Ceyms Uorlik ancaq “tvit”lərdə yaşayır

QARA BAĞ amerikalı həmsədrin gözlərini bağlayıb
AŞ PA məruzəçisi Robert Volterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzənin qəbul edilməsi maraqlı mənzərə yaradıb. Məruzənin qəbulu faktiki olaraq Qarabağ münaqişəsinin ədalətli həllinə əngəl törədən qüvvələri gün üzünə çıxarıb. Xatırladaq ki, sənəd gündəmə gələn ilk andan etibarən işğalçı Ermənistanda hiddət doğurub.
Ermənilər hətta məruzəçinin Ermənistana və separatçı bölgəyə səfərinə imkan verməyiblər. Onlar Volteri azərbaycanpərəst, türkpərəst adlandıraraq, ümumiyyətlə, onun hazırlayacağı hesabatın obyektiv olmayacağını iddia ediblər. Lakin ermənilərin bütün canfəşanlığı boşa çıxıb. Məruzə komitədə 24 səs lehinə, 14 səs əleyhinə olmaqla qəbul edilib. Üstəlik, Azərbaycan tərəfinin məruzəyə təklif etdiyi 3 düzəliş də sənədə salınıb. Təbii olaraq məruzənin qəbul olunması Ermənistanda ciddi narahatlıq yaradıb. Düşmən ölkənin siyasiləri bunu Bakının diplomatik uğuru saymaqla yanaşı, Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin istefasını da tələb ediblər.
Minsk Qrupunun ermənipərəst həmsədrləri...
Əlbəttə, ermənilərin təşvişə düşməsi normal haldır. Amma ən maraqlısı ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin eyniylə düşmənlərimiz kimi əndişə keçirməsi olub. Məntiqə görə, amerikalı vasitəçi beynəlxalq hüquqa söykənən belə sənədə sevinməli idi. Ancaq həmsədr "problemlə Minsk Qrupu məşğul olur” deməklə AŞ PA sənədinin əhəmiyyətinə kölgə saldı və özünün "twitter” səhifəsində absurd, ermənipərəst bir status yazdı: "AŞ PA və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağ konfliktinə dair hansısa məruzə və ya qətnaməni müzakirə eləməzdən öncə Minsk Qrupu həmsədrləri ilə məsləhətləşməlidirlər”. Aydın görünür ki, 23 ildir problemin həllinə nail ola bilməyən həmsədrlər Qarabağ məsələsini hələ daha bir neçə il öz inhisarlarında saxlamaq istəyirlər. Təbii olaraq Uorlikin ermənipərəst yanaşması Azərbaycan tərəfinin haqlı və sərt etirazına səbəb olub. XİN yaydığı açıqlamada deyib ki, həmsədrlər tərəfindən münaqişənin həlli yönündə hansısa cüzi irəliləyişə belə nail olunmadığı halda Ceyms Uorlikin münaqişənin həlli ilə əlaqədar digər təşkilatlara məsləhət və ya tövsiyə verməyə əsası və haqqı yoxdur: "İndiyədək Minsk Qrupunun həmsədrləri tərəfindən həyata keçirilən fəaliyyətin mahiyyəti sıfıra bərabərdir. Bunun müqabilində münaqişənin həllinə töhfə verməyə çalışan digər beynəlxalq qurumların mənasız fəaliyyətlə məşğul olan Minsk Qrupunun həmsədrləri ilə məsləhətləşməsinə heç bir lüzum görülmür”. XİN onu da əlavə edib ki, Minsk Qrupunun bu cür yarıtmaz fəaliyyəti hər bir vəchlə işğalçılıq siyasətini davam etdirmək və mövcud status-kvonu saxlamaq siyasəti güdən Ermənistanın maraqlarına xidmət edir: "Ceyms Uorlikin də Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinə xidmət edən bu planın tərkib elementi olması istisna deyil”.
Ceyms Uorlik nə işlə məşğuldur?
