdiyiniz qadına, əgər ona xanım demək olarsa, onu da səhnəyə hazırlayan mən olmuşam. Səkinə ilk dəfə mənimlə səhnəyə çıxıb. Onun ilk məcnunu mən olmuşam. Səhnədə onun əlindən tutan insanı bu qadın tanımırsa, mən ona nə ad verim, bilmirəm? Ayıb olsun. O unudub ki, əli əsə-əsə Leyli kimi səhnəyə çıxanda mən ona dayaq olmuşam. Nə tez unudub? Mənsum kimdir ki, mənim barəmdə fikir söyləməyə cəsarət edib. Mən Xan əminin, Seyid Şuşinskinin tələbəsi olmuşam, bu günümə də öz zəhmətimlə gəlmişəm. Mən məhz «Şərq» qəzetinə adlarını çəkdiyiniz həmkarlarım barədə şok açıqlamaları bu günlərdə verəcəm».

Tahirə Məmmədqızı