“Payızda keçiriləcək parlament seçkilərinə qədər müəyyən hadisələr yaşana bilər”
Çevriliş gözlənilmir, amma...
Gürcüstanda siyasi hərarət daha da yüksələcək
“Payızda keçiriləcək parlament seçkilərinə qədər müəyyən hadisələr yaşana bilər”
“Payızda keçiriləcək parlament seçkilərinə qədər müəyyən hadisələr yaşana bilər”
Mayın 12-də Gürcüstan güc strukturlarının "Bassiani” və "Qalerei” gecə klublarında həyata keçirdiyi xüsusi əməliyyat Tbilisidə etirazlara səbəb olub. Parlament binası qarşısına yığışan aksiya iştirakçıları mərkəzi Rustaveli prospektini bağlayıblar. Onlar hökumət rəsmiləri ilə görüş tələb ediblər.
Batumi və Kutaisi şəhərlərindən də aksiyaya qatılanlar olub. Aksiyanın keçirildiyi yerə yaxın əraziyə xüsusi təyinatlılardan ibarət qrup cəlb olunub.
Sosial şəbəkələrdə istifadəçilər tərəfindən şəhərin mərkəzi küçələrində su şırnağı texnikasının əks olunduğu fotoşəkillər yayılıb.
Aksiyanın təşkilatçılarından olan "Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili baş nazir Giorgi Kvirikaşvili sükutu pozub ictimaiyyət qarşısında bəyanatla çıxış etməyə çağırıb. B.Tsikarişvili deyib ki, baş nazir mövqeyini açıqlamasa, onun və daxili işlər nazirinin istefası ilə bağlı tələbləri davam edəcək.
Bu vəziyyət müxtəlif beynəlxalq ekspert cəmiyyətində geniş müzakirələrə səbəb olub.
Ekspertlərin fikrincə, ermənilərin pis nümunəsi gürcülərə də mənfi təsir göstərib, digərləri isə düşünür ki, Gürcüstanda "məxməri” də olsa, inqilab qoxusu hiss olunmur.
Rusiyalı bloger və siyasi icmalçı Denis Korkodinovun sözlərinə görə, Gürcüstan dövlət çevrilişinə hazırlaşır: "Gürcüstan parlamentinin qarşısına minlərlə insan toplaşaraq hazırkı rəsmi şəxslərə etiraz edirlər. Aksiya iştirakçılarının əsas tələbi ölkənin baş naziri və daxili işlər nazirinin istefasıdır.
Dövlət orqanları gənclərin etirazları qarşısında öz gücünü itirir. Tbilisiyə daxili qoşunlar yeridilir. Güc strukturları etirazçıların parlamentə hücum edərək dövlət çevrilişi həyata keçirə bilməsini istisna etmir”.
Gürcüstanın özündə isə etirazlara soyuqqanlı yanaşılır. Politoloq Qela Vasadzenin sözlərinə görə, dövlət çevrilişindən söhbət gedə bilməz: "Orada mindən çox etirazçı yoxdur. Onların da çoxu gənclərdir. Baş nazirin etiraz məsələsinə gəlincə, bunu toplaşanlar deyib, tribunadan səsləndirilməyib”.
Vasadze qeyd edib ki, bütün bu çaxnaşmalar sadəcə daxildəki vəziyyətlə mübarizə üçündür:
"Qanunlara əməl etmək lazımdır. O zaman gənclər də sakitləşəcək. Gənclərə azad Gürcüstan lazımdır. Azadlıq isə qanunun aliliyindən başlayır”.
Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Azər Süleymanovun sözlərinə görə, Gürcüstana külli miqdarda narkotikin gətirilməsinə icazə verilib. Bundan sonra bir neçə ölüm halı qeydə alınıb. Artıq barlarda reydlər başlanılır və xırda narkotik alverçiləri tutulur”. Deputat hesab edir ki, dövlət narkotikin kimlər tərəfindən ölkəyə gətirilməsinə nəzarət etməlidir:
"Gürcüstanın əsas gəlir mənbəyi turizmdir. Gecə barlarını bağlayıb, orada reydlər keçirməklə, xırda narkotik alverçilərini tutmaqla, məsələ kökündən həll olunan deyil. Aksiyalarda bəziləri bildirir ki, dövlət bu insanlara qarşı getməklə heç nəyə nail olmayacaq. Çünki 10 minlərlə insan işsiz qalıb. Dövlət onlar haqqında düşünməlidir. Sərhədlərdə mühafizəni gücləndirmək lazımdır ki, narkotikləri ölkəyə kimlərin gətirdiyi bilinsin. İnsanları barlarda yoxlamaqla, tutmaqla heç nə əldə olunmayacaq”.
A.Süleymanov, həmçinin aksiyaçılara dəstək vermədiyini bildirib:
"Bəziləri narkotikin ölkədə leqallaşmasının tərəfdarıdır. Bunun hamısı dövlətin zəif idarəçiliyindən irəli gəlir. Mən həmişə bunun əleyhinə olmuşam. "Avropa, Avropa...” deməklə deyil, bu işlərin hamısına tam hazır deyilik. Avropanın bəzi yerlərində bunun açıq satışına icazə verilsə də, Gürcüstan buna hazır deyil. Burada xeyli insan işsizdir.
