"Cənub Qaz Dəhlizi ölkəmizə dayanıqlı gəlir gətirəcək" - Deputat






"Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın neft strategiyası çox uğurlu mərhələsinə qədəm qoyub”.

Bunu "Sherg.az”a bu gün açılış mərasimi baş tutan Cənub Qaz Dəhlizinin region və Azərbaycan üçün əhəmiyyətindən danışarkən millət vəkili Aydın Hüseynov deyib. 

O vurğulayıb ki, prezident İlham Əliyevin siyasi qətiyyətinin nəticəsində reallaşan Cənub Qaz Dəhlizi layihəsi ölkə iqtisadiyyatına dayanıqlı gəlir gətirəcək:

"Bununla yanaşı, qaz kəmərinin məhz ölkəmizdə reallaşması Azərbaycanın siyasi nüfuzunun yüksək olduğunun göstəricisidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində birmənalı olaraq mühüm rol oynayacaq. Bu, ölkəmizin qüdrətini artırmaqla yanaşı, Azərbaycanın regiondakı nüfuzuna müsbət istiqamət verir”.

A.Hüseynov diqqətə çatdırıb ki, bu gün keçirilən Cənub Qaz Dəhlizinin açılış mərasimi Azərbaycanın Ermənistana və populist çıxışlarla öz xalqını aldadan Nikol Paşinyana dərs oldu:

"Bu gün ölkəmiz qlobal layihələrdə iştirak edir, bəzilərinin hətta müəllifidir. Bu, Azərbaycanın siyasi nüfuzunun yüksək olduğunu sübut edir. Layihə nəticəsində dövlətimizin həm Avropa ölkələri, həm də regiondakı dövlətlərlə münasibətləri genişlənəcək”.

Qeyd edək ki, açılış mərasimi Səngəçal terminalında baş tutub və Azərbaycan prezidenti İlham Əliyev tədbirdə iştirak edir.  Məlumat üçün bildirək ki, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

Aysel Aslan