Cəlilabadda taxıl sahələrində baş vermiş yanğın söndürülüb




Cəlilabad rayonunda bir neçə yerli sakinə məxsus taxıl sahələrində baş vermiş yanğın söndürülüb.

"Report"un məlumatına görə, yanğın hadisəsi yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsi yaxınlığında baş verib. Yanğın FHN-nin Cəlilabad Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvələri cəlb edilərək söndürülüb. Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğın nəticəsində 1 hektar biçilməmiş, 1 hektar biçilmiş taxıl sahəsi yanıb. Həmçinin yarım hektar ərazidə də kol-kos yanıb.

Yanğından zərəçəkənlərin "Report"un yerli bürosuna verdikləri məlumata görə, yanğın nəticəsində onların noxud sahələrinə də ziyan dəyib.

Yanğının siqaret kötüyündən baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.