Cangüdənlər, repetitorlar, dayələr vergiyə cəlb olunacaqlar

Vüqar Bayramov: “Burada söhbət 4 faizlik verginin ödənməsindən gedir”



Azərbaycanda ustalar, tərcüməçilər və cangüdənlər də sadələşdirilmiş formada vergiyə cəlb ediləcəklər. Vergilər Nazirliyindən verilən məlumata görə, Azərbaycanda vergi bazasının genişləndirilməsi məqsədilə müxtəlif fəaliyyət növləri ilə məşğul olan və xidmətlər göstərən şəxslərin də vergiyə cəlb edilməsi nəzərdə tutulur.

Söhbət indiyədək əsasən qeyri-rəsmi xidmət haqqı alan şəxslərdən gedir. Nazirliyin məlumatında qeyd olunub ki, bura dayələr, repetitorlar, ustalar, ev təmiri və ya avtomobil təmiri ilə məşğul olanlar, tərcümə xidmətləri göstərənlər, cangüdənlər, eləcə də evdən digər fərdi xidmətlər göstərənlər aiddir. Qeyd edək ki, hazırda sadalanan fəaliyyətlə ölkədə 10 minlərlə şəxs məşğul olur. Onların əksəriyyəti vergi uçotunda dayanmayıb və ya gəlirlərini tam açıqlamır. Bir qədər əvvəl Vergilər Nazirliyində keçirilən brifinqdə nazirin 1-ci müavini Natiq Əmirov da bildirmişdi ki, belə şəxslərin vergiyə cəlb edilməsini asanlaşdırmaq üçün onlardan vergi sadələşdirilmiş bir formada toplanacaq.

İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı- alim Vüqar Bayramovun sözlərinə görə, vergi qanunvericiliyində qeyri-rəsmi xidmət haqqı alan şəxslərin vergiyə cəlb olunması məsələsi öz əksini tapıb. Ustaların, cangüdənlərin sadələşdirilmiş verginin subyekti olaraq vergi ödəməsinin gərəkdiyini vurğulayan iqtisadçı deyib ki, burada söhbət 4 faizlik verginin ödənməsindən gedir: "Ancaq aparılan monitorinqlərə istinadən deyə bilərəm ki, usta və digər qeyri-rəsmi xidmət haqqı alan şəxslərin bir qismi vergi ödəyicisi kimi qeydiyyata düşməyiblər. Bu mənada onların gəlirlərindən vergi tutmaq çətindir. Əsas çətinlik isə onların fəaliyyətinin izlənməsi ilə bağlıdır. Amma onların vergiyə cəlb edilməməsi dövlət büdcəsinə olan ödənişlərə təsir göstərir. 2014-cü ildə dövlət büdcəsinə sadələşdirilmiş vergidən 153 milyon manat ödəniş daxil olub. 2015-ci il üçün isə bu rəqəm 143 milyon manat proqnozlaşdırılıb. Bu baxımdan sadələşdirilmiş vergi ödəyicilərinin vergiyə cəlb olunması dövlət büdcəsinə daxil olan vəsaitlərin artmasına gətirib çıxara bilər”.

Ekspertin sözlərinə görə, qeyri-rəsmi xidmət haqqı alan şəxslərin vergiyə cəlb olunması üçün maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac var: "Yuxarıda da dediyim kimi, burada heç də söhbət böyük həcmdə vergi ödənişindən getmir. 4 faizlik sadələşdirilmiş vergi ilə götürdükdə rübdə 2000 manat pul qazanan usta 80 manat vergi ödəməlidir. Amma qeyri-rəsmi xidmət haqqı alan şəxslərin bu barədə məlumatları az olduğuna görə, vergi subyekti kimi qeydiyyatdan keçmirlər. Hesab edirəm ki, ustaların, repetitorların ödənişləri əldən-ələ olduğuna görə, bu sahədə monitorinqlərin aparılmasına və bu tip halların üzə çıxarılmasına ehtiyac var. Bəzi ölkələrdə ustaların vergiyə cəlb edilməsi üçün ən çox tətbiq olunan təcrübə - nağd ödənişlərin ləğv edilməsidir. Bu təcrübənin ölkəmizdə də tətbiqinə ehtiyac var.

Ona görə də ekspert hesab edir ki, bu sahəyə nəzarətin gücləndirilməsinə ehtiyac var. Kiçik məbləğli ödənişlərdə saxlanılmaq şərti ilə böyük məbləğli ödənişlərdə nağd ödənişin ləğvi mexanizminə keçmək lazımdır. Bununla belə prosesin o qədər də asan olacağını zənn etmirəm”. Qeyd edək ki, ekspertin təklifi prosesin 200 manatdan az olan xırda ödənişlərə şamil edilməsi nəzərdə tutulmur.

Şəymən