Çavuşoğlunun açıqlaması Rusiya-Türkiyə münasibətlərini yenidən gərginləşdirəcək ? - Şərh





"Türkiyə və Rusiyanın bir çox ortaq siyasi maraqları olduğundan XİN başçısı Mövlud Çavuşoğlunun bu bəyanatı Moskva və Ankara arasındakı münasibətlərdə soyuqluq yaratmayacaq”

Bu sözləri "Sherg.az”a M.Çavuşoğlunun "Krımın ilhaqını tanımırıq və tanımayacağıq da" iddiasını şərh edərkən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov söyləyib.

Onun qənaətincə, Türkiyə XİN başçısının məlum fikirlərinin Türkiyə-Rusiya münasibətlərinə heç bir təsiri olmayacaq:

"Çünbu ölkələr arasındakı əlaqələr praqmatiq xarakter daşıyır. Bunların arasında sadəcə olaraq, faktiki yaxınlaşma baş verir. Hər iki dövlət ABŞ və Avropa ölkələrinə qarşı demək olar ki, siyasi addımlar atır. Bunun da müəyyən səbəbləri var. 

Düşünürəm ki, həmin səbəbləri açıqlamağa ehtiyac yoxdur. Amma Türkiyənin Ukrayna-Rusiya məsələsində münasibəti bəlli idi. Türkiyə daha əvvəl demişdir ki, Krım yarımadasının ilhaqı ilə razı deyil. 

Yəni, Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıyır. Həmçinin Azərbaycanın özü də bütün beynəlxalq təşkilatlarda və öz bəyanatlarında Ukranyanın ərazi bütövlüyünü tanıdığını bildirir. Bunun özü-özlüyündə bir siyasətdir. 

Demək olar ki, siyasi bir prioritetdir. Düşünmürəm ki, bu məsələdə tərəflər arasında fikir ayrılığı olsun. Hər bir ölkənin öz siyasi prioritetləri olmalıdır. Bu da Türkiyənin öz xarici siyasət istiqamətləridir. Bunların Türkiyə-Rusiya münasibətlərinə bir mənfi təsirinin olduğunu düşünmürəm.”

Qeyd edək ki, Rusiyanın Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin sədri Konstantin Kosaçev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Krımla bağlı verdiyi bəyanatı şərh edib. O vurğulayıb ki, bu, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasına imkan yaratmayacaq. Xatırladaq ki, Mövlud Çavuşoğlu ukraynalı həmkarı Pavel Klimkin və Krım tatarlarının dəvəti ilə qatıldığı iftar mərasimində çıxışı zamanı Krımın ilhaqını tanımadıqlarını və tanımayacaqlarını bildirib. O, Türkiyənin hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edib.

Kənan Eynuroğlu