"Cənub Qaz Dəhlizi" layihəsi dünyanın ən böyük qaz ixracı layihələrindən biridir”.
Bunu "Sherg.az”a Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng beynəlxalq layihə - "Cənub Qaz Dəhlizi" haqqında danışarkən millət vəkili Tahir Mirkişili deyib.
Deputat vurğulayıb ki, "Şahdəniz” yatağından hasil olunan qaz və həmçinin onun həcmi, o cümlədən bu yatağın özü dünyada ən böyük qaz ehtiyatlarına sahib olan yataqlardan biridir:
"Bu baxımdan, Xəzərin qaz ehtiyatlarının Avropaya çatdırılması həm region, həm də Azərbaycan üçün iqtisadi və geosiyasi əhəmiyyət daşısa da, Avropa İttifaqının özü üçün enerji təhlükəsizliyinin təmin edilməsində, rəqabətli qiymət əldə etməkdə həyati əhəmiyyət kəsb edir. Çünki məhz Avropanın cənub və cənub-şərq hissəsindəki ölkələrə Azərbaycan qazını çatdırmağı nəzərdə tutan" Cənub Qaz Dəhlizi" layihəsi bu ölkələrin qazla təmin olunmasında mühüm bir önəm kəsb edəcəkdir.
Layihənin Azərbaycan və Gürcüstan ərazisindən keçən Cənubi Qafqaz boru kəməri layihəsi tam icra olunmuş vəziyyətdədir. Türkiyə ərazisindən keçən TANAP layihəsinin də önümüzdəki ay işə düşəcəyi ilə bağlı məlumatlar verilib. O cümlədən, qısa müddətdən sonra TAP layihəsinin işə düşməsi ilə mavi yanacağın 2020-ci ildə artıq Avropa bazarlarına çatdırılması nəzərdə tutulur”.
T.Mirkişilinin sözlərinə görə, layihə elə planlaşdırılıb ki, boru kəmərləri sonradan öz ixrac həcmini iki dəfəyə yaxın artıra biləcəklər:" "Cənub Qaz Dəhlizi" layihəsi vasitəsilə ilə ilkin olaraq, 16 milyard kubmetrdən çox qazın ixrac olunması nəzərdə tutulur. Daha sonra isə boru kəmərləri ilə ixrac olunan qazın həcminin illik 30 mlrd kubmetrə çatdırılması planlaşdırılır. Avropa İttifaqının cənub və cənub-şərq ölkələrinin illik tələbatı hazırda 30 milyard kubmetrə yaxındır. Qeyd edilən ölkələr üzrə 2025-ci ildə tələbatın 44 milyard, 2030-cu ildə isə 50 milyard kubmetr olacağı proqnozlaşdırılır ki, bu da əslində Azərbaycan qazı üçün iqtisadi cəhətdən böyük bazarın açılması deməkdir.
Düşünürəm ki, ölkə prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan "Cənub Qaz Dəhlizi" layihəsinin uğurlu tamamlanması Azərbaycanın nüfuzunun, iqtisadi imkanlarının, həm dövlət başçısının siyasi nüfuzunun, həm də Azərbaycan-Avropa İttifaqı, Azərbaycan-Gürcüstan-Türkiyə arasında yüksək əməkdaşlığın bariz nümunəsidir”.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.
Aysel Aslan