
Cərimə məsələsində heç bir yenilik yoxdur
“Apteçka”ların təbliğatını aparan işbazlar külli miqdarda vəsait qazandılar”

Son günlər mediada və sosial şəbəkələrdə avtomobillərdə dərman qutularının olmamasına görə xüsusi reyd keçiriləcəyi və "apteçka”sı olmayanların kütləvi şəkildə cəzalandırılacağı barədə məlumatlar yayılıb. Hətta tələb olunan dərman vasitələrinin də siyahısı yayımlanıb. Və bu siyahı sürücülərin ciddi etirazına səbəb olub. Onlar siyahıdakı dərmanların çoxluğundan gileylənirlər.
Bununla yanaşı, məlum siyahını sosial şəbəkələrdə paylaşıb, gülüş obyektinə çevirənlər də az deyil. Məsələn, istifadəçilərdən biri sözügedən siyahını paylaşaraq qeyd edib ki, bu qədər dərmanı alıb maşına qoyacağıqsa, birdəfəlik maşının üstünə "103” də yazdıraq, xalqın sağlamlığının keşiyində duraq, yardıma tələsək. Digər bir istifadəçi isə yazır ki, gərək onda avtomobildə həmin dərmanlardan istifadə qaydalarını bilən həkim və yaxud tibb bacısı da gəzdirək. Bir sözlə, məlum qərar ictimaiyyətdə birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı bir sıra ekspertlərin rəyini öyrəndik. "Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov "Şərq” açıqlamasında bu məsələnin dərman qutularının satışı ilə məşğul olan işbazlar tərəfindən süni şəkildə gündəmə gətirildiyini deyib: "Bu məsələdə mediadan çox məharətlə istifadə etdilər. Əslində dərman qutusunun avtomobillərdə olması qaydaları ilə bağlı, cərimə məsələsində heç bir yenilik yoxdur. İşbazlar media vasitəsilə ajiotaj yaradıb külli miqdarda satış etdilər. Məndə olan məlumata görə, 20 gün öncə 5 manata olan və heç kimin almadığı dərman qutusu bu gün 40 manata satılıb. Bu, sadəcə çox yaxşı hazırlanmış piar kampaniyası idi və mediadan da necə oldusa, məharətlə istifadə etdilər. İlk məlumatın hardan çıxdığı da bəllidir. Məqsədli şəkildə də sosial şəbəkəyə atıb orada yaydılar”.
Ekspert yayılan dərmanların siyahısının da mötəbər olmadığını bildirdi: "Siyahıya da şübhəm var. Çünki o siyahı Səhiyyə Nazirliyinə aid rəsmi mənbəyə istinadən yayımlanmayıb”.
Ə.Hüseynov diqqətə çatdırıb ki, 2016-cı il başlayandan sonra yol polisi tərəfindən heç bir xüsusi reyd keçirilməyib: "Tam məsuliyyətlə deyirəm ki, heç bir reyd keçirilməyib. Xüsusi reyddən söhbət gedə bilməz. Dərman qutusunun avtomobildə olmamasına görə 3 manatdan 5 manatadək cərimə nəzərdə tutulur. "Apteçka”da nəzərdə tutulan dərmanlardan biri də olmasa, yenə də cərimə düşür. Təklif olunub ki, bu cərimə 10 manat olsun. O da əgər qəbul olunarsa, may ayının 1-dən qüvvəyə minəcək. Hələ bu təklif qəbul edilməyib”.
Həmsöhbətimiz bildirib ki, yanğın əleyhinə olan balonlara görə cərimə olunması da süni ajiotajın nəticəsi idi: "Çünki qanunvericilikdə bununla bağlı boşluq var. Yanğın təhlükəsizliyi ilə bağlı tələbləri yoxlamaq və cərimə yazmaq Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti Xidmətinə aiddir. Dövlət yol polisinin bununla bağlı heç bir səlahiyyəti yoxdur, heç protokol da yaza bilməz. Fövqəladə Hallar Nazirliyinin də postda, yolda avtomobili saxlatdırmaq səlahiyyəti yoxdur. Beləliklə, bu cəriməni sürücüyə tətbiq etmək mümkünsüz olur. Bu da qanundakı problemdən qaynaqlanır”.