Aksiya iştirakçıları dövlət qarşısında müəyyən tələblər qoyurlar. Tələblər yerinə yetirilməsə, bir neçə gündən sonra aksiyalar davam edəcək. Əslində onların tələbinin nə olduğu da başa düşülmür. Çünki başsız aksiyadır, rəhbər yoxdur. Nəzərə almaq lazımdır ki, Gürcüstanın 20 faizi işğal altındadır. Gənclər bu barədə düşünmürlər. Narkotikin leqallaşdırılması ilə bağlı fikirlər var idi. Bu, heç də sevindirici hal deyil”.
Respublikaçı Alternativ (REAL) Partiyasının icraçı katibi Natiq Cəfərli isə Tbilisidə baş verənlərə belə yanaşıb: "Son günlər Tiflisdə baş verən hadisələri "narkotik inqilabı” kimi qələmə verənlər var, amma məsələ daha dərindir. Saakaşvilini çox tənqid etmək olar, amma onun komandası məhz sistemi dəyişdi, son 15 ildə Gürcüstanda tamam yeni, özgür, heç bir avtoritetləri qəbul etməyən nəsil yetişdi. Həmin insanlar azad yaşamağı hər şeydən üstün tuturlar, amma azadlıq heç də xaos, hər şey edə bilmək azadlığı deyil, artıq hamının bildiyi ifadədə olduğu kimi, "sənin azadlığın başqasının azadlığının başladığı yerdə bitir”.
N.Cəfərlinin sözlərinə görə, Tiflisdə baş verənlərin əsas səbəbi polisin atdığı sərt addımlardır, polis isə son 15 ildə Gürcüstanda ən güvənilən quruma çevrilib, əhalinin 86 faizinin ən çox güvəndiyi orqan məhz polis strukturlarıdır:
"Son reydlər zamanı polis bəzi şəxslərə qarşı aşırı güc tətbiq edib, aralarında narkotik aludəçiləri, narkotik satanlar da olub, amma adi vətəndaşlar da bundan zərər görüb. Uman yerdən (polisdən) küsən gənclər etiraza qalxıb. Onlar son 15 ildə başqa polis görüblər, başqa polisə öyrəşiblər, güvəniblər, indi birdən-birə polis zorakılığı ilə qarşılaşanda buna ciddi etiraz bildiriblər.
Gürcüstanda inqilab olan deyil, çünki inqilabları puça çıxardan sistem var - seçki var, institutlar var, sivil toplum var, media var, hökumətin hesabatlılığı var, maksimum DİN-də həmin əməliyyata cavabdeh şəxslər istefaya gedəcəklər, bununla da məsələ bağlanacaq. Küçə inqilabları həmişə, hər yerdə o zaman baş verir ki, xalqın böyük kəsimi seçki institutuna inanmır, bu mexanizm tam sıradan çıxarılır - məhz bu zaman inqilablar, küçə çevrilişləri qaçılmaz olur”.
"Atlas” Araşdırmalar Mərkəzinin sədri sədri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Gürcüstanda baş verənlər gecə klublarında keçirilən xüsusi əməliyyatlara etiraz kimi başlasa da, bir anda aksiyanın rəngi dəyişdi və Tiflisin mərkəzinə kütlənin axını başladı:
"Xatırlayırsınızsa, Ermənistandakı proseslər də eyni ilə bu cür başladı. Bir ay bundan əvvəl heç kəs inanmazdı ki, ictimaiyyətə adı bir o qədər də məlum olmayan millət vəkili Nikol Paşinyan 2-3 min nəfərlə Serj Sarkisyanı devirib, hakimiyyətə gələcək. Ancaq proseslərin sonrakı gedişatı Ermənistanda hakimiyyət çevrilişi ilə nəticələndi. Düzdür, Gürcüstanda da həmin proseslər baş verəcək demirəm, amma payızda keçiriləcək parlament seçkilərinə qədər müəyyən hadisələr yaşana bilər. Bilirsiniz ki, Ukraynaya yolu bağlanan Mixeil Saakaşvili yenidən Gürcüstana qayıtmaq istəyir. Onun qayıtması üçün də Vətəndaş Həmrəyliyi Partiyasının seçkilərdə qələbə çalması mütləqdir. Gürcüstanda siyasi hərarət artmasa, VHP-nin şansı çox az olacaq”.
E.Şahinoğlunun sözlərinə görə, hazırda Gürcüstanda baş verən etiraz aksiyaları Saakaşvilinin və onun partiyasının birbaşa idarəsi altında olmasa da, aksiyaların irəliləməsində maraqlıdırlar. Əhalidəki sosial narazılığı da nəzərə alsaq, aksiyaların miqyasının genişlənməsi istisna deyil:
"Ancaq konkret Saakaşvilinin hakimiyyətə gəlməsi üçün Ermənistandakına bənzər çevriliş olmalı və hakimiyyət istefaya getməlidir. Bu isə indiki şərtlərdə real görünmür. Ancaq bu aksiyalar davam edərək ölkədə siyasi hərarəti qaldırsa, parlament seçkilərində VHP-nin qalib gəlməsi ehtimalı var”.
Şəymən