Ceyms Uorlik 2013-cü ildə Minsk Qrupunda təcrübəli amerikalı diplomat, Balkan sülh razılaşmasının memarlarından biri olan, ancaq Qarabağ nizamlanmasında heç bir ciddi performans ortaya qoya bilməyən Robert Bradtkeni əvəz edib. Uorlik ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi olub. 2009-2012-ci illərdə ABŞ-ın Bolqarıstandakı səfiri işləyib. Dövlət katibinin beynəlxalq təşkilatlarla iş üzrə birinci köməkçisi olub. 2005-2006-cı illərdə Dövlət Departamentinin Avropa təhlükəsizliyi və siyasi məsələlər İdarəsinin direktoru vəzifəsini icra edib. Lakin ATƏT-in Minsk Qrupunun həmişə aşağı olan faydalı iş əmsalı Ceyms Uorlik bu quruma həmsədr təyin olunandan sonra tamamilə sıfıra düşüb. Həmin müddət ərzində münaqişənin həllinə doğru heç bir addım atılmayıb, yeni ideya irəli sürülməyib. Əvəzində Uorlik tvitterdə "fırtına” qoparmağa başlayıb. Sanki Qarabağ mövzusu onun üçün bir əyləncə, maraq, hobbi predmetidir. Yaşanan hər ciddi hadisədən sonra amerikalı diplomat dərhal bir neçə qeyri-ciddi "tvit” paylaşır: "Filan yerdəyəm, filankəslə görüşdüm, çox narahat oldum” və s. Bəzən Uorlik tvitterdəki səhifəsində elə suallar verir ki, Minsk Qrupu həmsədrinin belə şeyləri soruşmasının özü gülməli alınır. O, tez-tez müxtəlif formalarda təkrarladığı "tvit”lərdə soruşur ki, "niyə Qarabağda sülh əldə oluna bilmir?”. Cavab aydındır: - çünki vasitəçilər münaqişənin həlli istiqamətində real addımlar atmaqdansa, lazımsız işlərlə məşğul olurlar. Konkret olaraq onlardan biri loqotipi quş olan tvitterdə "diplomatik quşbazlıqla” məşğuldur. Prosesə xeyir verməyən "tvit”lər paylaşır. Ancaq məsələ bununla da bitmir. Uorlik öz "tvit”lərində çox vaxt açıq şəkildə tərəf tutduğunu büruzə verir və ermənipərəst mövqe nümayiş etdirir.
Uorlik son bəyanatı ilə Ermənistana "narahat olma” mesajını verir...
Minsk qrupunun həmsədri Ceyms Uorlikin fikirlərinə münasibət bildirən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Uorlik və Minsk Qrupunun digər həmsədrləri dünyada və beynəlxalq təşkilatlarda gedən proseslərlə özləri maraqlanmalıdır: "Onlar 20 ildə heç bir effekt verməyən məsələləri müzakirə etməkdən imtina etməli, reallıqları görməlidir. Həmsədrlər dünyadakı beynəlxalq təşkilatlarda gedən proseslərdən agah olmalıdırlar. AŞ PA-nın qətnaməsi göstərdi ki, Minsk Qrupunun fəaliyyəti zəifdir və qənaətbəxş deyil”.
Politoloq Mübariz Əhmədoğlu da bildirib ki, Ceyms Uorlik əksər hallarda ermənipərəst bəyanatlar verir: "Beynəlxalq aləm, güclü dövlətlər Ermənistanın etdiklərinə şərikdir. İşğalçı ilə işğala məruz qalanı bərabərləşdirməyə ehtiyac yoxdur. Onsuz da Uorlik son dövrlərdə yaxşı bəyanatlar vermir. Lakin indi verdiyi bəyanatla Ermənistana "narahat olma” demək istəyir”. M.Əhmədoğlu hesab edir ki, həmsədr ABŞ-dakı erməni diasporunun maraqlarına uyğun bəyanatlar səsləndirir: "Həmsədrlərin belə danışığına görə, ermənilər ruhlanır”.
İsmayıl