Çayxanada 42 vəhhabi saxlanıldı: biri Qamət Süleymanovun müavinidir

Həbs olunan radikallarla bağlı cinayət işi başlandı
Ötən gecə Bakının Yasamal rayonunda xüsusi xidmət orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri sayəsində radikal islamçılarla bağlı olmaqda şübhəli bilinən 42 nəfər saxlanılıb.
MTN tərəfindən saxlanılan radikallar daha sonra polisə təhvil verilib.
Məlum olub ki, xüsusi xidmət əməkdaşları M.Seydiov küçəsi, 13 ünvanında yerləşən və Fərzəliyev adlı birinə məxsus olan "Farklı Lahmacun” adlı kafe-çayxanada əməliyyat keçiriblər. Həmin vaxt kafedə 40-dan çox adam olub və onlar dini xarakterli tədbir keçirirmiş. Toplaşanlar arasında yetkinlik yaşına çatmayan iki şəxs də olub.
Saxlanılanların Yasamal Rayon Polis İdarəsinə təhvil verildiyi bildirilir. Kafedən dini xarakterli ədəbiyyat da götürülüb. Xəbər verilir ki, tutulanlardan bir neçəsinə qarşı CM-in 168.2 maddəsi üzrə cinayət işi qaldırılıb. Hələlik onlardan üçünün adı məlumdur. Bunlar Zaqatala rayon sakinləri Adil Məmməd oğlu Rəcəbov, Kamran Eldar oğlu və Bakı sakini Zaur Əhəd oğlu Şabanovdur.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, "Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı "vəhabi” təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb. Saxlanılanların arasında "Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var.
Daxili İşlər Nazilriyi Bakıda tutulan radikal dindarlarla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yasamal rayon Prokurorluğu,Milli Təhlükəsizlik Nazirliyinin Rayon İdarəsi və Polis İdarəsinin əməkdaşları oktyabrın 22-də saat 21 radələrində Yavər Fərzəliyevə məxsus "Farklı Lahmacun” çay evində əməliyyat tədbiri keçiriblər.
Nəticədə çay evinin zirzəmisində qanunvericiliklə müəyyən edilməmiş qaydada təşkil olunan dini yığıncaqda iştirak edən, aralarında azyaşlılar da olmaqla 42 nəfər saxlanılıb.
Həmin ünvana baxış zamanı dini nifrət aşılayan və dözümsüzlüyü təbliğ edən müxtəlif məzmunlu kitablar və digər növ ədəbiyyat aşkar edilərək götürülüb.
Qanunsuz yığıncağın təşkilatçıları - Zaqatala rayon sakinləri Kamran Mustafayev, Adil Rəcəbov və Bakı şəhər sakini Zaur Şabanov şübhəli şəxs qismində saxlanılıb və barələrində Cinayət Məcəlləsinin 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını qəsb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Digər iştirakçılar haqqında isə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.