Müsahibimizin fikrincə, qəza dayanma nişanının da avtomobildə olması məcburidir: "Lakin buna görə də qanunvericilikdə cəza nəzərdə tutulmayıb”.
Nəqliyyat üzrə digər ekspert, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı qeyd edib ki, "apteçka” hər bir avtomobildə olmalıdır. Çünki bu, ilk növbədə qanunun tələbidir: "Digər tərəfdən sürücülərin və sərnişinlərin sağlamlığı, təhlükəsizliyi üçün vacibdir. Qanuna görə, "apteçka”sı olmayan maşının sürücüsü 3-5 manat cərimə edilə bilər. Amma elə 10-20 manat verib hər bir vasitə ilə təmin olunan dərman qutusu almaq olar. Bəziləri deyir bu dərmanları alandan sonra avtomobilim təcili yardım maşınına oxşayır və sair. Bu, təbii ki, zarafatdır”.
Ekspert bəyan edib ki, bu məsələdə yol polisini qınayanları anlamır: "Qanun tələb edirsə ki, maşında "apteçka” olmalıdır, yol polisi nə etsin? Yol polisi qanunun icrasına nəzarət edir və haqlı olaraq da sürücülərdən "apteçka” tələb edir. Düzdür, cəriməsi az olduğu üçün çox vaxt "apteçka”ya görə, sürücüyə cərimə yazılmır. Amma ötən aya kimi 100 avtomaşından 70-də "apteçka” yox idi. Son bir ayda yayılan şayiələrdən qorxan sürücülərin əksəriyyəti "apteçka” və digər avadanlıqları alıblar. İşbazlar da bundan istifadə edib, qiyməti qaldırdılar, amma sürücülər onu vaxtında alsaydılar, baha qiymətlə rastlaşmazdılar. Belə çıxır ki, sürücülər öz təhlükəsizliyinə görə deyil, cərimədən qorxub o vasitələri alıb, maşına qoyurlar. Belə yanaşma doğru deyil”.
E.Muradlının qənaətincə, sürücü ilkin tibbi yardım qaydalarını bilməlidir: "Bilməyənlər özlərinə haqq qazandırmağa çalışır. Amma heç də haqlı deyillər. Bəs vaxtında sürücülük vəsiqəsi alanda sürücülük kursuna getməyəndə, başqa vasitələrlə vəsiqə alanda bilmirdilər ki, bir gün elə vəziyyət yaranacaq ki, çətinlik çəkəcəklər? Bunu əllərində bayraq tutmasınlar. Ayıbdır. Sadəcə, o vasitələri alıb avtomobillərinə qoysunlar. Həm özləri üçün, həm də maşında olan sərnişinlər üçün vacibdir. İnanın ki, bəzən qəzalarda insan ölümü kiçik tibbi müdaxilə edilmədiyinə görə baş verir. Maşında "apteçka” və sürücünün ilkin tibbi müdaxilə ilə bağlı bilgisi olsa, çox insanın həyatını xilas etmək mümkün olar. Ən elementarı qanaxmanın qarşısını almaqdır. Bunu təbliğ etmək lazımdır. Yol polisi çoxlu savadsız sürücü olduğunu nəzərə alaraq, KİV-də odsöndürən balondan, dərman qutusundakı dərmanlardan istifadə qaydalarına dair maarifləndirici materiallar yaymalıdır. Bizə dəstək göstərsələr, bu işi DYP ilə birlikdə həyata keçirə bilərik. Sadəcə dəstəyimiz yoxdur deyə təkbaşına nəyə gücümüz çatır, onu da edirik”.
Ayyət Əhməd